Əsas səhifə 

Zəngəzur dəhlizinin açılması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq

Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə, Bakı-Culfa-Naxçıvan əsas dəmir yolları və magistral yollarının üzərində yerləşir. Rayon 1993-cü ildə oktyabrın 29-da təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun 2020-ci il 27 sentyabrda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri, eləcə də Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz strateji yüksəkliyi, bundan başqa Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik, 52 kənd düşməndən azad olundu.  Qələbədən sonra həmin bölgələrin inkişafı üçün bütün imkanlarımız – siyasi iradə, xalqın dəstəyi, maliyyə resurslarımız olduğuna görə azad olunmuş torpaqların bərpası və yenidənqurulması, Qarabağın cənnətə çevrilməsi qarşıya bir məqsəd olaraq qoyuldu. Bu, həm də strateji hədəf kimi müəyyən edildi.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda çox işlər görülür. Demək olar ki,  yerlə bir edilmiş bölgə  gözümüzün önündə bərpa olunur. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində önəmli yer tutacaq.

Qısa müddət ərzində üç hava limanı və dəmir yolunun birləşdirilməsi işlərinə də başlanıldı. Erməni işğalı tərəfindən coğrafi mövqeyi nəzərə alınmaqla tamamilə məhv edilən Zəngilan əhəmiyyətli bir regional nəqliyyat -logistika mərkəzi rolunu oynaya bilər. Qeyri-enerji sektoruna və biznesə daha çox investor cəlb etmək imkanları hər keçən gün artır.

7 iyul 2021-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzaladı. İqtisadi rayonlar bütövlükdə bölgənin və seçilmiş coğrafiyanın iqtisadi inkişafı baxımından vacibdir. Dövlət proqramları hazırlanan zaman isə iqtisadi rayonlarla bağlı daha ünvanlı proqramlar həyata keçirmək mümkün olur. Zəngilan rayonu da Şərqi Zəngəzur iqtisadi rayonun tərkibindədir. Bu iqtisadi rayon təbii ehtiyatlarla zəngin olan ərazimizdir. Orada qızıl, mis, inşaat materialları, dəmir ehtiyatları var. Bu ehtiyatlar nəticə etibarilə həmin ərazilərimizdə yeni istehsal sahələrinin, xüsusən də sənaye müəssisələrinin yaradılmasına imkan verəcək. Digər vacib məqamlardan biri Şərqi Zəngəzurun artıq müzakirə olunan və gələcəkdə formalaşdırılacaq Zəngəzur dəhlizinə çıxışı imkanlarıdır. Bildiyiniz kimi, Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını (Ordubad rayonunu) birləşdirəcək. Bu da həm Zəngəzur dəhlizindən istifadə etmək imkanı, həm də Zəngəzur dəhlizi vasitəsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunmasına imkan verəcək. Bu, nəqliyyat və logistik imkanlar baxımından vacibdir.

Zəngilandan keçən loqistik layihələr

Bu il aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanıldı. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Yeri gəlmişkən, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin inşası da əhəmiyyətli hadisədir. Bu dəmir yolunu istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük strateji önəmi var. Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsi yaranacaq və bu yol Türkiyəyə qədər uzanacaq. Eyni zamanda, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Ümumiyyətlə, işğaldan azad olunan torpaqlarda inşa olunan bütün yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.

2021-ci ilin aprel ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib istifadəyə veriləcək.  Mütəxəssislər bildirirlər ki, Zəngilanda Hava Limanının tikilib istifadəyə verilməsi eyni zamanda, Azərbaycan üçün Şərqə yeni qapı açacaq. Həmçinin hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.

İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

Daha çox xəbərlər