Azərbaycan dövlətinin təhsilə diqqət və qayğısı
Bu, ölkədə insan kapitalı kimi çox önəmli milli sərvət yaratmağa hesablanıb
Sentyabrın 22-də Azərbaycanda otra ümumtəhsil məkəblərinin ibtidai siniflərində pandemiyadan sonra ilk dəfə olaraq ənənəvi təhsil başlayır. Bunu ölkə təhsilinin inkişafında yeni bir mərhələnin başlanğıcı da hesab etmək olar. Ümumiyyətlə, hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii ehtiyatların bolluğu dövlətin zənginliyinin əsas göstəricisi hesab edilmir. Əvəzində həmin ehtiyatları insan kapitalına çevirməyi bacaran ölkələr güclü və diktə edən tərəf olur. Məhz təbii ehtiyatların insan kapitalının formalaşmasına yönəldilməsi amilini vaxtında dəyərləndirən Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanda təhsilin inkişafı üçün bir neçə qlobal əhəmiyyətli proqram-layihələrə imza atıb. Yəni, son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb. Belə ki, bu dövrdə 2800-dən çox yeni məktəb tikilərək 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb. 2021-2022-ci tədris ilində isə 22 məktəb tikinti və əsaslı təmir işlərindən sonra təhvil verilib. Əlavə olaraq 15 modul tipli məktəb quraşdırılıb. 2021-ci ilin sonuna kimi ümumilikdə 38 məktəb, o cümlədən 1 peşə məktəbi və 31 modul tipli məktəb istismara veriləcəkdir.
Təhsillə bağlı Dövlət proqramlarının uğurlu icrası artıq öz səmərəli nəticələrini göstərmişdir. Belə ki, 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda bu rəqəm hər 20 şagirdə bir kompüterdir. Məktəblərin 80 faizindən çoxu internet şəbəkəsinə qoşulmuşdur. Təhsil ocaqlarının maddi-texniki bazasının yüksəldilməsi ilə bərabər, onun keyfiyyətinin artırılması, məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəldilməsi ön plana keçmişdir.
Təbii ki, çağdaş dünya rəqabət dünyasıdır. Bugünkü Azərbaycan gənclərinin gələcək rəqibləri hazırda Avropada, Asiyada, Amerika qitələrində böyüyürlər. Deməli, bizim təhsil sistemimiz çevik və daim öyrənmək imkanlarına malik kadrları formalaşdırmağı bacarmalıdır. Buna görə də ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir və aparılır da…
Təhsilin inkişafına, onun maddi-texniki bazasının zənginləşdirilməsinə Heydər Əliyev Fondunun da xüsusi dəstəyi var. Belə ki, ötən illərdə Fondun təşəbbüsü ilə həyata keçirilən və böyük ictimai dəstək qazanan «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi hesabına ölkəmizdə təhsilin inkişafı ictimai hərəkata çevrilmişdi. Fond bu dəstəyi indi də davam etdirir. Məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, hər cür ləvazimatlarla təmin olunmasında, şagirdlərin təhsilə həvəsinin artırılması üçün motivasiyaedici tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Fondun təşəbbüsü ilə son illərdə 200-dən çox yeni məktəb binası tikilmiş, 60-dan çox məktəb əsaslı təmir olunaraq müasir avadanlıqla təmin edilmişdir. Ötən illər ərzində Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti üçün yeni korpusların inşasına, Bakı Musiqi Akademiyası və bir sıra universitetlərin əsaslı təmirinə, qəzalı məktəblərin bərpasına Prezidentin Ehtiyat Fondundan on milyonlarla manat vəsaitin ayrılması da ölkə başçsının bu sahəyə xüsusi diqqətinin göstəricisidir. Ümumiyyətlə, son illərdə dövlət büdcəsindən təhsil sektorunun maliyyələşməsinin həcmi artmış və investisiya xərcləri isə 2 dəfədən çox olmuşdur.
Həm məzmun, həm də poliqrafiya cəhətdən müasir tələblərə cavab verən yeni nəsil dərsliklərin hazırlanması və bütün şagirdlərə pulsuz çatdırılması da təhsildəki son illərin ən uğurlu nəticələrindən biridir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə tədrisin keyfiyyəti ilə bərabər, şagirdlərin davranış və geyimlərinin də müasirləşməsi ön plana çəkildi. Belə ki, ölkə başçısının tapşırığına uyğun olaraq bir neçə ildir ki, artıq respublikanın ümumtəhsil məktəblərində məktəbli formasının tətbiqinə başlanmışdır. İctimaiyyətin rəğbətlə qarşıladığı bu tədbir şagirdlərin tərbiyəsinə, təlimin keyfiyyətinə, cəmiyyətdə məktəbin nüfuzuna müsbət təsir etmişdir.
Məlumdur ki, şagird və tələbələrin savadlı, səriştəli və şəxsiyyət kimi formalaşması müəllimin peşəkarlığından, tədris təcrübəsindən və yüksək biliyə malik olmasından asılıdır. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmişdir. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşmış, 20 mindən çox gənc müəllim işə qəbul olunmuşdur.
Ali təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artmaqdadır. Əgər 2003-cü ildə Azərbaycanın ali məktəblərində 28 ölkədən 1850 nəfər təhsil alırdısa, bu gün bu rəqəm 8 minə yaxındır.
Son illərin qlobal bəlasına çevrilmiş COVID19 pandemiyası təlim və tədrisdə problemlər yaratsa da bundan çıxış yolları da tapıldı. Belə ki, tədrisin onlayn formatla keçirilməsi zamanı təhsilin keyfiyyətinin aşağı düşməməsi naminə bir çox əlavə tədbirlər həyata keçirildi. Artıq yeni tədris ilindən ənənəvi tədrisə başlanması qərarı verilmişdir ki, bu da təhsilin keyfiyyət göstəricilərinə müsbət təsir edəcəkdir.

