Əsas səhifə 

Yeni neft strategiyasının Prezident İlham Əliyev mərhələsi

Bu, vətəndaşlarımızın rifah halının yüksəlməsinə və dövlətimizin qüdrətlənməsinə xidmət edir

Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının zirvə sənədi – 1994-cü il sentyabrın 20-də imzalandı və beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adlandırıldı.  Qeyd edək ki, bu müqavilə layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanması Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır. Belə ki, hələ o vaxtlarda SOCAR-ın birinci vitse-prezidenti olan İlham Əliyev xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlərdə qətiyyəti və səriştəliyi sayəsində Azərbaycan dövlətinin maraqlarını geniş miqyasda qoruya bilmişdir. Çox-çox sonralar Prezident İlham Əliyev «Əsrin müqaviləsi»nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin mahiyyəti barədə belə demişdir: «Azərbaycan yeni müstəqil dövlətdir, müstəqil həyatda ilk addımlarını atır… Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu, çox müsbət haldır), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı, istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun».

Azərbaycanın neft strategiyası haqlı olaraq uzunmüddətli milli inkişaf proqramı kimi dəyərləndirilir. Bu strategiyanın əsas qayəsi ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin üzləşdiyi problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşmasıdır.Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının malik olduğu ən böyük sərvət olan neft təkcə indiki nəsillərə yox, həm də gələcək nəsillərə məxsusdur.

Ümumilikdə isə demək olar ki, neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoymuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Neft sazişlərinin əhəmiyyətinin ən dolğun mahiyyətini ölkəmizin başçısı İlham Əliyev belə şərh etmişdir: «Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi».

Prezident İlham Əliyevin uğurlu neft siyasəti ölkəmizə qoyulan xarici investisiyaları nəinki artırdı, hətta Azərbaycan dövləti xarici ölkələrə irihəcmli investisyalar qoymağa nail oldu. Məhz Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində SOCAR-ın maliyyəsi ilə inşa olunan Star Neft Emalı Zavodunun (NEZ) 2018-ci ilin oktyabrın 19-da açılış mərasimi keçirilib. Ümumi investisiya dəyəri 6,3 milyard ABŞ dolları təşkil edən zavodda ildə 10 milyon ton xam neft emalı edilir.

Prezident İlham Əliyevin neft strategiyasının digər önəmli mərhələsi 2017-ci ilin 14 sentyabr tarixidir. Bu tarixdə Azərbaycan hökuməti və BP başda olmaqla beynəlxalq konsorsium «Azəri-Çıraq-Günəşli» neft-qaz yatağının 2050-ci ilə qədər işlənməsi haqqında yeni saziş imzaladılar. Mötəbər xarici qonaqların da iştirak etdikləri və Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: «Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. «Azəri-Çıraq-Günəşli» neft yatağının işlənilməsi 2056-cı ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var».

İlkin hesablamalara görə, bu saziş çərçivəsində ilk məhsul 2023-cü ildə əldə olunacaq və saziş müddətinin sonunadək 300 milyon barel neft çıxarılacaq. Sazişin digər əhəmiyyəti həm də ondan ibarətdir ki, böyük dərinliklərdən neft çıxarılmasına imkan verəcək yeni texnologiyaların tətbiqi və əvvəllər cəhd göstərilməyən mezozoy qatlarından neftin çıxarılması əsas məqsəd kimi götürülmüşdür. Yeni sazişdə SOCAR-ın payının 11,6 faizdən 25 faizə qədər artırılması da diqqət çəkən məqamlardandır.

Təbii ki, birdən-birə dünyanı çənginə alan COVID-19 pandemiyası  neft ölkələri üçün daha çox sarsıntılar yaratdı. Bir neft ölkəsi olaraq Azərbaycan da bu çətinliklərlə üzləşdi. Lakin ölkə Prezidentinin vaxtında və düzgün strategiyaya əsaslanan siyasəti sayəsində bir çox ölkələrdə baş verən iqtisadi tənəzzül baş vermədi, yaranan geriləmələr isə dövlətin köməyi ilə aradan qaldırıldı. Bunun da nəticəsində həmin çətinliklər dövründə iqtisadiyyatımıza dəyəcək ziyanların qarşısı vaxtında alındı.

Bu gün dünyada qəbul olunmuş belə bir tezis var: «Neft – enerji deməkdir, enerji isə sərvətdir». Məhz Prezident İlham Əliyevin uğurlu neft siyasətinin nəticəsidir ki, Azərbaycan nefti ancaq vətəndaşlarımızın rifah halının yüksəlməsinə, dövlətimizin qüdrətlənməsinə xidmət edir.

Daha çox xəbərlər