İranı Qarabağdakı talana görə məhkəməyə vermək təklifi
Ekspert: “Belə bir məhkəmədə İran tək bizlə deyil düşmən olduğu bütün dünya ilə üz-üzə qala bilər”
“İranı beynəlxalq məhkəməyə verməliyik və bu ölkə Azərbaycana təzminat ödəməlidir”. Bunu deputatı Fazil Mustafa İranın 44 günlük Vətən müharibəsi dövründə qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olmaqla ordumuzun hərbi əməliyyatlarına mane olmağa çalışması faktına beynəlxalq hüquq prizmasından qiymət verərkən deyib.
F.Mustafa deyib ki, İranın bu əməli Azərbaycan ərazilərinə təcavüz etməsi mənasına gəlir. Bu, sübut olunarsa, İran Azərbaycana təzminat ödəməlidir. Çünki həmin olay ərazilərimizin dağıdılması və ermənilərlə birlikdə işğalında İranın birbaşa rolunun olduğunu göstərir. Ona görə də sübutları ortaya qoymaqla Azərbaycan tərəfi İrana qarşı hüquqi iddia qaldırmalıdır. Bu iddianın təsdiqi vacibdir və həmin istiqamətdə işləməliyik. İranı buna görə beynəlxalq məhkəməyə verməliyik.
Bəs bunun hüquqi mexanizmi varmı?
![]()
Yeganə Hacıyeva
Beynəlxalq hüquq üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, son 10 illikdə bütün dünyada istər milli, istərsə beynəlxalq səviyyədə cinayətlər haqqında məlumatların əldə edilməsi, sistemliliyi və beynəlxalq müqayisəliliyinin təmin edilməsində imkanlar daha geniş olduğu üçün nəzarətsiz ərazilərdə cinayətlərin izlənməsi və daha sonra hüquqi təqib olunması asanlaşıb: “Sırf bu istiqamətdə fəaliyyət göstərən sahələr son illər texnoloji inkişafdan daha çox faydalanmış və inkişaf etmiş sahələrdir. Adətən nəzarətsiz ərazilərdə fəaliyyət göstərən biznes qurumları bu və ya digər dövlətlərə bağlılığı ilə paralel həm də müstəqil fəaliyyət göstərirlər. Çox zaman bu şirkətlərin dövlətlərə bağlı olmasının sübut edilməsi müşkül hala çevrilir.
Əlbəttə, məhz bu hal İranın Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən şirkətlərinə aid deyil, çünki bu şirkətlərin adları məhz Ermənistanda hüquqi çəkişmə zamanı bu şirkətlərə maliyyə xidməti göstərmiş bankın rəsmisi tərəfindən səsləndirilmiş, Azərbaycan və digər ölkələr bu yolla bu haqda məlumatlanmışlar.
Məsələn, Qarabağda işğal illərində fəaliyyət göstərmiş 50-yə yaxın şirkətin adları İran Milli Bankının İrəvan filialının şöbə müdiri olmuş Ermənistan vətəndaşı Hraçya Ovanisyan bankın onu işdən çıxarmasına və məhkəməyə verməsinə etiraz olaraq açdığı məhkəmə prosesindən sonra yayılmışdı”.
Ekspert qeyd etdi ki, son illər belə cinayətlər haqqında etibarlı məlumatlar, cinayətkarlıq səviyyəsində dəyərləndirilməsi, müəyyən olunması, dövlətin belə cinayətkarlığa reaksiyasının müşahidə olunması, bu istiqamətdə siyasətin qiymətləndirilməsi onlara qarşı hüquqi təqiblərin açılması üçün əsas rolu oynayır: “Bunun üçün bir neçə beynəlxalq mexanizmlər işlənib ki, nəzarətsiz ərazilərdə işğalçı və onlara dəstək verən qonşu dövlətlərin qeyri-dürüst davranmasından dövlətlərin çəkdikləri ziyanın dəyərləndirilmısi üçün istifadə olunur.
Hazırda bu mexanizmlərin tətbiqi ilə bir neçə regionu əhatə edən beynəlxalq mütəşəkkil cinayətkarlıq və ən əsası üçüncü dövlətlərə məxsus biznes qrupların nəzarətsiz ərazilərdəki fəaliyyətinin araşdırılmasına aid bir neçə beynəlxalq məhkəmə prosesləri gedir. Bunlar Avropadan olan biznes qurumlarının Ukraynada, Afrikada, Gürcüstanda fəaliyyəti ilə bağlı işlərdir.
Konkret olaraq İranın Azərbaycanın ərazilərində talan olunmasında iştirakı ilə bağlı, bu hüquqi təqiblə əlaqədar onu qeyd etməliyəm ki, bu illər ərzində nəzarətsiz ərazilərdə təbii resursların, mineral resursların hasilatı, sənaye resurslarının talanmasında adı keçən İran şirkətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət üçün məlumatlar kifayət qədərdir.
Azərbaycanda Oxçuçayda ekoloji kollapsın yaranması, çayın çirklənməsində rolu olan alman şirkəti ilə bağlı Almaniya hökuməti məsuliyyətini anlayır və bu çayın təmizlənməsi ilə bağlı təşəbbüslər irəli sürür. Qarabağda və işğal olunmuş digər ərazilərimizin talan olunmasında rolu olan İran şirkətləri ilə bağlı İran da bu tip təşəbbüslərdə bulunmuş ola bilər, bu halda beynəlxalq məhkəməyə ehtiyac qalmaz. Çünki belə bir məhkəmədə İran tək bizlə deyil, düşmən olduğu bütün dünya ilə üz-üzə qalma kimi faktla üzləşəcək”.

