Cəmiyyət 

Şəhid atası Prezidentə yazır: Siz Azərbaycanın şərəfini, qürurunu, ləyaqətini özünə qaytardınız

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc və qürur hissləri ifadə olunan məktublarda dövlətimizin başçısına minnətdarlıq bildirilir, zəfər təbrikləri çatdırılır.

ARANTV.AZ həmin məktubların daha birini təqdim edir.

Vəzir Qasımovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən Vətən müharibəsinin şəhidi, 1995-ci il təvəllüdlü Şəhriyar Qasımovun atasıyam.

Oğlum Şəhriyar Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması uğrunda aparılan müharibəyə könüllü getmiş və ön cəbhədə düşməni məhv etmək üçün hücuma keçən hərbi hissənin tərkibində döyüşlərə qatılmışdır. Döyüş yoldaşlarının danışdıqlarına və dövlətimizin qiymətləndirməsinə əsasən, tam qətiyyətlə deyə bilərəm ki, oğlum qəhrəmancasına vuruşmuş və arzuladığı şəhidlik zirvəsinə ucalmışdır.

Bu şərəfli yolu tutmuş Şəhriyar Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət göstərdiyinə görə Sizin tərəfinizdən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Qəlbində sonsuz Azərbaycan sevgisi olan Şəhriyar hələ orta məktəbdə oxuduğu dövrdən yaxın əhatəsində Qarabağ uğrunda döyüşlərdə iştirak etməyi və Vətən uğrunda şəhid olmağı arzuladığını bildirirdi. Azərbaycan bayrağının aşiqi idi. Həqiqi hərbi xidmətdə olduğu dövrdə də Şəhriyar könüllü olaraq ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmişdir. Şəhriyarın Vətən sevgisi yolu nəhayət Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etməsi ilə yekunlaşdı. Bu gün Şəhriyardan ata-anasına, bacısına və əzizlərinə heç vaxt unudulmayacaq övlad acısı, amma eyni zamanda şərəfli ad və qürur hissi qaldı.

Mən Şəhriyarın bütün əzizləri adından Sizin tərəfinizdən oğlumun “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etməsini çox yüksək qiymətləndirirəm və buna görə Sizə çox minnətdarıq ki, balamızın adını əbədiləşdirmisiniz.

Biz çox minnətdarıq ki, hər gün bizim qayğılarımızla maraqlanır, övladımızın xatirəsinin əziz tutulması üçün mümkün olan hər şey edilir.

Möhtərəm cənab Prezident!

Mən çox qürurluyam ki, Sizin Ali Baş Komandanlığınızla torpaqlarımızın azad olunmasını gördüm, Azərbaycan tarixinin ən şərəfli dövrünün şahidi oldum. Siz Azərbaycanın şərəfini, qürurunu, ləyaqətini özünə qaytardınız. Çox xoşbəxtəm ki, yeganə oğul övladım Şəhriyar da bu şərəfli tarixin xalqımıza yaşadılmasında bilavasitə, qanı-canı ilə iştirak etmişdir. Qarabağımız, xüsusilə Şuşa azadlığına qovuşanda təskinlik tapdım ki, balamın ruhu da rahatlıq tapacaqdır.

Müzəffər Ali Baş Komandan!

Əmin ola bilərsiniz ki, mən də, Şəhriyarın digər əzizləri də hər zaman Sizin əmrinizlə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırıq. Allah Sizi və ailənizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Daha çox xəbərlər