Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi keçirilib
ARANTV.AZ xəbər verir ki, Telavi şəhərində Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olub. Yeni Prezident əlini Gürcüstan konstitusiyasının üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyinə, insanların hüquq və azadlıqlarını qoruyacağına, ölkənin demokratik inkişafına sadiq qalacağına and içib.
İki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox xarici qonağın iştirak etdiyi mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Oqtay Əsədov Gürcüstanın yeni prezidentini təbrik edib, gürcü xalqına xoşbəxtlik və firavanlıq arzulayıb.
Azərbaycan parlamentinin sədri deyib: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etmək bizim üçün vacibdir. Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Gürcüstanda ilk qadın prezident seçilib və bu, olduqca vacibdir. Burada olmağımızdan məmnunluq və fəxr hissi keçiririk”.
O.Əsədov Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirdiyini qeyd edib. Bildirib ki, ötən il Gürcüstan ilə Avropa İttifaqı arasında vizasız rejim qüvvəyə minib və bu, böyük nailiyyətdir.

