Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi bu ecazkar şəhərdə erməni silahlıları tərəfindən məhv edilmiş bütün tarixi, memarlıq abidələri və müqəddəs dini inanc yerləri tezliklə bərpa ediləcək
Şuşa… hər dəfə bu ad gələndə ürəyimiz sızlayırdı. 28 ildən çox idi ki, Şuşa bizim əlçatmaz xəyallarımızın ünvanına çevrilmişdi. Ölkəmizin gələcəyini Şuşasız, Qarabağsız təsəvvür edə bilməsək də, onun düşməndən xilas edilməsinin çox çətin olduğunu da anlayırdıq. Məsələnin həlli üçün aparılan danışıqlar prosesində yaxından “iştirak edən” bəzi dövlətlərin mövqeyi, aqressiv və təcavüzkar Ermənistanın işğalçılıq siyasətini daha da dərinləşdirmək niyyətlərinin fonunda bəziləri Şuşaya qovuşmağın xəyal olduğunu vurğulayırdılar. Onların fikrincə, Şuşa barədə ümidlərimiz puç, ona qovuşmağımız isə mümkün olmaya bilər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyindəki qüdrətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də məhz bəzilərinin ehtimal belə etmədiklərini reallığa çevirdi – Qafqazın qədim mədəniyyət mərkəzi, Azərbaycanın incisi Şuşa şəhərini düşməndən azad etdi. Dövlətimizin başçısı Şuşanın işğaldan azad edildiyi müjdəsini xalqımıza çatdırdığı an bütün azərbaycanlıların necə sevindiklərini ifadə etməyə söz tapmaq çətindir. Və 2021-ci ilin 15 yanvarı… Qalib Sərkərdə – Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Şuşaya tarixi səfəri… 8 noyabr 2020-ci ildən sonra dilbər Şuşamıza yenidən qovuşduğumuz, yenidən sahibləndiyimiz gün! Çox qürurverici hadisədir. Azərbaycan xalqının hər bir nümayəndəsi tərəfindən Xilaskar, Qalib Sərkərdə adlandırılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qədəm qoyması və oradakı çıxışları zamanı dünyaya çatdırdığı mesajların hər biri Azərbaycan dövlətinin gücünü, qüvvətini bir daha ortaya qoyur.
“Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Kiçik Paris” adlandırılan Şuşa şəhəri hər zaman strateji, siyasi, iqtisadi və mədəni əhəmiyyətə malik bir bölgəmiz kimi qiymətləndirilib. Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin olub. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir. Ümumiyyətlə, Şuşada 549 qədim yaşayış binası, 17 məhəllə, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə və s. olub. Buradakı tarixi-dini mədəniyyət abidələrindən biri də Yuxarı Gövhərağa məscidi və ya Şuşa cümə məscididir. Bu, şəhərin mərkəzi meydanında tikilmiş ən qədim məsciddir.
Yuxarı Gövhərağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Məscidin inşası dörd mərhələdə həyata keçirilib. İlk məscid (I mərhələdə) Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel, təxminən 1850-ci ildə inşa edilib. Bu, xanlığın mərkəzinin Şahbulaq qalasından Şuşaya köçürülməsi ilə bağlı olub. İkinci məscid İbrahimxəlil xanın dövründə qamış məscidin yerində daşdan inşa edilib (1768-1769). XIX əsrin birinci yarısında Gövhər ağanın maddi köməyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilib. Bu məscid ikimərtəbəli, mərkəzi günbəzli və qoşa minarələrə malik idi. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu məscidi inşa edilib. Dördüncü məscidin müəllifi məşhur Kərbəlayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin dekoru və otaqların divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənib. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətlərinə görə sələfindən (3-cü məsciddən) kəskin şəkildə fərqlənir. Məscidə gözəllik verən fərqlərdən biri də kərpiclə hörülmüş minarələrin səthinin qabarıq lentlərlə üç hissəyə bölünməsi və rəngli daşlarla bəzədilməsidir.
Qeyd edək ki, erməni silahlı qüvvələrinin Şuşanı işğalı nəticəsində Yuxarı Gövhərağa məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülmüş, əvəzində erməni dilində “Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə vurulmuşdu. Təmir-bərpa işləri bəhanəsi ilə ermənilər Yuxarı Gövhərağa məscidinin daxili interyerini dəyişib və bundan sonra abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürmüşdülər. Lakin bütün bunlara baxmayaraq, dördüncü məscid dövrümüzə qədər gəlib çata bilmişdir.
Xüsusi vurğulamalıyıq ki, özü bütövlükdə böyük bir abidə olan Şuşa şəhəri də ermənilər tərəfindən qəddarlıqla dağıdılmışdır. 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 24 tarixi abidə viran edilmişdir. Burada mövcud olmuş və Azərbaycana aid olan bütün tarixi, mədəni, memarlıq abidələri və müqəddəs dini inanc yerləri erməni silahlıları tərəfindən məhv edilmişdir.
Müharibədən cəmi iki ay vaxt keçməsinə baxmayaraq, Azərbaycan dövləti artıq böyük quruculuq işlərinə start verib. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası üçün Baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək.

