Azərbaycanda dərman bitkilərinin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsinin qədim tarixi kökləri haqqında
Azərbaycanda ədviyyat, dərman bitkilərinin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları ilə insanlar hələ qədim zamanlardan bəri onlardan bir cox xəstəliyin müalicəsində istifadə etmişlər. Həmin keçmişdən bu günümüzə gəlib çatan müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz müalicəvi faydasını itirməyib. Dərman bitkiləri haqqında ilk məlumat hələ bizim eradan 6 min il əvvəl indiki İran ərazisində məskən salan qədim şumer mənbələrində də göstərilir.

Bax: AZƏRBAYCAN TİBBİNİN XRONOLOGİYASI əsas tarixi hadisələr (e.ə. 4500 —2006)
Fərid Ələkbərli, tarix elmləri doktoru, professor.
Azərbaycan Respublikası Ağdam rayonunun Əfətli kəndi yaxınlığında yerləşən Eneolit dövrünə aid Çalağantəpə yaşayış məntəqəsində aparıılmış arxeoloji qazıntılar zamanı, e.ə. V minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atropatena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.
Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkçə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər. Yaşıllıq ilahəsi Öləng həkimlərin himayəçisi sayılırdı.

Ərəb istilasından sonra (VII-VIII əsrlər) Azərbaycanda İslam tibbi, yaxud yunan-ərəb təbabəti deyilən yeni tibb konsepsiyası yayılmağa başladı. Bu konsepsiya, əsasən, Hippokratın və Galenin nəzəriyyələrinə əsaslanırdı. Əbu Əli ibn Sina (980-1037) bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda, tibb sahəsində ən tanınmış alim sayılırdı. “Tibb qanunları” (Əl-qanun fi ət-tibb) əsərinin ən qədim nüsxələrindən biri (1143-cü ildə köçürülmüşdür) Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.
Orta əsrlər zamanı Azərbaycan alimləri tibb və əczaçılıq üzrə əsərlərini fars, ərəb və türk dillərində yaradırdılar. Əlyazma kitabları xəttatlar tərəfindən yaradılır, təbii dəri ilə cildlənir, dərman bitkilərinin, heyvanların, mineralların rəngarəng şəkilləri ilə bəzədilirdi.

Şəmkir Peşə Liseyi və Şəmkir Koltəhnəli kənd tam orta məktəbin müəllimi Maral Vəliyeva

