Səni sevmək azdır, Vətən!..
Müzəffər ordumuzun rəşadətli qələbəsi nəticəsində şəhər və kəndlərimiz işğaldan azad edildi. Ordumuzun qələbəsində əməyi olan hərbi qulluqçularla yanaşı, ehtiyatda olan fədakar ruhlu bir çox zabitlərimiz də şanlı qələbəmizə öz töhfələrini verdilər. Onlardan biri də ehtiyatda olan polkovnik – leytenant Qurban Qurbanovdur. O, 1965-cı ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuş və 1983-1985-cı illərdə SSRİ Silahlı Qüvvələrində müddətli hərbi xidmət keçmişdir. Ali təhsilini başa vurduqdan sonra təyinatla Bakı Dəzgahqayırma Zavodunda əmək fəaliyyətinə başlamış, orada mühəndis-texnoloq və büro rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Silahlı Qüvvələri yarandığı ilk gunlərdən könüllü olaraq, Milli Ordu sıralarına daxil olmuşdur. Uzun illər N saylı hərbi hissədə taqım komandiri, bölük komandiri, motoatıcı tabor komandirinin şəxsi heyət üzrə müavini, motoatıcı tabor komandiri, hərbi hissə komandirinin Maddi-Texniki Təminat üzrə müavini, Zabit Heyətinin Təkmilləşdirmə Kursunun baş müəllimi və s. vəzifələrdə xidmət keçmişdir. Xidmət etdiyi dövrlərdə neçə – neçə döyüş əməliyyatlarından uğurla çıxmışdır. O cümlədən, Şuşa şəhərinin Kərkicahan və Daşaltı, Ağdərə rayonunun Çapar, Kərəmli, Seyidlər kəndləri və Kəlbəcər rayonunun kəndləri uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi taqım xüsusilə fərqlənmişdir.
Çapar kəndi ətrafında gedən döyüşlərdə, şəxsən özü PDM-2 (BMP-2)-nin operator-tuşlayıcısı vəzifəsini icra edərək, düşmənin atəş nöqtələrini susdurmağa nail olmuşdur. Həmin ərazilərdə düşmənin ağır itkiyə məruz qalmasında, əlverişli yüksəkliklərin ələ keçirilməsində müstəsna rolu olmuşdur. Hoçaz dağı, Ömər aşırımı və Meydançay istiqamətində düşməni məhv edib və qənimət olaraq xeyli silah – sursat ələ keçirmişdilər. Sonradan hücumu davam etdirərək Susuzluq dağ silsiləsinin, Yanşaq, Bozlu, Babaşlar, Təkəqaya, Çəpli kəndləri uğrunda gedən gərgin döyüşlərdə hünərlə vuruşmuşdur. Bu uğurlu döyüşün nəticələrinə görə kapitan Qurban Qurbanov mayor hərbi rutbəsi ilə təltif olunmuşdur.
Qurban Qurbanovun xidmət etdiyi hərbi hissə Ağdam-Tərtər bölgəsində əks-hucum əməliyyatlarında da istirak etmişdir. Həmin əks-hücum əməliyyatlarında, Vətən eşqiylə döyüşən igid əsgərlərimizin qarşısında azğın düşmən duruş gətirə bilməmiş və pərən – pərən düşmüşdür. Ümumiyyətlə, onun gərgin döyüşlərdən keçdiyi günlərin sayı o qədərdir ki, bir qəzet məqaləsində bu haqda geniş söhbət açmaq mümkünsüzdür. Odun-atəşin, güllə yağışının içindən keçib gəldiyi gərgin döyüşlərdə Qurban Qurbanov hər zaman yüksək döyüş əzmi və qələbə ruhu ilə vuruşmuşdur.
… Ehtiyatda olan polkovnik-leytenant Qurban Qurbanov haqqında ilk dəfə onu yaxından tanıyan eloğullarından eşitmişdim. Onun vətənsevərliyindən o qədər xoş sözlər danışdılar ki, diqqət və marağımı çəkdi. Bir müddət sonra telefon danışığımız oldu. Barıt qoxulu söhbətinin hər kəlməsindən Vətən ətri gəlirdi. Müzəffər ordumuzun şanlı qələbəsindən sarsılmaz inam duyğusu ilə danışanda əhval – ruhiyyəsindəki sevinci duymamaq mümkün deyildi. Bütün varlığı ilə bağlandığı Vətənimizə olan sevgisi səsində, nəfəsində duyulurdu. Gəncliyinin təravətli illərindən, ilin hər fəslində Vətənin keşiyində dayanan, amansız müharibənin ağır döyüşlərindən salamat çıxan, səngərdən – səngərə peşəkar hərbçi kimi boy verən, yetişən, təcrübəsini zənginləşdirən, istefaya çıxdıqdan sonra da fəallığından qalmayan Qurban Qurbanovun söhbətlərindən bir kitab yazmaq olar. Qalib ordumuzun səadətli bu günündən, daha parlaq və yenilməz gələcəyindən elə şövqlə danışır ki… İstefada olsa da, hərb tariximizə öz töhfələrini verməkdən böyük məmnunluq duyur. Deyir:
Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində hücum etdikdən sonra, bir qrup ehtiyatda olan zabit dostlarımızla bölgəyə getdik. Orada əsgər və zabitlərlə görüş keçirdik. Hərbi hissə komandanlığı belə görüşlərin şəxsi heyətə yüksək döyüş əhval – ruhiyyəsi aşıladığını diqqətə çatdırdı. Hər iki tərəfi məmnun edən görüşümüzü başa vurub Bakıya qayıtdıq.
Bu görüşlərdən sonra ölkəmizdəki müharibə veteranları təşkilatlarının təşəbbüsü ilə “Müharibə Veteranları Təşkilatlarının Kordinasiya Mərkəzi” yaradıldı. Vətən müharibəsi başlananda, birinci Qarabağ müharibəsi veteranlarından ibarət qrupların öz bilik və bacarıqlarını döyüşən hərbi birləşmələrdə gənc əsgər və zabitlərə çatdırılması məqsədilə, Ali Baş Komandana müraciət olundu. Ölkə rəhbərliyinin göstərişi ilə Müdafiə Nazirliyinin əlaqədar qurumlarına tapşırıq verildi. Həmin qrupların siyahısı Müdafiə Nazirliyində təsdiq olundu və qruplardan birinə də mən rəhbər təyin edildim.
Bir qrup veteran yoldaşlarımla birlikdə oktyabrın 2-də “Müharibə Veteranlarının Kordinasiya Mərkəzi”nin xətti ilə Gəncə şəhərinə ezam olunduq. Məqsədimiz səfərbər olunmuş və şəxsi heyətlə komplektləşdirilmiş hərbi hissələrdə görüşlər keçirmək, onların döyüş ruhunu yüksəltmək, döyüş zamanı mənəvi – psixoloji vəziyyətin yüksək olmasının böyük əhəmiyyətindən danışmaq idi. Eləcə də müharibə meydanında onların necə davranmalarına dair öz bilik və təcrübəmizə uyğun tövsiyyələr vermək, həmçinin döyüş hazırlığı təlimlərində əsgər, çavuş və komandir heyətinin hazırlanmasından ibarət idi. Bu məqsədlə, Gəncə və Goran təlim mərkəzlərində, Ballıqaya yaşayış məntəqəsində, Mingəçevirdə yerləşən hərbi hissələrdə fəaliyyətə başladıq. Bununla yanaşı, ətrafdakı xəstəxanalarda yaralılarla görüşüb onlara mənəvi dayaq olurduq, lazımi yardımlar edirdik. Bu tədbirləri həyata keçirmək üçün tabor yaratmışdıq və taborun komandiri mən təyin olunmuşdum. Biz Ağdam, Tərtər, Ağcakənd, Goranboy rayonları ərazilərində, eləcə də azad olunmuş Talış və Suqovuşan yaşayış məntəqələrində şəxsi heyətlə döyüşqabağı və döyüşdən sonra görüşlər keçirirdik. Belə görüşlər zamanı komandirlərlə birlikdə, ehtiyac duyulan ləvazimatların siyahısını tərtib edib, arxa cəbhədəki fədakar insanlarımızın maddi dəstəyi nəticəsində lazımi əşya və avadanlıqların birbaşa ön xəttə çatdırılmasını təşkil edirdik. Tabordakı qruplarımızın fəaliyyəti noyabrın 10-na kimi davam etdi. Onu da qeyd etməliyəm ki, Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının ordumuzun qələbəsi naminə əlindən gələn yardımı əsirgəmədiyinin şahidi olduq.
Söhbət zamanı Qurban Qurbanovun səmimiyyəti, saflığı, sadəliyi xoşuma gəldi. Onun söhbətinin əvvəli də Vətəndir, axırı da… Vətənimizin dilbər guşəsində gedən döyüşlərin salnaməsini sözündə – söhbətində yaşadır. O salnamənin bəzi səhifələrini vərəqlədik.
O, ötən hərbdəki odlu – alovlu illəri göz önünə gətirib, neçə – neçə günahsız qurbanların ağrısını ürəyində çəkir. Haqqında yazacağımı biləndə xahiş etdi ki, layiq olduğundan artıq tərif yazmayım. Əslində fikirlərimiz üst – üstə düşmüşdü. Mən yazılarımda vicdan süzgəcindən keçməyən ifadəni belə qələmə almıram. Onu yaxından tanıyanlar haqqında nə qədər xoş sözlər söyləmiş olsalar da, mən az yazdım.
… Vətən sevdalısı Qurban Qurbanovun şəklinə baxanda gözlərindəki şirin düşüncədən yan keçə bilmədim. Sanki Vətənə olan məhəbbəti gözlərindən oxunurdu. Onun yaşantılarındakı həyat həqiqəti də bunları deyirdi: “Səni sevmək azdır, Vətən! Sənin keşiyində müsəlləh əsgər kimi dayanmaq bir Vətən oğlu kimi borcumuzdur.”..
Bəli, oğul düşmən çəpəridir, deyib atalar. Düşmənə göz dağı olan igid oğullarımızın sayəsində bu gün Qarabağımızın ağ günü növrağımızdır. Buna görə qürurumuz artır, Vətənin igid oğullarının hünərinə əhsən deyirik.
Həzi Həsənli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist

