Meksika mətbuatı Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən yazdı
Meksikanın nüfuzlu KİV-lərindən olan “24 horas” gündəlik qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə müsahibəsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən “İki sahil”ə verilən məlumata görə, müsahibədə ilk olaraq erməni işğalının tarixi, Vətən müharibəsinin yekunları və işğal faktına son qoyulması haqda məlumat verilir.
Sonra işğal müddətində erməni tərəfinin törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər, habelə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıdışını ləngitmək üçün yaratdığı maneələr, bu xüsusda bölgədəki kütləvi dağıntılar və minalama haqda danışılır.
Yazıda, həmçinin Şuşa şəhərinin Azərbaycanın tarixindəki və mədəniyyətindəki xüsusi əhəmiyyəti haqda məlumat verilir, ölkəmiz tərəfindən Şuşada və azad olunmuş digər bölgələrdə aparılan intensiv yenidənqurma işlərindən bəhs edilir.

