Prezidentin sensasion İran açıqlaması – deyilməyən nəsə qaldımı?
Politoloq: “İranla bağlı deyilənləri aysberqin mühüm qisminin ictimaiyyətə açıqlanması saymaq olar”
“İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edir. Buna son qoyulmalıdır…” Prezident İlham Əliyev 44 günlük müharibənin başlamasının ildönümündə Türkiyənin rəsmi “Anadolu” agentliyinə müsahibəsində belə deyib. Dövlət başçısı müsahibədə İran TIR-larının və yanacaq tankerlərinin Qarabağa qanunsuz yükdaşımaları ilə bağlı ilk dəfə danışıb, Tehrana xəbərdarlıq edib.
“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi”, – İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, bununla bağlı İran tərəfinə diplomatik kanallarla narazılıq bildirilsə də proses davam edirdi. İlham Əliyev baş verənləri İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyi adlandırıb.
Sitat: “Bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik.

Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır.
Bu söhbət, səhv etmirəmsə, iyul ayında oldu. Ondan sonra biz təbii ki, bunu izləməyə başladıq, hər ayın sonunda bizdə məlumat toplanır, neçə TIR girdi, neçəsi çıxdı, nə gətirdi, nə apardı. Onların nömrə nişanlarına qədər bütün məlumatlar bizdə var. Bunlar mətbuatda dərc olundu. Amma sonra nə etdilər? İran TIR-larına Ermənistan nömrələri yapışdırmağa başladılar. Bu cür saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Elə bacarıqsız iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar var, aşağısında erməni nömrə nişanları. Onu da bildirim ki, eyni nömrə nişanlarını bir neçə maşının üstünə də yapışdırırdılar. Bu iş o qədər nizamsız görüldü ki. Bu da onu göstərir ki, bu işi davam etdirmək, amma pərdələmək istəyirlər. Belə vəziyyətdə, bir ay keçdikdən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi. Şikayətlər ona bildirildi və bu vəziyyətə son qoyulması xahiş edildi. Bu, avqustun ortalarında baş verən hadisədir. Ümid edirdik ki, buna son qoyulacaq. Amma 11 avqust-11 sentyabr arası tarixlərdə təxminən 60-a yaxın İran TIR-ı yenə qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunu önləmək üçün biz artıq praktiki addımlara keçdik. Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanır. İlk dəfə şifahi xəbərdarlıq, ikinci dəfə nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd postu, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və nəticədə Qarabağa hərəkət edən İran TIR-larının sayı sıfra endi.
Baxın, işi bu yerə gətirib çatdırmaq lazım idimi? Orada, Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki bölgədə cəmi 25 min adam yaşayır. Bu bazar bəyəm o qədər önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə aşkar hörmətsizlik edəcək qədər önəmlidir? Əlbəttə, biz beynəlxalq konvensiyalarla və hüquqla təsbit edilən bütün imkanlardan istifadə etdik. Bəziləri deyirlər ki, sadəcə, İran maşınlarından gömrük vergisi alırsınız. Biz indi xarici ölkəyə getdiyimizdə gömrük vergisi ödəyirikmi, ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirsə, vergi verməlidir”.
![]()
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, İranla bağlı deyilənləri aysberqin bir çox mühüm qisminin ictimaiyyətə açıqlanması saymaq olar: “Vəziyyət o həddə gəlib çatdı ki, Azərbaycan Prezidenti atılan məlum addımların səbəblərini şəxsən özü açıqlamalı oldu. Bu açıqlamanı vermək üçün əsaslar var idi. Cənab Prezident müsahibəsində də bildirdi ki, bu məsələləri biz dostcasına həll eləmək istəyirdik. Amma İran nə bizim şifahi tələblərimizə, nə də yazılı rəsmi notamıza sanki əhəmiyyət vermirdi. Azərbaycan xeyli müddət səbir göstərdi, lakin görəndə ki, artıq Azərbaycanın qanunlarına qarşı hörmətszlik əndazəni aşır, o zaman Azərbaycan beynəlxalq konvensiyalara əsaslanan hüquqlarından istifadə etməli oldu. Azərbaycan Beynəlxalq Avtomobil Yolları Konvensiyasına əsaslanaraq da bu addımı atdı. İran da məhz bu cür edir-öz ərazisindən keçən xarici ölkə avtomobillərindən rüsum alır. Burada heç bir qanun pozuntusu və ya həmin ölkəyə qarşı hərəkət yoxdur. Azərbaycanın əsas narazı qaldığı məsələ, Prezidentin də dediyi kimi, İran yük maşınlarının cəmi 25 minə yaxın erməninin yaşadığı Azərbaycan ərazisinə icazə olmadan yük daşımaları olub”.
M.Sadəddinov xatırlatdı ki, Azərbaycanla İran arasında münasibətlərin normal olmasında Bakı hər zaman maraqlı olub. Azərbaycan həmişə çalışıb ki, qonşuluq münasibətlərini yüksək səviyyədə saxlasın: “Yadınızdadırsa, İrana qarşı beynəlxalq koalisiya formalaşanda Azərbaycan bunun əleyhinə çıxdı. İrana qarşı müxtəlif iqtisadi sanksiyalar tətbiq olunan zaman Azərbaycan «Şimal-Cənub dəhlizi» layihəsi üçün İranla danışıqlar apardı. Hətta Azərbaycan tərəfi kredit də ayırdı ki, bu dəmir yolunun İran ərazisindən keçən hissəsi inşa edilə bilsin. Amma İran dövləti müxtəlif bəhanələrlə bu layihədən yayındı. Azərbaycan Prezidenti azad olunan torpaqlarımıza ilk səfərlərindən birində Xudafərin körpüsünü dostluq körpüsü adlandırdı. Bütün bu və digər jestlərimizə baxmayaraq, İran Azərbaycanın maraqlarına zidd olan hərəkətlərini son zamanlar daha da artırmağa başladı. Azərbaycanın sərhəd ərazilərin bir hissəsi 30 ilə yaxın Ermənistanın işğalında olanda İran bir dəfə də olsun hərbi təlimlər keçməmişdi. Ancaq indi həmin əraziləri Azərbaycan azad edib və İran o ərazilərə yaxın sərhədində hərbi təlimlər keçir. Hər bir dövlətin öz ərazisinin istənilən nöqtəsində hərbi təlimlər keçirmək hüququnun olduğunu bilirik. Amma Azərbaycan vətəndaşlarında haqlı sual yaranır ki, Tehran niyə bu 30 ilə yaxın müddətdə həmin ərazilərdə təlim keçirmirdi, indi o ərazilərdə təlimlər keçirir. Bu sualın cavabı aydındır”.
Ekspert vurğuladı ki, Azərbaycan tərəfi yenə də nümayiş etdirdi ki, istənilən problemi qonşu olaraq həll etməyə hazırdır: “İran Prezident İlham Əliyevin xəbərdarlıq xarakterli fikirlərini nəzərə almalı və Azərbaycanın suverenliyinə zidd hərəkətlərə yol verməməlidir. Azərbaycan heç nədən çəkinmədən öz suverenliyindən irəli gələn tələbləri həyata keçirməyə qadirdir. Bunu məlum hadisələr və Prezident İlham Əliyevin müsahibəsində dedikləri bir daha sübut etdi. Nəinki İran dövləti, bütün dövlətlər bilməlidir ki, milli maraqlarından irəli gələn istənilən addımı atmağa Azərbaycan dövləti hazırdır, qadirdir. Əgər kimsə bizimlə normal münasibətlər qurmaq, saxlamaq istəyirsə, beynəlxalq qanunlara uyğun olaraq dövlətlərarası münasibətlərə uyğun davranmalıdır”.

Sədrəddin Soltan
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan düşünür ki, Prezidentin də xəbərdarlığından sonra münasibətləri düzəltməyə çalışan İran bir qədər də geri addım atacaq: “İran xarici siyasətində adətən hansısa problemi şişirdib, sonradan onun həlli ilə məşğul olmaq taktikasına yönəlir. Azərbaycan və İran arasında gərginlik azalmaqdadır. İranın xarici işlər nazirinin müavininin Bakıya səfəri, İranın ölkəmizdəki səfirinin Azərbaycanla bağlı açıqlamaları onu deməyə əsas verir ki, artıq iki ölkə arasındakı münasibətlər normallaşa bilər.
Səfir bu yaxınlarda müsahibələrin birində İranın Azərbaycan Respublikasının yanında olduğunu və ölkəmizin qələbəsinə sevindiyini söyləyib. Səfir hökumətin təmsilçisidir və bu, İran hökumətinin fikri kimi də qəbul oluna bilər. Odur ki, İran və Azərbaycan arasında gərginliyin artacağını, fövqəladə nələrinsə baş verəcəyini gözləmirəm. Bundan sonrakı mərhələ mənə elə gəlir ki, əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi, real addımların atılması istiqamətində davam edəcək. İran vəziyyəti axıra qədər gərginləşdirib nəyə nail olacaq? Azərbaycanla müharibə edəcək? Yoxsa diplomatik münasibətləri kəsəcək? Əlbəttə, bunların heç biri baş verəsi deyil. Belə addımlar indiki məqamda İrana sərf etmir. Sanksiyalarla üz-üzə qalan dövlət bu addımları ata bilməyəcək”.(Modern.az)
S.Soltan bu yaxınlarda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün nəzərdə tutulduğunu söyləyib: “İran regionda, Cənubi Qafqazda yaranmış reallıqla barışmağa məcbur olacaq. Başqa çıxış yolu yoxdur. İran-Azərbaycan münasibətləri yumşalmağa doğru getdiyindən, cənubi azərbaycanlıların da etirazlara başlamasına səbəb yoxdur. Bu, artıq geridə qalmış mərhələdir. Soydaşlarımızın geniş aksiyalar keçirəcəyinə, İran hökumətinə qarşı addımlar atacağına inanmıram”.
Etibar SEYİDAĞA
“Yeni Müsavat”

