Sosial 

Şuşa bütün regionun mədəni paytaxtına çevriləcək

Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi nəticəsində rəşadətli Azərbaycan Ordusu 30 illik Ermənistan təcavüzünə birdəfəlik son qoydu. Uzun illərdir erməni işğalı altında qalan əzəli torpaqlarımız düşmən tapdağından azad edildi. İndi isə işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs gəlməsinin vaxtıdır. Bu məqsəd ilə bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Təəssüflə deyə bilərik ki, Ermənistan təkcə işğalçılıq siyasəti həyata keçirməyib, eyni zamanda, işğal altında olan ərazilərimizdə vandallıq və barbarlıq edərək bütün maddi və mənəvi obyektləri dağıdıb və sıradan çıxarıb. Hətta Qarabağın incisi olan Şuşanın da erməni vandalları tərəfindən dağıdıldığının bütün dünya şahidi oldu.

Prezident İlham Əliyevin yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi də bütün dünyaya bir mesaj idi. Ölkə başçısı bildirdi ki, Şuşa şəhəri buna layiqdir: “Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Göründüyü kimi, ölkə başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Şuşa şəhəri mübaliğəsiz Azərbaycan mədəniyyətinin beşiyidir. Bu şəhər bir çox Azərbaycan ziyalılarının, o cümlədən şairlərin, yazıçıların evi olmuşdur. Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və görkəmli opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Xurşudbanu Natəvanın evi erməni təcavüzkarları tərəfindən yandırılmışdır. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir. Azərbaycan mədəniyyəti həm Şərqin qədimliyini, həm də Qərbin müasirliyini özündə ehtiva edən mədəniyyət nümunəsidir. Şuşa isə Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşada Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması isə böyük əhəmiyyətə malikdir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbə ilə bitən Zəfərimizin də artıq rəmzidir. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Şuşanın mədəniyyət paytaxtı elan edilməsində digər vacib məqam ermənilərə verilən cavabdır. Bildiyimiz kimi, onlar Şuşanı “Şuşi” kimi təqdim edərək şəhərin erməni mədəniyyətinin tərkib hissəsi olduğunu iddia edirdilər. Bu istiqamətdə xaricdə davamlı təbliğatlar aparırdılar, az da olsa müəyyən şəxsləri inandırmağa nail olmuşdular. Guya bu tarixi şəhərimiz erməni ərazisi sayılır. Cənab Prezident məlum qərarı qəbul etməklə, xüsusən də xarici auditoriyaya bu istiqamətdə mesaj vermiş oldu. Yəni, o mənada ki, Şuşa Azərbaycanın tarixi ərazisi olub və bundan sonra da belə olacaq. Qarabağın gözü sayılan Şuşa ölkəmizin ayrılmaz hissəsidir və Vətənimizin mədəniyyət beşiyi olaraq qalacaq.

Ölkə başçısı bu qətiyyətli addımı ilə həm də açıq mesaj vermiş oldu ki, bu möhtəşəm şəhər bundan sonra da Azərbaycanın ayrılmaz hissəsi olacaq, mədəniyyətimizin paytaxtı qalacaq. Bütün dünya ölkələri də bilməlidirlər ki, Şuşanın Azərbaycan tarixində, mədəniyyətində xüsusi yeri və önəmi var bu ərazilərin Ermənistanla heç bir əlaqəsi yoxdur.

Artıq Şuşanın müharibədən sonra bərpası prosesinə başlanıldığının, orada müəyyən işlər aparıldığının və bir neçə istiqamətdə araşdırmalar getdiyinin də şahidi oluruq. Belə ki, Heydər Əliyev Fondu vasitəsilə şəhərdə xarici ekspertlərin də cəlb olunması ilə tarixi abidələrin bərpası işlərinə başlanılıb. Bu tədbirlər xüsusi əhəmiyyət daşıyır. Yəni, millət öz mədəniyyəti, tarixi, dilə münasibəti, mənəviyyatı ilə tanınır. Bir millətin formalaşmasında onun dəyərləri, mədəniyyəti xüsusi rol oynayır. Bu baxımdan biz Qarabağı, Şuşa kimi mühüm əhəmiyyətə malik tarixi şəhərimizi azad etməklə özümüzün bütövlüyümüzü təmin etdik. Bununla da Şuşanın bizim üçün çox dəyərli və önəmli olduğunu bütün dünyaya nümayiş etdiririk.

Mənsumə Babayeva, “İki sahil”

Daha çox xəbərlər