Gündəm 

“ƏDV geri al”: Həm əhali qazanır, həm də…

Ötən ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizmə (“ƏDV geri al”) maraq günü-gündən artmaqdadır. Bununla da məqsədi iqtisadiyyatın leqallaşdırılması olan layihə üzrə qeydiyyatdan keçən istifadəçilərin sayı artıq 1 milyon 340 mini ötüb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank  (“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”) üzrə ümumilikdə 147 milyon 111 min 792 çek üzrə 60 milyon 192 min 462 manat ƏDV məbləği geri qaytarılıb.

2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779 min 18 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1 milyon 26 min 757 nəfərə çatıb. Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67 milyon 101 min 388 kassa çeki üzrə 26 milyon 770 min 74 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb. Başqa sözlə, qaytarılmış ümumi ƏDV məbləğinin 44,5 faizi bu ilin birinci rübünün payına düşüb.

Təbii ki, bunlar layihənin stimullaşdırıcı tərəfidir. “ƏDV geri al”in  qarşıya qoyulmuş məqsədə çatmasına gəlincə,  pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən subyektlərin (neft və qaz məhsulları istisna olmaqla) real dövriyyələrində əldə olunan nəticə buna nail olunmasından xəbər verir.

Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini icra edən Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda bildirib ki, əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin istehlakçılara qaytarılması kassa çeklərinin tələb edilməsinə və kassa dövriyyələrinin şəffaflaşmasına gətirib çıxarıb. O qeyd edib ki, ötən il marketlərin onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi kəskin artıb. Aylıq dövriyyə ötən ilin 4-cü rübündə 1-ci rübə nisbətən 36,4 faiz çox olub. Belə ki, marketlərin orta aylıq dövriyyəsi 2020-ci ilin 1-ci rübündə 162 milyon manat olduğu halda, 4-cü rübdə 221 milyon manat təşkil edib. Bir sözlə,  kölgə iqtisadiyyatı ilə effektiv mübarizə üsullarından olan “ƏDV geri al” layihəsi sayəsində  tətbiq edildiyi subyektlərin real satış dövriyyələrini üzə çıxarmaqla onların vergidən yayınmaları çətinləşdirir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb ki, bu ilin birinci rübündə vergi daxilolmaları proqnozuna 121,1 faiz əməl edilib. Nazir qeyd edib ki, rüb ərzində büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu baxımdan qeyri-neft sektorundan vergi daxilolmalarının artmasında “ƏDV geri al” layihəsinin də rolu az deyil.

Ancaq məsələnin daha bir tərəfi də var. Belə ki, iqtisadiyyatın leqallaşdırılması vergi yığımlarını  artırmaqla bərabər, ƏDV-nin tətbiqi ilə qiymətin formalaşmasında öz sözünü deyir. ƏDV dolayı vergi olmaqla məhsul və ya xidmətin qiymətinə əlavə olunur. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcmini azalmasına səbəb olursa, ƏDV  müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, istehlakçı tərəfindən məhsulun və xidmətin qiymətində ödənilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin real ifadədə 1,1 faiz azalmasına baxmayaraq həmin dövrdə  inflyasiya 3,9 faiz, o cümlədən ərzaq məhsulları, tütün məmulatları və içkilər üzrə 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,6 faiz olub. Həmçinin əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə bu göstərici 2,6 faiz təşkil edib.

 

Daha çox xəbərlər