Azərbaycanda xəstəyə süni ürək köçürülüb
ARANTV.AZ xəbər verir ki, Azərbaycan səhiyyəsi daha bir unikal əməliyyata imza atıb. Respublika Müalicəvi Diaqnostika Mərkəzində ağır ürək və ağciyər çatışmazlığından əziyyət çəkən xəstəyə süni ürək implantasiyası həyata keçirilib. Əməliyyatdan 1 həftə keçir və xəstənin vəziyyəti yaxşıdır.
Azərbaycanda ürək çatışmazlığı diqanozu qoyulan xəstəyə əməliyyat zamanı ilk dəfə olaraq ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib. Bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı pasiyentin əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzində reallaşıb.
Bu cihazın çəkisi 160 qramdır. Dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan Süni Ürək mexaniki bir pompadır. Xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz ürəyə cərrahi yolla yerləşdirilir və dünyada minlərlə ürək çatışmazlığı olan xəstələrə daha rahat yaşamaq üçün yeni ümidlər verir.
Süni ürək implantasiyası olunan xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə qayıda bilirlər. Bu gün artıq respublikamızda “süni ürək cihazının köçürülməsi” reallığa çevrilib. Bu əməliyyatların ölkəmizdə kadrlar tərəfindən aparılması ölkə səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsinin göstəricisidir.

