Tərxis olunan əsgərlər BU PAYLAŞIMA görə məsuliyyətə cəlb OLUNA BİLƏR
“Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlərlə bağlı videolar paylaşılır. Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı, düşmənlərimizin maraqlarına xidmət edir”.
Bu barədə “Report”a Müdafiyə Nazirliyindən bildirilib.
“Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.
Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazirliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib.
Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar”, – nazirlikdən qeyd olunub.
Məsələ ilə bağlı Sonxeber.az-a hərbi ekspert Ramil Məmmədli danışıb:
“Bununla bağlı inzibati tənbeh halı ola bilər. Əgər hər hansı əməliyyat məxfilik daşıyırsa, həmin qulluqçu əməliyyatın məxfi olduğunu bilirsə və bu tip məlumatları yayırsa, o halda onu xidmət etdiyi qoşun növünün nizamnaməsi daxilində məsuliyyət gözləyir”.
Həmin məsuliyyət ola bilsin məhkəmə predmeti, ola bilsin cəza olsun.
Məxfilik predmeti halı varsa, bu zaman məsuliyyət də var, yoxdursa, məsələ fərqli formada tənbeh halında əksini tapır. Mülkü həyatda cəza tədbirləri hansı formada həyata keçirilirsə, bu da eynən belə qaydada həyata keçirilir”.

