Sosial 

Övladlarımızı internetin mənfi təsirlərindən necə qoruyaq? – Mütəxəssislər tövsiyə edirlər ki…

Azərbaycanda internet istifadəçilərinin sayı artmaqdadır və “hörümçək toru”na düşənlərin arasında gənclərin, yeniyetmələrin sayı kifayət qədərdir. Yetkinlik yaşına çatmayan istifadəçilərin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olaraq informasiya və telekommunikasiya şəbəkələrində uşaqların təhlükəsizliyinin təmin edilməsi problemi getdikcə aktuallaşır.

Ümumiyyətlə, övladlarımız internetdən istifadə zamanı hansı təhlükələrlə qarşılaşa bilərlər? Uşaqların internet mühitində informasiya təhlükəsizliyini necə təmin edə bilərik? Məhz azyaşlıların, məktəblilərin internetdən istifadə zamanı təhlükəsizliklərinin qorunması məqsədilə daha hansı addımlar atılmalıdır? Bu və ya digər suallarımızı yerli ekspertlərə ünvanladıq.

İKT üzrə müstəqil ekspert Elvin Abbasov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, virtual dünyanın sərhədləri genişləndikcə təhlükələr də eyni miqyasda artır: “ Övladlarımızı rəqəmsal mühitin təhlükələrindən qorumağa çalışdıqca sanki internet həyatımıza daha da nüfuz edir. Valideynlər övladlarını internetin təhlükələrindən qorumaq, onların sosial, ruhi və fiziki sağlamlıqlarının zərər görməməsi üçün ciddi səy göstərməlidirlər. Bu istiqamətdə maarifləndirici tədbirlər keçirilməli, mütəxəssislər uşaqların üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları mövzusuna geniş yer verməlidirlər”.

E.Abbasov xatırlatdı ki, internet həm də uşaq və yeniyetmələrdə asılılıq yaradır: “Virtual mühit zorakılıq, istismar və bullinqin artması ilə yanaşı, antisosial şəxsiyyət pozğunluğunun da yaranmasına səbəb ola bilər. Bu aləmin xeyirli olduğu qədər zərərli tərəfləri də həddən artıq çoxdur. Məsələn, təhlükəli oyunlar, ekstremizm çağırışları, geniş yayılan pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik və spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı, vulqar söz və ifadələrin işlənməsi və s. kimi bir çox arzuolunmaz “məlumatlarla” zəngin mövzular uşaq psixologiyasına və sağlamlığına mənfi təsir etməklə onlarda qorxu, təlaş, vahimə kimi hisslərin yaranmasına, uşaqların kibercinayətkarların hədəfinə çevrilməsinə səbəb olur”.

Beynəlxalq təşkilatların bu istiqamətdə apardığı araşdırmalara diqqət çəkən mütəxəssis qeyd etdi ki, əldə olunan nəticələrə görə, hər yarım saniyədə 2 uşaq ilk dəfə internetə daxil olur: “10 yaşdan aşağı uşaqların 50 faizinin ağıllı telefonu, 3-4 yaşlı uşaqların dörddə birinin öz planşeti və ya kompüteri var. Uşaqların informasiya əldə etmə hüququnu pozmadan zərərli informasiyadan qorumaq, təhlükəsizliyini və kibermüdafiəsini təmin etmək üçün xüsusi texnoloji tədbirlərin görülməsi şərtdir”.

Müsahibimiz uşaqları yuxarıda qeyd edilən təhlükələrdən qorumaq üçün  kifayət qədər proqramların olduğunu dedi. E. Abbasovun qənaətinə görə, 2021-ci ili üçün ən yaxşı ailə nəzarət proqramları www.kidsafe.az, Samsung Kids, Norton 360 Deluxe, Bitdefender Total Security, Kaspersky Total Security, Kaspersky Safe Kids, McAfee Total Protection, BullGuard Premium Protection, Find My Kids, Kroha – Screen Time App, Safe Family, Google Family Link, Kids Place, MMGuardian Parental Control App For Parent Phone, Pure Web-dir.

Əlbəttə, informasiya cəmiyyətinin inkişafı təhsilə də təsir edir. Bir neçə gündən sonra yeni tədris ili başlayacaq. Xatırladaq ki, pandemiya ilə əlaqədar olaraq ötən  tədris ili təhsil distant formada davam etdirildi. Pedaqoji prosesdə yüksək texnologiyalardan, eləcə də internetdən istifadənin hansı müsbət və mənfi cəhətləri var? Məktəblilərin internetdən səmərəli istifadəsi, informasiya təhlükəsizliklərinin təmin edilməsi üçün hansı modeldən istifadə edilməlidir?

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, dünyada, o cümlədən Azərbaycanda istər universitetlərdə, istərsə də məktəblərdə və digər təhsil ocaqlarında artıq bir çox dərslər kompüterlə idarə olunur: “Bu sahədə ilk vasitə kimi  internetdən istifadə olunur. Burada da fikirlər ikiyə bölünür: İnternetə daxil ola bilənlər və ola bilməyənlər. Bunlar arasında ciddi fərq vardır. İnternetə daxil ola bilməyənlərin qarşısında elə də böyük imkanlar yoxdur. İnternetə girişi olanların isə qarşısında böyük imkanlar durur. Beləliklə, internetə girişi olanlar Azərbaycanda oturmaqla dünyanın bir çox ölkələrinin tələbələri, müəllimləri ilə əlaqə yarada bilərlər. Bundan başqa, onların ehtiyacı olan kitabı oxumaq, dünya kitabxanalarına pulsuz baxış, istənilən informasiyanı tapmaq və s. imkanları vardır. İstənilən cəhətdən kompüterin- internetin təhsilə çox saylı müsbət təsiri vardır.  Bu gün müəllimlər (müasir müəllimlər) tələbələrini internetdən bilik axtarmağa yönəldirlər. Bu, həmçinin tələbələrə də rahatdır. Məsələn, bir tələbə gedib kitabxana da axtaracağı kitabı evdə oturaraq internet vasitəsilə əldə edir. Bu, həm tələbənin vaxtına qənaət edir, həm də maddi cəhətdən sərfəlidir”.

Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur deyən K.Əsədov əmindir ki, bu gün pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür: “Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. “Müəllim – şagird – dərslik” tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur”.

K.Əsədovla söhbətimizdən bu nəticəyə gəldik ki, təhsildə yeni texnologiyalardan, kompüterdən, portativ qurğulardan, internetdən istifadə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır. O zaman necə etməliyik ki, uşaq və ya məktəbli bu texnologiyalardan, XXI əsr yeniliklərindən istifadə edərək yalnız özünü inkişaf etdirsin. Valideyninin ona etibarından sui-istifadə etməsin, “dərs oxuyuram” adı altında internetdə müxtəlif zərərli məşğuliyyətlərə vaxtını sərf etməsin. Personal qurğu qarşısında əyləşərkən, onun sonsuz imkanlarından istifadə edərkən yalnız öz bilik və bacarıqlarını artırmağı hədəfləsin. Övladlarımıza psixoloji təzyiq göstərmədən, onları incitmədən buna necə nail ola bilərik?

Klinik psixoloq Murad İsayev mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, müasir dövrdə biz internetin imkanlarından tamamilə imtina edə bilmərik: “Valideynlər bəzən uşaqların internetdən istifadə etməsinə çox səhlənkar yanaşırlar. Unutmaq olmaz ki, internet qısa yolla böyük dünyaya çıxışdır. Ona görə də, yaşından asılı olaraq uşaqların psixologiyasında baş verən dəyişiklikləri nəzərə alıb sonra nəticə çıxarmaq lazımdır”.

Psixoloq yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq valideynlərə bəzi məsləhətlər də verdi: “Times” proqramı vasitəsilə ötən tədris ili distant formada davam etdirildi. Orada bütün dərs saatları dəqiq şəkildə qeyd edilib. Artıq belə olan halda əsas iş valideynin öhdəsinə düşür. Məsələn, növbəti dərsdən sonra övladının iki saatlıq fasiləsi olduğunu bilən valideyn əgər həmin zaman kəsiyində uşaqla maraqlanmırsa, artıq burada çox ciddi problemlər yaranacaq. Əgər böyüklər işdə olublarsa, müəyyən səbəblərdən uşağa nəzarət edə bilməyiblərsə ən azından o iki saat ərzində övladının nə ilə məşğul olduğunu soruşsun, onun apardığı qeydlərə baxsın. Yenə də təkrarlayıram uşaqların sərbəst şəkildə internetdən istifadəsi qəti qadağandır. İnternetdə saat limitləri var ki, valideynlər bundan istifadə edə bilərlər. Uşaqlarla qəddar, sərt formada yox mülayim şəkildə danışmaq, davranmaq və internetin zərərlərini aydın şəkildə başa salmaq lazımdır”.

Daha çox xəbərlər