Cəmiyyət 

Müəllimi olimpiada sualına cavab vermədiyinə görə qınamaq olmaz – RƏY + VİDEO

Hər bir fənn üzrə üç-beş müəllimin yüksək nəticə göstərməsi yaxşı haldır.

ARANTV.AZ-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev müəllimlərin imtahan nəticələri ilə bağlı cəmiyyətdə yaranan fikirlərə münasibət bildirərkən bildirib.

Onun sözlərinə görə, həmin imtahanda müəllimlərə olimpiada sualları verilib:

“Bu suallara cavab verənlərinin sayının az olması normaldır. Hər bir imtahanın məqsədindən asılı olaraq suallar təşkil edilir. Bu imtahanda məqsəd beynəlxalq olimpiadalara hazırlıq üçün istedadı olan müəllimləri müəyyən etmək idi. Bu olimpiadalarda xüsusi çətin suallar olur. Ötən il dünya səviyyəsində riyaziyyat üzrə olimpiadada cəmi iki şagird yüksək nəticə göstərmişdi.

Ondan əvvəlki ildə yüksək nəticə göstərən olmamışdı. Bizim məqsədimiz də məktəblərdə bu standarta uyğun müəllimlərin qrantlar vasitəsilə hazırlığını təmin etməkdir. Təkcə Bakıda deyil, region məktəblərinin şagirdlərinin də olimpiadaya göndərilməsinə çalışırıq. Bizim əvvəldən gözləntimiz heç olmazda 12 bu cür müəllimi müəyyən etmək idi”.

Şöbə müdiri qeyd edib ki, hər bir fənn üzrə üç-beş müəllimin yüksək nəticə göstərməsi yaxşı haldır:

“Bu imtahanda fizika üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri Neftçalanın Xıllı qəsəbəsindən idi. Heç biz bilmirdik ki, həmijn qəsəbədə bizim belə müəllimimiz var. Bu imtahanda müəllimin  30-40 faiz nəticə göstərməsi onun respublika fənn olimpiadası üçün şagird hazırlamasına imkan verir.

Bizim üçün bu, əla xəbərdir. Məktəb müəllimini olimpiada suallarına cavab vermədiyinə görə qınamaq doğru deyil. Bəzən optika sahəsi üzrə olimpiada elə sual düşür ki, heç alimlər bunu dəqiq bilmir”.

oxu.az

Daha çox xəbərlər