Əsas səhifə 

Milli maraqlar üzərində qurulan siyasət

ARANTV.AZ xəbər verir ki, bu gün Azərbaycanın siyasi mövqeyi və iqtisadi çəkisi onu nəinki regionun lakomativinə, lider dövlətinə çevirib, ölkəmiz qlobal miqyasda mühüm söz sahibi kimi çıxış edir. Birmənalı şəkildə demək olar ki, dünyanın aparıcı güc mərkəzləri də regional layihələrdə Azərbaycanla hesablaşır. Azərbaycan dövlətinin siyasi iradəsi olmadan regionda istər regional əhəmiyyətli, istərsə də beynəlxalq əhəmiyyətli heç bir layihə gerçəkliyə çevrilə bilməz. Azərbaycanın siyasi iradəsi isə şübhəsiz ki, milli maraqlara söykənir.

Azərbaycan heç bir dövlət üçün, hətta supergüclər üçün də poliqon deyil, sadəcə, əməkdaşlıq platforması ola bilər, dövlətimiz öz ərazisindən bir dövlətin digərinə qarşı istifadəsinə heç vaxt heç bir halda icazə verməyib. Biz Rusiya-İran, ABŞ-İran, Rusiya-Türkiyə, İsrail-İran münasibətləri çərçivəsində Azərbaycanın tutduğu mövqedə bunu ardıcıl olaraq görmüşük. Azərbaycan əməkdaşlıq əlaqələrinin qurulmasına açıqdır və bu istiqamətdə daimi dəstək verir, eyni zamanda öz milli maraqlarını uğurlu təmin edir.
Prezident İlham Əliyev “Real” TV-yə müsabəsində Azərbaycanın siyasi mövqeyini bu baxımdan şərh edib. Jurnalistin “Forumda Sizin çıxışınızdan bir sitat gətirmək istəyirəm. Mənə elə gəlir ki, bu, yeni redaksiyada təqdimat idi: “Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub”. Bu bəyanatınızı bir az açıqlamağınızı xahiş edirəm” sualına cavab verərkən dövlət başçısı aydın şəkildə bildirib ki, biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq, amma bunu tarazlaşdırılmış siyasət adlandırmaq olmaz. Sitat: “Bəli, bu açıqlama təsadüfən verilmədi. Çünki yenə də deyirəm, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.

Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, – təbii ki, Ermənistan istisna olmaqla, – dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır.

Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, nəqliyyat layihələrimizi icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Biz qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox. Nəinki yaxın qonşularımızla, biz daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradırıq. Məhz bu əməkdaşlıq formatı imkan verir ki, biz öz nəhəng, transmilli layihələrimizi uğurla və vaxtında icra edək. Ona görə bu, bizim üçün strateji əhəmiyyət daşıyan bir yanaşmadır. Mən şadam ki, bu gün qonşularımızla bizim əlaqələrimiz dostluq, mehriban qonşuluq, əməkdaşlıq üzərində qurulub və bu əməkdaşlığın çox böyük gələcəyi var”.

Prezident qeyd edib ki, eyni zamanda, Azərbaycan müsəlman aləminin bir parçasıdır: “Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir. Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk. Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, sadəcə, bir idman yarışı deyildi. Bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi əlbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi. Ona görə xarici siyasətimizin önəmli istiqaməti müsəlman ölkələri ilə əməkdaşlıqla bağlıdır”.

Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələri də şərh edib və qeyd edib ki, bu strukturla sıx əlaqələr qurulub: “Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb – Avropa İttifaqının üçdəbir hissəsi ilə. Keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. Bu, çox ciddi sənəddir, bir çox məsələləri əhatə edir, o cümlədən münaqişə ilə bağlı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında açıq-aydın dəstək göstərilir. Bu, böyük diplomatik uğurumuzdur. Bu, xarici siyasətimizin əsas istiqamətləridir.

Biz Qoşulmama Hərəkatının üzvüyük. Bir neçə il bundan əvvəl üzv olmuşuq. Amma dərhal Qoşulmama Hərəkatı, – BMT-dən sonra ikinci böyük təşkilatdır, – münaqişə ilə bağlı çox ədalətli qətnamə qəbul etmişdir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Yəni, bizim beynəlxalq nüfuzumuz artır. Biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də çox çətin bir mübarizədə. On altı turdan sonra biz buna nail ola bilmişik. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, bizə inam, rəğbət var, bizim müstəqil siyasətimizə dəstək var. Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.

Azərbaycanın siyasi mövqeyindəki sabitlik, dayanıqlılıq, monolitlik onu etibarlı tərfdaş kimi tanıdır. Ölkəmiz beynəlxalq miqyasda müsbət imicə malikdir və bu, ona bütün ikitərəfli və beynəlxalq münasibətlərdə üstünlük qazandırır.

Vüsal Məmmədov

Daha çox xəbərlər