Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd ediblər
ARANTV.AZ xəbər verir ki, Pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu – Milad bayramını qeyd ediblər. Bayram münasibəti ilə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.
Azərbaycanın pravoslav xristian icması da Milad bayramını təntənə ilə qeyd edib. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Müxtəlif dinlərin nümayəndələri əsrlər boyu Azərbaycanda dinc şəkildə qarşılıqlı anlaşma şəraitində yaşayır, öz adət-ənənələrini sərbəst şəkildə icra edirlər. Ölkəmizdə heç vaxt milli və irqi zəmində ayrı-seçkilik, dini dözümsüzlük olmadığından, digər konfessiyaların nümayəndələri kimi, xristianlar da cəmiyyətimizin tamhüquqlu üzvü olaraq öz bayramlarını istədikləri kimi keçirirlər. Məhz bu səbəbdən yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludu bayramı münasibəti ilə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi, bu il də pravoslav xristian icmasına Milad bayramı münasibətilə təbrik edib. Müasir dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycan Respublikası yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi cəmiyyətə malikdir. Tarixən müxtəlif dinlər və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində vahid ailə kimi yaşadığı Azərbaycanda pravoslavlıq say etibarilə ən böyük xristian konfessiyasıdır. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan pravoslav xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində fəal iştirak edir, dinlərarası əməkdaşlıq və etimad mühitinin inkişafına öz layiqli töhfələrini verir. Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Tədbirdə çıxış edən rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata bildirib ki, bu bayram yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət rəmzidir.
Provaslavlar Milad bayramında günəş batandan sonra ailəcə masa arxasında toplaşır. Süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır.Masada canlı alov – şam yanır. Müqəddəs gecənin ən başlıca yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzi olduğu üçün buğdadan hazırlanan bu yeməyə bal da əlavə edilir. Bu şam yeməyi ilə provaslavların 40 günlük Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir, yalnız təzə libaslar geyinirlər.İnanclara görə, Milad gecəsində edilən bütün arzular həyata keçir.

