Siyasət 

Biz onların daha pis gününü görəcəyik ŞƏRH

Əziz Əlibəyli: Ermənistan daxilində müharibə tərəfdarları ilə hakimiyyətdə olan siyasi qüvvə arasında qarşıdurma davam edəcək

 

“Ermənistan daxilində siyasi sabitsizlik ümumiyyətlə davam etməlidir. Çünki bu İkinci Qarabağ müharibəsinin nəticələrinə görə, baş verməsi zəruri olan məsələ və optimal olaydır. Bu baxımdan da İrəvanda  hər dəqiqə həmin o partlayış baş verməsinin şahidi oluruq.  Hətta son günlər İrəvanda baş nazirin istefasını tələb edən etirazçılarla polis arasında çox ciddi qarşıdurmalar baş verdi. Əsas  məqsəd isə hökumət binasını ələ keçirmək idi.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli söyləyib.

Ə.Əlibəyli bildirib ki, Paşinyanın əleyhdarları nəinki onu hakimiyyətdən devirmək istəyir. Hazırda onun kimliyi, azad yaşamasına qarşı belə, çox radikal çıxışlar var. Söhbət onun fiziki məhvindən, öldürülməsindən gedir. Əslində, qeyri-qanuni şəkildə etiraz edən şəxslərin başında dayanan adam Paşinyanın siyasi rəqibidir. Baxın, bu adamın şəxsiyyətinə – ”Birləşmiş Ermənistan” partiyasının sədri Vahan Badasyan. Siyasi mübarizə çərçivəsindən  kənara çıxan Badasyan Paşinyanı ölümlə hədələyərək onun məhv edilməsini istədiyini deyib: “Paşinyan yalnız məğlubiyyətin simvolu olduğu üçün yox, həm də düşmən olduğu üçün aradan qaldırılmalıdır”. Əslində, orada hətta kiçikçaplı vətəndaş qarşıdurması, vətəndaş müharibəsi deyə adlandırılan proseslər daha da genişlənəcək. Bu gün Badasyan Paşinyanı ölümlə hədələyirsə, sabah yəqin ki, başqa təhdidlər və xəbərlər də eşidəcəyik. Çünki bu praktika onlara tanışdı. Xatırladım ki, 1999-cu ildə Ermənistan parlamentinə baş nazir və parlament sədrinin öldürülməsi ilə müşahidə edilən hadisələrin şahidi olmuşuq .”

Ə.Əlibəyli qeyd edib ki, Qarabağ müharibəsində uduzmuş “Qarabağ klanı”nın siyasi qalıntıları da Paşinyanın əleyhinə ciddi şəkildə təşkilatlanmaqdadırlar: “Bu günlərdə sabiq prezident Robert Koçaryanın seçkilərə qatılmaq arzusu da məhz növbəti prosesdə onun artıq Paşinyana əsas rəqib ola biləcəyinin siqnallarını verir. Bu mübarizədə isə  ictimaiyyətdən dəstək qazanmaü üçün Ermənistanın məğlubiyyətindən istifadə edirlər. Ona görə də bu cür məsələlər Ermənistanda siyasi sabitliyin əldə edilməsinə ən böyük maneə kimi qalmaqda davam edəcək. Yəni, biz onların daha pis gününü görəcəyik. Bütün yaşananlar isə sadəcə bir başlanğıcdır.”

Ekspert  əlavə edib ki, məğlubiyyətdən sonrakı bu ölkənin siyasi arxitekturasında maraqlı proseslər baş verir: “Bildiyiniz kimi, bu ölkənin hazırkı hakimiyyəti  Qərbdən maliyyələşən hansısa fondlardan asılıdır. Onlar Rusiya əleyhinə fəaliyyət göstərdiyindən Ermənistanın mövcud hakimiyyətini də anti-Rusiya ruhunda fəaliyyətə sövq eləmişdilər. Amma görürsünüz ki, Rusiya böyük dövlət, Ermənistan isə onun vassalıdır. Bu baxımdan, yanaşanda ikitərəfli maraqlara oynayan mövcud erməni hakimiyyəti çox ciddi şəkildə çətinliklər qarşısında qalır.”

Əziz Əlibəyli vurğulayıb ki, bu proseslər təkcə Paşinyanın hakimiyyəti itirmək qorxusu ilə müşahidə edilmir . Digər tərəfi də ondan ibarətdir ki, Paşinyan hakimiyyətinin vaxtilə dediyi demokratik dəyərlər, azad seçki kimi məsələlər arxa plana atılır: “Hazırda Paşinyan tərəfindən bütövlükdə hakimiyyət  qollarının qəsb edilməsi prosesinə paralel şəkildə  siyasi rəqiblərə divan tutulması mərhələsi davam etməkdədir. Ona görə də Ermənistanda siyasi  arxitekturanı  artıq  növbəti dəfə  Rusiyasız yaxud Qərbin iştirakı olmadan görmək mümkün deyil. Bunlar bir-birilə toqquşma şəraitindədirlər və üstəgəl Azərbaycana məğlub olması onları üçtərəfli təzyiq altında  saxlayır.  Bu isı getdikcə daha artıq toqquşma mühiti yaradır.”

Həmsöhbətimiz Paşinyanın siyasi düşüncələri ilə bağlı da fikirlərini bölüşdü: “Ermənistan baş nazirinin müxalifətə baxışı radikaldır. Baxmayaraq ki, bir müddət öncə onların nümayəndələrini qəbul etmişdi. Paşinyan üçün qırmızı xətt hakimiyyətdə qalması şərtidir. Əgər, bu şərt yerinə yetirilmirsə, onda Paşinyanın hakimiyyətini qorumaq üçün müqavimət göstərməsi və hər yola əl atması mümkündür. İndi görürsünüz nələr baş verir. Bir müddət öncə küçələrdə Ermənistan baş nazirini xəyanətdə günahlandıran əks-siyasi cəbhədə çox böyük bir  etiraz bumu yaşanırdı. Onlar media vasitələrində Paşinyan əleyhinə hər cür informasiyalar tirajlayırdılar. Müxalifətçilər meydanlara axışmaq istədilər, amma əhali tərəfindən dəstək görmədilər. Çünki anlayırdılar ki, müharibənin davam edəcəyi təqdirdə Ermənistan indiki resursları ilə yenə də məğlub olacaqdı. Müharibədən əvvəl yol verdiyi səhvləri növbəti dəfə Paşinyan hakimiyyəti etmək istəməz. Çünki bu, onun üçün öldürücü mərhələ ola bilərdi. Onu da qeyd edim ki, baş nazir postuna müxalifətdən əsas namizəd kimi adı hallanan Vazgen Manukyan ötən ilin noyabr ayından etibarən hakimiyyət uğrunda mübarizə aparır. Amma mövcud siyasi perspektivdə bu, mümkün olmadı. Belə görünür ki, bütün tərəflər üçün Paşinyan tipli siyasətçi ilə işləmək daha rahatdır. Bununla yanaşı Ermənistan daxilində müharibə tərəfdarları ilə hakimiyyətdə olan siyasi qüvvə arasında qarşıdurma davam edəcək.

Daha çox xəbərlər