Qlobal sülh, ədalət və həmrəylik naminə
Azərbaycan qlobal çağırışlarla mübarizəyə töhfə verən ölkəyə çevrilmişdir
2021-ci il oktyabrın 11-12-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı, eyni zamanda, Hərəkatın sədri kimi Azərbaycanın səmərəli fəaliyyətini və üzv dövlətlər arasında artan nüfuzunu nümayiş etdirdi. Ölkəmizin sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilmiş Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. 2011-ci ildə tamhüquqlu üzv qəbul olunmağımızdan cəmi altı il sonra BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, daha sonra bu il ölkəmizin sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə yekdil qərarları üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Altmış illik yubiley tədbirinin rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxunaraq, Hərəkatın qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynadığını qeyd etdi. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsiplərinin Qoşulmama Hərəkatının təməlində dayandığını bildirən dövlətimizin başçısı bu prinsiplərin müasir beynəlxalq münasibətlərdə də aktual və vacib olaraq qaldığını söylədi: “Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir.”
Sədrlik dövründə qeyd olunan təməl prinsiplərə sadiqlik nümayiş etdirən Azərbaycan özü də beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqindən əziyyət çəkən ölkə olmuşdur. Odur ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında qalmış torpaqlarımızın azad olunması, ağır məğlubiyyətə uğramış Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur edilməsi, Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələrinin icrasını təmin edərək 30 illik münaqişəyə son qoyması və tarixi ədaləti bərpa etməsi, eyni zamanda, beynəlxalq hüququn normaların təmini, Qoşulmama Hərəkatının əsas Bandunq prinsiplərinin reallaşdırılması oldu. Bu, həm də Azərbaycanın, Prezident İlham Əliyevin üzv dövlətlər arasında, eləcə də beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxardı.
Çıxışı zamanı müharibə dövründə Hərəkat üzvlərinin Azərbaycana dəstəyinə toxunan Prezident İlham Əliyev bildirdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı: “Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.”
Qeyd edək ki, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü bir sıra təşəbbüslər haqqında da danışdı: “Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, – 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur.”
Azərbaycan özü də koronavirus pandemiyasının mənfi təsirləri ilə üz-üzə qalmasına, üstəlik torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə aparmasına baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatına yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım olmaqla 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün ölkəmiz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmiş, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir. Bütün bunlar, eyni zamanda, Azərbaycanın güclü və dayanıqlı iqtisadiyyata malik olduğunu göstərir.
Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etdi və bildirdi ki, belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir: “Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq.”
Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək və bunun üçün konkret təkliflər mövcuddur. Dövlətimizin başçısı çıxışı zamanı həmin təklifləri də səsləndirdi: “COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik. BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı. Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıdakı çıxışı bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq miqyasda artan nüfuzu sayəsində qlobal çağırışlarla mübarizəyə töhfə verən ölkəyə çevrilmişdir və bundan sonra da Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq münasibətlərdə ədalətin, beynəlxalq hüququn müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

