Siyasət 

Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır. Bu fəaliyyət, eyni zamanda, respublikamızın tərəqqisinin sürətləndirilməsi və davamlı xarakter alması, ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün də parlaq nümunədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.

Ölkəmizdə Birinci xanım və Birinci vitse-prezident institutlarının yaradılması, Azərbaycan Mədəniyyət Fondu və Heydər Əliyev Fondu kimi güclü qeyri-hökumət təşkilatlarının formalaşdırılması, “Eurovision” mahnı müsabiqəsinə Azərbaycanın qatılmasının təşəbbüskarı,  gənc estrada ifaçılarımızın bu mötəbər musiqi yarışında qələbə qazanması, “Eurovision” mahnı müsabiqəsinə, Bakı–2015 I Avropa Oyunlarına, 4-cü İslam Həmrəylik Oyunlarına, bədii gimnastika üzrə Dünya, Avropa çempionatlarına, beynəlxalq turnirlərə ölkəmizin ev sahibliyi etməsi məhz Mehriban xanım Əliyevanın heyrətamiz və misilsiz xidmətləri ilə bağlıdır. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib. Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 16 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.

Pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva da öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi “gözəgörünməz düşmən”-lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Birinci vitse-prezidentin “Evdə qal, sağlam qal!” şüarlı təşəbbüsü böyük dəstək qazandı. Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin müddətində “Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması da bir daha fondun missiyasını nümayiş etdirmiş oldu.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, qazilərin sosial məsələlərinin həllini hərzaman xüsusi diqqət mərkəzində saxlayır. Həmçinin Vətən müharibəsi zamanı və Şanlı qələbəmizdən sonra mərhəmət, nəciblik kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətləri, “Instagram” səhifəsində etdiyi səmimi paylaşımlar  mənəvi dəstəyin parlaq nümunələridir. Mehriban xanim müraciətində müdrik xalqımızın ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət kimi gözəl xüsusiyyətləri sayəsində bu ciddi çağırışın öhdəsindən gələ biləcəyimizə əminliyini bildirmişdi.

Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Rüfət Əhmədov,

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri

Daha çox xəbərlər