Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir
ARANTV.AZ xəbər verir ki, Azərbaycanda yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir. Ali Məhkəmənin Plenumunda ötən ilin yekunları və görüləcək işlərin müzakirəsi zamanı bu fikir səsləndirilib.
“Elektron məhkəmə” informasiya sisteminin yaradılması və aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısını alıb. Ali Məhkəmənin Plenumunda qurumun sədri Ramiz Rzayev ötən ilin yekunları ilə bağlı çıxışında belə dedi. Onun sözlərinə görə, bu da aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəməyə müraciət imkanlarının daha da asanlaşmasına xidmət edir. Ötən il Prezident İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, qurumun fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyü vurğulandı. Ramiz Rzayev “Elektron hökumət”in tərkib hissəsi olan “Elektron məhkəmə” informasiya sisteminin üstünlükləri barədə də məlumat verdi. Qeyd edildi ki, ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı da gücləndirilib, yeni texnologiyalar tətbiq edilib, maddi-texniki baza möhkəmləndirilib. Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2018-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları da dinlənildi. Bildirildi ki, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb. Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olan işlərin sayı 2 faiz artıb. Həm baxılan işlər, həm də ləğv olunan məhkəmə qərarlarının sayınin azalması aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların keyfiyyətinin yüksək olmasını göstərir. Ali Məhkəməyə edilən müraciətlərdə artım müşahidə olunur ki, bu da vətəndaşların məhkəmələrə inamı ilə əlaqədardır.

