Azərbaycanda koronavirus UŞAQLARA TOXUNMAĞA BAŞLAYIB – ŞOK AÇIQLAMA
Əvvəl koronavirusun uşaqlarla işi yox idi. Uşaqlar yoluxsa da ağırlaşmırdı, çox yüngül keçirirdi, əksəri simptomsuz olurdu. Aparılan təcrubələrdə onların yoluxucu olmasının da əhəmiyyətsiz olduğu isbatlanmışdı. Bu dalğada isə koronavirus uşaqlara da toxunmağa başlayıb. İlk öncə deyim ki dərhal panikaya düşməyək. Əlbəttə uşaqlar ən həssas yerimizdir. Nəyə diqqət etməliyik?
ARANTV.AZ Sonxeber.az-a istinadən bildirir ki, bunu pediatr Aytən İsmayılzadə bildirib:
“Pediatr olaraq təcrübəmi sizinlə bölüşməliyəm. Son iki həftədə qəbul etdiyim uşaqlar arasında 5 nəfəri Covid-19 ağırlaşması ilə daxil oldu. Onlarda 5 gün ərzində hərarət çox yüksək 39-40, çox halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib-gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150- 350-dən yuxarı( norma 5-ə kimi) , EÇS 60-80 ( norma 5-15)leykositlər 20000 civarında, neytrofilyoz göründü.
Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarında da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq. Həm də bu virus mutasiyaya uğrayıb, əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə kovid infeksiyasına yoluxan, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa məsələn dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin.
Amma uşaqlara antiviral dərmanları verə bilmərik. Çunki favipiravir uşaq orqanizmi uçun ağırdı, arbidol isə virus üçün zəifdir. İzləyəcəyik, kim virusu necə keçirir. Hər kəs artıq sağaldı dediyimizdə bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxmasi məhz onun ağırlaşması ola bilər. Koronavirus immuniteti çox yoran, tükəndirən bir gücə malikdir. İmmunitet zəiflədiyində, əlbəttə bakteriyalar aktivləşməsi baş verəcək. Koviddə, bu proses sürətlə baş verir. Mutləq CRP və qan ümumi analizini verin. CRP yəni C reaktiv protein bədəndə iltihabın səviyyəsini göstərir. Qan ümumi dəyərlərini həkiminiz təhlil etməlidir. Yəni evdə kovid olduğu halda uşaqda olan yüksək hərarəti digər virus infeksiyaları kimi üç gün gözləmədən araşdırmalıyıq.
Baş verən ağırlaşma əslində sadəcə bakterial aktivləşmə ilə bağlı olmur. Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir. Bir kovid pozitiv uşaqda bir həftə sonra poliserozit görüldü və xəstəxanaya yatırıldı. Poliserozit yəni döş qəfəsi, qarın boşluğu seroz qişalarindan maye ifrazı artımıdır. USM müayinədə qarın boşluğunda, plevral boşluqda maye yığılması müşahidə edildi. Yəqin ki, bu hal böyrək yumaqcıqlarının virus ilə zədələnməsi səbəbindən nefrotik sindrom inkişafı ilə bağlı oldu.
Uşaqlarda kovid ağırlaşması ilə görülən halsızlıq sadəcə kefsizlik deyil, uşaq qolunu qaldırmaqda belə çətinlik çəkir və bu halsızlıq ishal qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur.
Qan dəyərləri, döş qəfəsi rentgeni, lazım olarsa Exo-kq, Usm müayinəsindən sonra kimin evdə, kimin xəstəxana şəraitində müalicəsinə qərar verilir. Geniş spektrli antibiotik təyinindən sonra hərarətin tədricən düşməsi, limfa düyünlərində ağrının şişkinliyin, gözlərdə qızartının azalması yaxşılaşma əlamətidir. Halsızlıq, iştahsızlıq daha sonra düzələn əlamətlərdir. Ürək, böyrək zədələnməsi olduqda xəstəxana şəraitində steroidlər, immunoqlobulin və s ilə müalicə həyata keçirilir.
Nəticəmiz budur :
– Uşaqlar da ağırlaşa bilir
– ağırlaşma yoluxmadan bir həftə, on gün sonra da baş verə bilir
– evdə kovid xəstəsi varsa, uşaq yoluxmuşdur
– xəstə olan ” onsuz da bir evdəyik”, desə də izolə olunsa və maska taxsa yaxşı olar.
– ağırlaşma olmasın deyə verəcəyimiz bir dərman yoxdur
– analiz və müayinələri vaxtında etmək lazımdır
– müayinəsiz müalicə ilə vaxt itirə bilərik
– proqnoz hələki yaxşıdır”.

