Əsas səhifə 

Ölkənin sosial-iqtisadi inkişafında regionların rolunun artması günümüzün reallığıdır

Dövlət başçısı İlham Əliyevin təkcə İsmayıllı rayonuna səfəri çərçivəsində açılışı keçirilən, həmçinin görülən işlərlə tanışlığı olan, istifadəyə verilən sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir

Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Bölgələrin inkişafına kompleks yanaşmanı regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarından aydın görə bilərik.

Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının özünün də qeyd etdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bəyan edilən bütün hədəflər – ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Onu da qeyd edək ki, ötən ilin fevralında keçirilən və 20 ildə verilən vədlərin icrasının ümumiləşdirilmiş ifadəsi olan prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən bildirdi ki, əlbəttə, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Prezident İlham Əliyev diqqəti sosial sahədə əldə edilən göstəricilərə də yönəltdi. 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyev bu çağırışı da etdi ki, xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, həm də turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.

Yoxsulluq 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. Yeni iş yerlərinin yaradılması qarşıya prioritet məsələ kimi qoyulub. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, yeni iş yerlərinin yaradılması daimi prosesdir. 2003-cü ildə bu hədəf qarşıya qoyuldu ki, neft kapitalı insan kapitalına çevrilməlidir. İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya əsas vəzifə kimi qoyuldu. Bu məqsədlə təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası hazırda bölgələrin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır.

Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bölgələrə davamlı səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev görülən işlərlə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq regionlara səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərinin dilindən eşitməyi daha məqsədəuyğun hesab edir. Regionların inkişafı, eyni zamanda, qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilir. Yaradılan şərait bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş təkan verir. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional inkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində – fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı platformasının bir hissəsi idi. Cənab İlham Əliyev həmin vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional inkişaf proqramları qəbul olundu və uğurla icra edildi.

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Azərbaycanın uğurlu inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Azərbaycan mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir.

Hazırda qeyri-neft sektorunun inkişafı əsas prioritetlər sırasındadır. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi mühüm çağırışlardandır. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Mayın 26-da İsmayıllı rayonunda səfərdə olan dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış oldu, “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin, “Talıstan” liseyinin binasının açılışında iştirak etdi. Qeyd edildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. 1296 şagird yerlik lisey də “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə bir neçə vacib layihə həyata keçirib. Müasir məktəblərin qurulması həm də Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsində olduqca mühüm rol oynayır. “Talıstan” liseyində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısına son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, o cümlədən 2020-2025-ci illərdə istifadəyə verilən istehsal müəssisələri və istirahət mərkəzləri barədə məlumat verildi. Həmin dövrdə rayonda fəaliyyətə başlamış bu obyektlərdə 400-ə yaxın iş yeri açılıb. Prezident İlham Əliyevə rayonun Tircan kəndində su istehsalı müəssisəsinin inşası ilə bağlı məlumat verildi. İllik istehsal gücü 25 milyon litr olan müəssisədə 80 nəfər işlə təmin ediləcək.

Qeyd edək ki, ölkəmizin turizm mərkəzlərindən biri olan İsmayıllı rayonu son illərdə sürətlə inkişaf edib. İndiyədək dövlətimizin başçısı bu rayonda 10 dəfə olub. Prezidentin İsmayıllıya hər səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə, yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonda aparılan tikinti-quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsulunun həcmində, yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.

İnfrastrukturun yenilənməsinə, inkişafına xidmət edən mühüm addımlardan biri olan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanışlıq diqqətdən kənarda qala bilməz. Belə ki, bu mühüm addım əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olmaqla paytaxt Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa magistral hesab edilir. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.

Səfər çərçivəsində diqqətdə olan mühüm addımlardan biri də “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışı oldu. Bu, “Coca-Cola Bottlers” MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. Yeni müəssisə tərəfindən istehsal olunacaq məhsulların əsasən daxili bazarda satışı nəzərdə tutulub. Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. “Azerbaijan Coca-Cola Bottlers” MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə əldə olunan yaşıl enerji ilə təmin etməyi nəzərdə tutur. İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yeni müəssisənin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz edilməsini stimullaşdırır.

Qeyd edək ki, regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar şərait, güzəşt və imtiyazlar onları ölkəmizə daha çox sərmayə yatırmağa sövq edir. “Coca-Cola”nın Azərbaycana investisiyalarının artırılması da ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Paytaxtla yanaşı, regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır. “Azerbaijan Coca-Cola Bottlers” MMC ölkəmizdə istehsala 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.

Reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılıb. Bölgələrdə yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” mərkəzlərinin coğrafiyası genişlənir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 100 faizdir. İşğaldan azad edilmiş ərazilərdə də bu mərkəzlərin yaradılması əsas hədəflər sırasındadır

Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd edir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Bölgələrə səfərlərinin əksəriyyəti məhz o bölgələrəvşk. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daşı-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik. Ona görə müharibə başa çatan kimi dərhal quruculuq işlərinə start verilmişdir.

İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə institutunun yaradılması görülən işlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac yarandı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. İqtisadi rayonların yeni bölgüsü həyata keçirildi. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun yüksəldilməsi dayanır. Bugünədək pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılmış, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlamış, milyonlarla yeni iş yerləri açılmış, yoxsulluq və işsizlik minimuma endirilmişdir.Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Yuxarıda da qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Azərbaycan artıq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə dünyanın diqqətindədir. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Bu ərazilərdə yeni idarəetmə sistemi yeni uğurların açarı olaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bu torpaqlarda əbədi olacağıq. Cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı da özündə hədəflərə çatmaq üçün icra mexanizmlərini və nəzarəti ehtiva edir. Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının yüksək səviyyədə qorunması və təmin edilməsi üçün möhkəm baza mövcuddur.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır. Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı, rəqabətli iqtisadiyyatını formalaşdırılması olacaqdır. Dövlət başçısı İlham Əliyev bildirir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir.

Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən 20 ildə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu və sadalamadığımız digər faktlar bir daha sübut edir ki, ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, oradakı infrastrukturun yaradılması və Böyük Qayıdış Proqramının reallaşdırılması kimi mühüm çağırışların dayanmasına baxmayaraq, Azərbaycanda balanslaşdırılmış daxili siyasət kursu həyata keçirilir, heç bir bölgə heç bir sahədə ölkənin ümumi inkişafından kənarda qalmır. Son illərin statistikasına diqqət yetirsək görərik ki, Prezident İlham Əliyev hər il işğaldan azad edilmiş ərazilər istisna olmaqla təqribən 15 rayona səfərlər həyata keçirir, açılış və təməlqoyma mərasimlərində iştirak edir, tikinti aparılan və ya aparılacaq obyektlərdə işlər və ya onların planları ilə tanış olur. Atılan hər bir addım ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaradır. Bölgələrin inkişafına kompleks yanaşma davamlı uğurlarımızı şərtləndirir.

Yeganə Əliyeva, «İki sahil»

Daha çox xəbərlər