Sosial 

Akademik: Tək Azərbaycanın yox, bütün dünyanın Nizami Gəncəviyə ehtiyacı var

“Dünyamiqyaslı, dünyanın böyük söz sənətkarları Homerdən başlamış Şekspirə qədər bütün böyük söz sənətkarlarının adı çəkiləndə biz görə bilərik ki, Nizami Gəncəvinin adı mütləq orda ən şərəfli yerdədir.”

Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı akademik Nizami Cəfərov demişdir. O bildirmişdir ki, ona görə də bu ilin “Nizami İli” elan olunması çox böyük hadisədir: “Azərbaycan Prezidenti bunun nə qədər əhəmiyyətli olduğunu öz çıxışında qısaca olaraq göstərdi. Həm də qeyd olundu ki, Azərbaycanda Nizami Gəncəvi yaradıcılığına dövlət səviyyəsində, ictimai-siyasi səviyyədə diqqət həmişə yüksək olub.”

Deputat qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələn zaman “Literaturnaya qazeta”ya verdiyi müsahibəsinin başlığının Nizami Gəncəvinin “Qoy ədalət zəfər çalsın!” sözləri ilə qoyulması da təsadüfi deyil: “Nizami Gəncəvinin bu ideyası Azərbaycan xalqına və dövlətçiliyimizə hər zaman lazım olub. Biz ötən ilin sonlarında da gördük ki, Azərbaycan mütəşəkkil və güclü olub bir yumruq kimi birləşəndə onun ədaləti zəfər çalır. Bu, bizim Nizami Gəncəviyə olan ehtiramımız, ulu əcdadımızın bizə verdiyi o nəsihətin xeyridir ki, biz də bundan bəhrələndik və Ali Baş Komandanımızın və şanlı Ordumuzun sayəsində 44 günlük Vətən müharibəsini zəfərlə başa vurduq.”

Akademik onu da vurğulayıb ki, Azərbaycanda olduğu kimi, eyni zamanda Oksfordda da bizim hörmətli akademikimiz Nərgiz xanım Paşayevanın rəhbərliyi ilə Nizami Gəncəvi adına Azərbaycan və Qafqaz Araşdırmalar Mərkəzi illərdir ki, çox böyük uğurla fəaliyyət göstərir: “Mən bir neçə dəfə orada keçirilən tədbirlərdə iştirakım zamanı Mərkəzin istər rəhbərliyinin, istərsə də alim və mütəxəssislərinin o Mərkəzə nə qədər hörmət və ehtiramla yanaşdığının şahidi olmuşam.

Azərbaycanda N.Gəncəvinin yaradıcılığı ilə bağlı tədqiqat işləri davam edir. Bərdədə genişmiqyaslı arxeoloji araşdırmalar aparılır. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərindən sonra həmin ərazilərimizdə də tədqiqat işləri genişləndiriləcək. Biz bu il Nizami Gəncəvi yaradıcılığını, onun humanist ideyalarını dərindən dərk edib mənimsəyəcəyik. Biz Nizami Gəncəvini, onun yaradıcılığını yenidən daha geniş şəkildə bütün dünyaya təbliğ edəcəyik.  Çünki tək Azərbaycanın yox, bütün dünyanın Nizamiyə ehtiyacı var.”

Daha çox xəbərlər