Neft hasilatının azaldılması neftin qiymətinin sabitləşməsini təmin edəcək
ARANTV.AZ xəbər verir ki, neft hasilatının azaldılması ilə bağlı OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin beşinci görüşündə qəbul edilən qərar dünya bazarında neftin qiymətinin sabitləşməsini təmin edəcək. Azərbaycan da bu qərarın qəbulunda iştirak edib və hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.
Bir neçə gün əvvəl Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı,- OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin beçinci görüşündə hasilatın azaldılması ilə bağlı verilən qərar beynəlxalq bazarda qiymətlərin sabitləşməsinə hesablanıb. Qərara əsasən, yanvar ayından neft hasilatını OPEC üzvləri 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaq öhdəliyini öz üzərinə götürüb. Dünya neft bazarının nizamlanması prosesinə dəstək məqsədilə Azərbaycan da sazişə qoşulub. Energetika naziri Pərviz Şahbazovun fikrincə, neft bazarına yeganə dəstəyi OPEC üzvləri ilə yanaşı, kartelə üzv olmayan ölkələr də verə bilər. Qəbul edilən qərar ümumilikdə neft bazarı və sənayesinin inkişafı üçün mühüm addımdır.
Qeyd edək ki, oktyabr ayında gündəlik neft hasilatı 783 min barrel olan Azərbaycan müvafiq hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Bu isə o deməkdir ki, Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barrel həcmində saxlamalıdır. Ümumilikdə isə neft neft ixrac edən ölkələr birlikdə hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə edib.

