Qəhrəmanlarımızı tanıyaq: Şəhid baş leytenant Amin Gülməmmədov
ARANTV.AZ “Qəhrəmanlarımızı tanıyaq” rubrikası ilə paylaşımlar edir.
Rubrikaların birində şəhid baş leytenant Amin Mais oğlu Gülməmmədovdan bəhs olunub.
44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də baş leytenant Amin Mais oğlu Gülməmmədovdur.
Qəhrəmanımız Amin Gülməmmədov 1995-ci ilin iyulun 31-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olub. Şəhid baş leytenant Amin Gülməmmədov orta məktəbi bitirdikdən sonra Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə tahsil alıb. Oranı bitirdikdən sonra hərbi təhsilini davam etdirmək üçün Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
Yüksək hərbi biliklərə yiyələnən şəhid Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib.
Füzulidən-Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərib.
Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub və şəhidlik məqamına yüksəlib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Amin Mais oğlu Gülməmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Şəhidin bibisi oğlu Nüsrət Məmmədov Amin Gülməmmədov haqqında fikirlərini bölüşüb: “Əsgərləri Amini səmimi münasibətinə görə daha çox istəyirdilər. Hətta hərbi xidməti bitirən əsgərləri ilə də daim əlaqə saxlayırdı. Səmimiliyi ilə qohumların, bütün kənd sakinlərinin sevgisini qazanmışdı.”
Qeyd edək ki, Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn olunub.
Ruhu şad olsun!











