Siyasət 

Erməni cəmiyyətində psixoloji çöküş mərhələsi yaşanır

Ölkə başçısının müxtəlif televiziya kanallarına veridiyi geniş müsahibələr həm ermənilər, həm də onların arxasındakı qüvvələr üçün şok terapiyası halına gəlib. Müsahibələrində Zəngəzur mövzusuna daha çox vaxt ayrılması, kommunikasiyaların qarşılıqlı açılması və Ermənistanın sülh müqaviləsi imzalamasının daimi sülhə verəcəyi töfhə haqqında danışan Prezident İlham Əliyev bir daha qəti şəkildə bildirir ki, artıq nə “Dağlıq Qarabağ” var, nə də “status”.

“Bu müxtariyyət SSRİ rəhbərliyindəki ermənilərin təsirilə 1923-cü ildə Azərbaycanın ərazisində xalqın maraqlarına zidd olaraq yaradılmışdı. O vaxt vəziyyət belə idi ki, Azərbaycan bu qərarla barışmaq məcburiyyətində qaldı. Hətta Azərbaycandan bunu soruşmadılar belə. Amma 1991-ci ildə Azərbaycan Parlamenti çox doğru qərar verərək, heç bir hüquqi əsas olmadan yaradılmış müxtariyyəti ləğv etdi. Şarl Mişelin regiona səfəri zamanı “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi dövlət adamına xas müdrik davranışdır. Ermənistan bütün bunlardan birdəfəlik nəticə çıxarmalıdır. Nə “Dağlıq Qarabağ” var, nə də “status”! – prezident müsahibələrinin birində bildirib.

Azərbaycan Prezidentinin bu fikirləri erməni siyasi elitası arasında hələ də ciddi təşviş yaratmaqdadır. Ermənistan cəmiyyətində deqradasiya prosesi başlayıb. Bu düşmən ölkənin əhalisi arasında ruh düşkünlüyü, psixoloji çöküş mərhələsi yaşanır. Və ermənilərin bu durumdan yaxın vaxtlarda çıxması o qədər də asan olmayacaq. Bu günlərdə erməni politoloq Qaqik Hambaryan öz  “Facebook” səhifəsində bunları yazıb: “Nikol var olduğu müddətcə İlham Əliyev Ermənistandan həmişə istədiyini alacaq”.

Politoloq, həmçinin Prezident İlham Əliyevin fikirlərinə diqqət çəkərək bunları deyib: “Kəlbəcər rayonunda olmuş Azərbaycan Prezidenti Zəngəzur mahalını azərbaycanlılara qaytaracağını bildirmişdi, eləcə də tarixi Azərbaycan ərazisi olduğu üçün Vardenisi Basarkeçər adlandırmağa çağırış etmişdi. Bu, Xarici İşlər Nazirliyimizi və başqa dövlət qurumlarımızı maraqlandırmır?… Onlar ya heç nə ilə məşğul olmurlar, ya da torpaqsız Nikolun tənqidçilərini və rəqiblərini həbs edərək ona xidmət edirlər”.

Erməniləri ruh düşkünlüyünə salan ikinci açıqlama isə həmişə ermənipərəst mövqeyi ilə seçilən məşhur rusiyalı jurnalist, politoloq Modest Kolerovun Qarabağ haqqında söylədiyi fikirlər olub. Kolerov “Ermənistan Qarabağı birdəfəlik itirdi” sözləri ilə internetin seqmentinə pessimizim bombası atıb.

“Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin Qarabağa heç bir aidiyyatı yoxdur. Erməınistan Qarabağı birdəfəlik itirib. Ermənistanın üçtərəfli Bəyanatı Minsk qrupunun formatı çərçivəsində dəyişdirmək cəhdləri heç bir nəticə vermir. Danışıqlar prosesi artıq yoxdur. Ona görə də heç nəyi dəyişdirmək və dayandırmaq mümkün deyil. Dövlət sərhədini isə Ermənistan özü Azərbaycanla ikitərəfli danışıqlar yolu ilə müəyyən etməlidir. Çünki sərhədlər məsələsinin Qarabağla heç bir əlaqəsi yoxdur. Bunu 30 il əvvəl etmək lazım idi. Rusiyanın bu məsələyə qarışması isə düzgün deyil. Çünki sabah bu məsələdə Rusiyanı ittiham edə bilərlər. Hazırda erməni gündəmini düşündürməli olan məsələ “ermənilər Qarabağda Rusiya sülhməramlıların hesabına nə qədər yaşaya biləcəklər? Axı ruslarsız onlar orada qala bilməzlər. Necə etmək lazımdır ki, rus sülməramlıları orada daha çox qalsınlar? Ermənistanın Qarabağa maliyyə yardımları göstərməsi yaxşı haldır, amma buna baxmayaraq Ermənistan gələcəkdə Qarabağın statusu məsələsinə heç bir təsir göstərə bilməyəcək”, – deyə Modest Kolerov erməni ageüntliklərindən birinə verdiyi açıqlamada vurğulayıb.

Daha çox xəbərlər