“Qarabağda sülhməramlıların sayı 7-8 minə çatıb” iddiası – professor şok səbəbləri açıqladı
Qabil Hüseynlinin fikrincə, say artımı Azərbaycandan tez-tez antiterror tədbirləri keçirməklə bağlı verilən açıqlamalarla bağlı ola bilər…
10 noyabr sənədi əsasında Qarabağın dağlıq ərazilərinə və Laçın dəhlizinə 5 illik yerləşən Rusiya sülhməramlılarının sayı ilə bağlı rəqəmlər ürəkaçan deyil. Üçtərəfli bəyanatda onların 1960 nəfərlik həddə müəyyən edilməsinə baxmayaraq, bəzi məlumatlara görə, artıq bu sayın (digər personallar da daxil olmaqla) 7-8 minə çatdırıldığı deyilir. “Yeni Müsavat” xatırladır ki, deputat Elman Məmmədov da sensasion açıqlama verib və rus ordusunun genişləndiyini bildirib.
Belə ki, xidmət personalı, Rusiya Səhiyyə, Təhsil və Fövqəladə Hallar nazirliklərinin 7-8 min əməkdaşının da orada cəmləşdiyini iddia edib. Bəzi ekspertlərə görə, Azərbaycan rəhbərliyi və Xarici İşlər Nazirliyi səviyyəsində prosesə etiraz edilməlidir. Çünki Qarabağda sülhməramlıların yerləşdirilməsi, hansı sayda olması ilə bağlı imzalanan konkret rəsmi sənəd var. Belə olanda halda isə sülhməramlı qüvvələrin sənəddə göstəriləndən artıq olması imzalanmış üçtərəfli müqavilənin şərtlərinin pozulması deməkdir. Əslində Rusiya bu siyasəti Abxaziyada da həyata keçirib və yerləşdikdən sonra sülhməramlıların sayını artırıb. Analoji siyasət Qarabağda davam edirsə, Rusiyaya nota verilməlidir.
Bundan əlavə, sülhməramlı kontingentin fəaliyyəti də Azərbaycanı tam qane etmir. Onlar bu müddət ərzində heç bir sülhyaratma missiyasını həyata keçirməyiblər və olduqları ərazilərdən erməni silahlıları bizim mövqelərə atəş açıblar. Ümumiyyətlə, 10 noyabr sənədinə əsasən, sülhməramlı yerləşdiyi bölgədən erməni silahlı dəstələri çıxmalıydı, amma razılaşmanı pozmaqda davam edirlər. İndi isə sülhməramlı sayının artması narahatlıq doğurur. Maraqlıdır, Rusiyanın Qarabağa sülhməramlı adı ilə göndərdiyi adamların sayı hansı məqsədlə artır? Bakı bu faktlara istinad edərək sülhməramlıların statusunun müəyyən edilməsini necə tezləşdirməlidir? Bu halda onlara mandat vermək Azərbaycanın maraqlarına uyğundurmu?

Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, onların sayının kəskin artması Moskvanın başqa niyyətindən xəbər verir. Q.Hüseynli yada salır ki, sülhməramlılar iki dəfə təlim keçiblər, biri də dronlara qarşı mübarizə təlimi olub: “İndi komandanın dəyişməsi, general Muradovun gedişi göstərir ki, onların sülhü qoruyan missiyadan əlavə başqa təyinatları da üzə çıxa bilər. Əslində həmin rus əsgərləri Ulyanosvkdan gətirilmiş və adı sülhməramlı verilmiş rus ordusunun üzvləridir. Ona görə bu say artımı Azərbaycan tərəfindən tez-tez antiterror tədbirləri keçirməklə bağlı verilən açıqlamalarla bağlı ola bilər. Görünür, bu məsələ Rusiya tərəfini hürküdür”.
Siyasi analitikin fikrincə, əgər onların sayı 5 min nəfəri keçibsə, sülhməramlıların missiyasına yeni təyinatlar əlavə edilə bilər: “Yəni ehtimal edilən hücuma qarşı cavab vermək vəziyyətinə gətirilə bilər. Çünki Rusiya sülhməramlılardan strateji niyyətini həyata keçirmək üçün istifadə edə bilər. Bu mənada quru qoşunlarının motoatıcı funksiyasını yerinə yetirə bilən bir ordu bölməsinə çevrilməsi istisna deyil”.
Politoloq sülhməramlılara mandat verilməsini sərfəli saymır: “Amma statusu müəyyənləşmədən də onların sayı artır. Rus qoşunlarının fəaliyyətinin nə qədər hüquqi status daşıdığı, hansı funksiyalar yerinə yetirə biləcəyi aydınlaşdırılmayıb. Onların funksiyalarını müəyyən edən əlavə sənədə ehtiyac var. Prezidentin köməkçisi Hikmət Hacıyev demək istəyirdi ki, onların burada olmasının hüquqi tərəfinin işlənib hazırlanması haqda diskussiyalar gedir. Çünki nə BMT-də mandatı var, nə hüquqi-siyasi tərəfi axıra qədər işlənib hazırlanıb. Azərbaycan bu hüquqi tərəfin hazırlanmasında təkid edir”.

Oqtay Qasımov
Eks-prezident Elçibəyin köməkçisi olmuş, siyasi şərhçi Oqtay Qasımov bildirib ki, rusların marağı və niyyəti qeyri-müəyyən müddətə, əgər bu alınmayacaqsa, ən azı 30 il Qarabağda qalmaqdır: “Azərbaycan tərəfi də haqlı olaraq dirəniş göstərir və bununla razılaşmır. Açığı, Azərbaycan cəmiyyətinin istəyi bundan ibarətdir ki, bölgədə yerləşdirilən Rusiya hərbi kontingenti azı üçtərəfli razılaşmada göstərilən birinci müddət bitən kimi çıxıb getsin. Bizim istəyimiz budur, amma Rusiyanın da məqsədi odur ki, bölgədə qeyri-müəyyən vəziyyət qalsın. Bu səbəbdən də son bir ayda Rusiya tərəfinin ”Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağ özünü müdafiə qüvvələri” kimi ifadələr işlətməsi təzyiq elementləri kimi qiymətləndirilə bilər”.
O.Qasımovun sözlərinə görə, Rusiya heç zaman sülhməramlı adı ilə daxil olduğu əraziləri tərk etməyib: “Bu gün Moldovanın durumunu yaxından izləyirik. Moldova prezidenti səviyyəsində dəfələrlə bu məsələnin qaldırılmasına və faktiki olaraq sülhməramlı adlandırılan qüvvələrin oradakı iştirakının müddətinin bitməsinə baxmayaraq, Rusiya həmin bölgədən çıxmaq istəmir. Digər tərəfdən, belə qənaət yaranır ki, o sənəddə Ermənistanın da tərəf olaraq göstərilməsi məsələsi var və sözsüz ki, Azərbaycan bunu qəbul edə bilməz. Bu məsələlər Azərbaycan və Rusiya arasında həll olunmalıdır”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”

