Siyasət 

“Humanizmin Azərbaycan simvolu” kitabının təqdimatı oldu

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş kitab 5 fəsildən ibarətdir

Avqustun 25-də Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin yeni çapdan çıxmış “Humanizmin Azərbaycan simvolu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə  Milli Məclisin deputatları, ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak ediblər.

Tədbiri təqdim etməzdən öncə kitab haqqında məlumata keçid alaq:

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “Humanizmin Azərbaycan simvolu” kitabında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli elmi-mədi, humanitar, ictimai-siyasi fəaliyyətinə geniş yer verilir. Fədakar fəaliyyəti ilə humanizm simvolu olan Mehriban xanımın Azərbaycanda və ölkəmizdən kənardakı xidmətləri, xeyirxahlığı, mərhəməti, humanizmi siyasi rakursdan təhlil edilərək oxuculara çatdırılır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş kitab 431 səhifədən ibarətdir. “Humanizmin Azərbaycan simvolu” kitabının  elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadədir. Kitab “Azərbaycanda humanizm və sülh siyasəti”, “Amalım Azərbaycanı sevdirməkdir”, “Ölkəmizin uğurları dünyanı heyran edir”, “Fəxr edirəm ki, Heydər Əliyev diplomatiyasının davamçısıyam”, “Vətən müharibəsi-Dəmir yumruqlu Zəfər” adlı 5 fəsildən ibarətdir.

Bu günə qədər müxtəlif siyasi ədəbiyyat nümunələri ilə oxucuların görüşünə gəlmiş Vaqif Abdullayev özünün oxucu dairəsini yarada bilib. Ona görə də professor Vaqif Abdullayevin  “Humanizmin Azərbaycan simvolu” kitabı Vaqif Abdullayevin elmi-siyasi tədqiqatları ilə bağlı yaradıcılıq işinin mükəmməl davamıdır. Kitabın ən önəmli cəhətlərindən biri odur ki, 5 fəslin hər birində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adi vətəndaşlıqdan Birinci vitse-prezidentliyə qədər keçdiyi yolda bir Azərbaycan xanımı kimi zaman-zaman cəmiyyətə nüfuz etmək, seçilmək, önə çıxmaq keyfiyyətləri ilə diqqəti çəkir. Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövləti qarşısındakı xidmətləri, eləcə də xeyirxahlıq missiyasından geniş bəhs edilir. Mehriban xanım Əliyeva Azərbaycanda qadın hərəkatının önündə getməklə bərabər, həm də müasir Azərbaycan qadınının mükəmməl obrazının ifadəçisidir.

“Humanizmin Azərbaycan simvolu” kitabında Mehriban xanım Əliyevanın həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda bir dövlət xadimi, xanım rəhbər kimi atdığı addımlar, göstərdiyi əməli fəaliyyət zaman ardıcıllığı ila öz əksin tapıb. Azərbaycan mədəniyyətinə, muğamına, kimsəsiz uşaqlara, qaçqın və əlillərə, müharibə veteranlarına, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinə göstərilən böyük diqqət və qayğının təşəbbüskarı məhz Mehriban xanım Əliyevadır. Bu haqda kitabda geniş məlumat verilib.

Kitabın “Vətən müharibəsi-Dəmir yumruqlu Zəfər” başlıqlı fəsilində Birinci vitse-prezidentin vətənpərvərlik missiyasından bəhs olunur. Layiqli xidməti ilə Vətənin adını ucaldan, vətənpərvərlik ruhu və fədakarlığı ilə seçilən Mehriban xanım Əliyevanın humanizmində, işgüzarlığında və qayğıkeşliyindəki Vətən sevgisi xüsusi olaraq vurğulanır. Onun milli vətənpərvərliyinin həddi-hüdudu yoxdur. Vətənə sonsuz məhəbbətin onun fitrətində, varlığında dogma olması vurğulanır. Mehriban Əliyevanın Ali Baş Komandanla çiyini-çiyinə mənfur düşmənə qarşı bütün xalqı səfərbər etmək, mübarizəyə qaldırmaq,  hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirmək kimi mahir dövlətçilik qabiliyyətindən bəhs olunub. Vətənin işğaldan azad edilməsi üçün Milli Ordumuzun qəhrəman oğullarına dualar edən Mehriban xanım bu səmimiyyəti, fədakarlığı ilə göstərdi ki, həqiqi vətənpərvər və mərd xanımdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fəaliyyətinin bütün dövrlərində Qarabağ məsələsinə həssas münasibət göstərib, dogma torpaqlarımızın azad ediləcəyi inamı ilə cəmiyyətə nikbin fikirlər söyləmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva dinimizə, dəyərlərimizə, bütövlükdə xalqımıza ən yüksək səviyyədə qayğı göstərir. Bu da öz növbəsində insanların ona olan sevgisini artırır. Bax, bütün bunlar siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin kitabında öz əksini tapıb.

Qeyd edək ki, professor Vaqif Abdullayevin 2019-cu ildə çapdan çıxan Birinci vitse-prezident Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətindən bəhs edən “Azərbaycanın Mehriban siması” kitabı da oxucular tərəfindən maraqla qarşılanmışdı. Gürcüstanın Tbilisi şəhərində “Azərbaycanın mehriban Siması” adlı kitabın gürcü dilində təqdimatı keçirilib. Bu kitab Gürcüstanın nüfuzlu ictimai-siyasi və elmi dairələrinin, gürcü ictimaiyyətinin böyük marağına səbəb olub.

Kitabın təqdimat mərasimini giriş sözü ilə açan Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qonaqlara kitabın yazılma zərurəti və elmi-siyasi, publisistik dəyəri haqqında məlumat verib. Akademik Nizami Cəfərov kitabda ölkəsi üçün gördüyü işlər, Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı olan bir şəxsiyyətin, cəmiyyətin səsinə səs verən, hər zaman xalqının yanında olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında yazılan fikirləri yüksək qiymətləndirib: “Bu kitab mənim dəyərli dostum, Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsgəri, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi Vaqif Abdullayevin növbəti yaradıcılıq məhsullarından biridir. Müəllif kitabda Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyəti tarixinin nümunələrini bütün dünyaya çatdırmasını, eləcə də, elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyətinin ölkədə quruculuq proseslərinə müsbət təsirindən söz açıb. Azərbaycan qadınları üçün gözəl nümunə olan Mehriban xanım Əliyeva ölkə daxilində və xaricində keçirdiyi görüşlərdə Azərbaycan haqqında çıxışları, apardığı fikir mübadilələri ilə özünün dərin biliyə, geniş erudisiyaya malik olduğunu yüksək səviyyədə nümayiş etdirib. Mehriban xanım Əliyeva nəcib, xeyirxah və humanist dəyərlərə söykənərək Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində ardıcıl fəaliyyət sərgiləyir. Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində Ulu Öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə söykənərək milli-mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın böyük uğurlar qazanmasında, möhtəşəm iqtisadi inkişaf gücünə malik ölkəyə çevrilməsində, bu cür misilsiz tərəqqinin əldə olunmasında cənab Prezidentlə birgə Mehriban xanımın yorulmaz fəaliyyəti də mühüm rol oynayır.”

Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva haqqında yazılmış bu fundamental əsər haqqında ətraflı danışan akademik Nizami Cəfərov daha sonra kitab haqqında dəyərli təəssüratlarını bölüşmək üçün tanınmış ziyalılara söz verdi. Milli Məclisin deputatı Mixail Zabelin, Ramin Məmmədov, Sahib Alıyev, yazıçı Xeyrəddin Qoca və digər tədbir iştirakçıları kitabın nəşrini yüksək qiymətləndirərək, onu ictimai-siyasi həyatımızda yeni məzmun, fəlsəfi baxışın sanballı nümunəsi kimi dəyərləndirib, müəllifi təbrik ediblər.

Tədbirin sonunda Vaqif Abdullayev Atatürk Mərkəzinin rəhbərliyi başda olmaqla, bütün tədbir iştirakçılarına səmimi minnətdarlığını bildirərək, Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi və mədəni həyatındakı böyük rolundan bəhs edib. Bildirib ki, Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən layihələrdə fəal iştirak etməklə bərabər, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edir.

Natiq qeyd edib ki, Mehriban xanım, həmçinin Heydər Əliyev Fonduna rəhbərlik etməklə Azərbaycan qadınını dünyada layiqincə təmsil edir: “Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan qadınıdır.

V. Abdullayev vurğulayıb ki, təqdimatı olan nəşrin məqsədi Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini gələcək nəsillərə  çatdırmaqdır.

Tədbirin sonunda müəllifin imza mərasimi keçirilib.

Yaqut Ağaşahqızı,

Araz Vəlili,  “İki sahil”

Daha çox xəbərlər