Siyasət 

Prezident: Torpaqlar əldən gedir, Ali Baş Komandanı qaçır, bu, fərarilik deyil, nədir?

“Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, – mən antimilli şuranı nəzərdə tuturam, – bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır”.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində deyib.

Prezident bildirib ki, Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik ediblər:

“Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür.

Ölkə başçısı vurğulayıb ki, bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır:

“Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır”.

Daha çox xəbərlər