Vyetnamın VTC1 televiziya kanalında “Azərbaycan-sirlər yurdu” adlı film nümayiş etdirilib
ARANTV.AZ xəbər verir ki, Vyetnamın 50 milyondan çox tamaşaçısı auditoriyası olan VTC1 televiziya kanalında “Azərbaycan-sirlər yurdu” adlı film nümayiş etdirilib. Filmədə ölkəmizin təbiətindən, zəngin mədəniyyətindən bəhs olunur.
VTC1 (Vi-Ti-Ci1) kanalında yayımlanan “Azərbaycan-sirlər yurdu” adlı filmdə bildirilir ki, Şərqlə Qərbin kəsişdiyi məkanda yerləşən, zəngin mədəniyyətə malik Azərbaycan son illər dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirilib. Əsrarəngiz təbiəti olan ölkə zəngin memarlıq mərkəzlərindən biridir. Tamaşaçılara paytaxt Bakının qədimliyi ilə yanaşı, ölkəmizdəki adət-ənənədən, əsrləri özündə yaşadan “İçərişəhər” və “Qobustan qoruqları” haqqında ətraflı məlumat verilir. Hər iki kompleksin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edildiyi vurğulanır. Məlumat verilir ki, inşa edilən binalarda Avropa memarlığı üslubuna da rast gəlmək mümükündür. Filmdə Vyetnamın media və turizm şirkətlərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərinə və keçirdiyi görüşlərə də toxunulur. Hər iki ölkənin turizm sahəsində böyük əməkdaşlıq potensialına malik olduğu xüsusi ilə vurğulanır. Vyetnamlı tamaşaçılara müxtəlif iqlim qurşağında yerləşən və turistlər üçün son dərəcə cazibədar olan Azərbaycana səfər etmək tövsiyə olunur.

