Cəmiyyət 

“Bizim həyət” layihəsi çərçivəsində növbəti abad həyət sakinlərin istifadəsinə verilib

ARANTV.AZ xəbər verir ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə təmirsiz həyətlərin abadlaşdırılmasına yönələn “Bizim həyət” layihəsi çərçivəsində daha bir abad məhəllə sakinlərin istifadəsinə verildi. Yenilənən həyət Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Sülh küçəsi 14/1 və 14/2 ünvanında 1000 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin  formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat şəraitin yaradılmasıdır.

Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə ərazidə idman qurğuları yerləşdirilib. Uşaq əyləncə mərkəzi quraşdırılıb, 4 söhbətgah və oturacaqlar qoyulub. Bu isə gənclərin sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına xidmət edir. Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 700 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Əlavə olaraq 100 ağac da əkildi.

Ümumilikdə, Sabunçu rayonunda 40-dək abad həyət sakinlərin  istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Bizim həyət” layihəsinin paytaxtın bütün rayonlarında reallaşması nəzərdə tutulur.

Daha çox xəbərlər