Cəmiyyət 

Azərbaycan dünya mediasında

Ölkəmizin inkişaf modeli dünya ictimaiyyəti üçün maraqlıdır. Dünya mediasının, nüfuzlu beynəlxalq çap və elektron nəşrlərin Azərbaycanla bağlı yazılara sıx-sıx yer ayırması da bu baxımdan təsadüfi deyil.

Həmişə olduğu kimi son günlər ərzində də ölkəmiz haqqında dünyanın müxtəlif ölkələrinin KİV-lərində materiallar dərc olunub.

İRNA: İran və Azərbaycan yaxın qonşular və regional müttəfiqlərdir

İranın İRNA Dövlət İnformasiya Agentliyi “İran və Azərbaycan: Yaxın qonşular və regional müttəfiqlər” sərlövhəli analitik məqalə dərc edib. Məqalədə Azərbaycan-İran əlaqələrinin inkişafından bəhs olunur.

Azərbaycanın dövlət müstəqilliyini çətinliklə bərpa etdiyinə diqqət çəkən müəllif qeyd edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və 1993-cü ilin yayında ölkə prezidenti seçildi. Bundan sonra rəsmi Bakı İranla əlaqələrini inkişaf etdirməyə başladı. Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın bütün sahələrdə inkişafına nail olub. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrdə yeni səhifənin açılmasına nail olublar. Hər iki dövlət başçısının səyləri nəticəsində iqtisadi, ticarət, turizm, nəqliyyat, energetika, mədəniyyət və digər sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub. Bu günədək İran ilə Azərbaycan arasında 150-dən çox sənəd imzalanıb və icra olunmaqdadır.

Agentlik Neftçalada prezidentlərin iştirakı ilə iki ölkənin ortaq avtomobil zavodunun açılışını, Naxçıvan-Təbriz-Məşhəd qatarının fəaliyyətə başlamasını və digər birgə layihələri qarşılıqlı iqtisadi əlaqələrin göstəricisi kimi səciyyələndirir. Bildirilir ki, hər iki dövlət regional əməkdaşlıq sahəsində də irəliləyişə nail olub. İran-Azərbaycan-Rusiya formatında əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyətə malikdir. Üç ölkənin prezidentləri Tehranda və Bakıda görüşlər keçirərək aktual məsələləri müzakirə ediblər.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulur və diqqətə çatdırılır ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. İran münaqişənin sülh yolu ilə beynəlxalq hüquq prinsipləri əsasında həlinə tərəfdardır.

Müəllif Azərbaycanda həyata keçirilən islahatlara toxunaraq vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada dinamik inkişaf edən ölkəyə çevrilib.

Mərakeş mətbuatı: Azərbaycan dünyaya açıq olan ölkədir

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Azərbaycanda turizm: görüdüklərim kimi” sərlövhəli məqalə dərc olunub. Məqalədə ölkəmizdə turizmin inkişafına verilən önəm və bu istiqamətdə müvafiq Dövlət proqramlarının icrasından danışılır.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan bu gün dünyaya açıq olan ölkədir. Xarici ölkələrdən buraya səyahət edən turistlər enerji və təbii sərvətlərin düzgün istifadəsi və sərmayələr nəticəsində əldə edilmiş inkişafın, ölkədə bərqərar olunmuş əmin-amanlığın şahidi olurlar. Bütün bunlar ölkənin strateji maraqlarının təmin edilməsi üçün vacib amillərdir.

Müəllif Azərbaycan xalqının qonaqpərvərliyi, nəzakət və mədəniyyəti, Azərbaycan mətbəxinin çoxçeşidli və dadından danışır.

Məqalədə bildirilir ki, “Bakı Bulvarı” dünyanın ən uzun sahilyanı gəzinti parkıdır, orada daim, xüsusilə axşam saatlarından gecə yarısınadək insanlar gəzərək istirahət edir.

Gəzinti və istirahət üçün Bakı şəhərinin ən gözəl və tarixi yerlərindən yazan müəllif qeyd edir: “Azərbaycanda hər şey var. Mən orada olanların kiçik bir hissəsini görmüşəm. Buna görə də ölkə haqqında dolğun məlumatı verə bilmərəm. Ziyarət etdiyim yerlərdən Bakı müasirlik və gözəlliklə fərqlənir. Bu şəhəri ziyarət etməyə tərəddüd etməyin”.

Mavritaniya qəzetləri Azərbaycan həqiqətlərindən yazır

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavritaniya-Azərbaycan… Geniş əməkdaşlıq perspektivləri” sərlövhəli məqalə dərc edilib.

Müəllifi mavritaniyalı Əbubəkir Afluat olan məqalədə 2010-cu ildə Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycan Respublikasına səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğu vurğulanır. Bildirilir ki, səfər zamanı kənd təsərrüfatı, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb. Prezident Məhəmməd Uld Əbdüləzizin Prezident İlham Əliyevlə görüşü zamanı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanların olduğu vurğulanıb və bu səfərin əlaqələrin gələcək inkişafı baxımından önəmi qeyd edilib.

Məqalənin “Ümidverici münasibətlər…” yarımbaşlığı ilə verilən ikinci hissəsində ikitərəfli münasibətlərin hazırkı mərhələsinə toxunulur. “Tarixi haqq…” yarımbaşlığı ilə verilən hissədə isə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışılır. Vurğulanır ki, Mavritaniya Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və digər 7 rayonunu işğal altında saxlayır. Beynəlxalq qərarlarda göstərildiyi kimi, Dağlıq Qarabağ qədim dövrlərdən Azərbaycanın ayrılmaz hissəsidir. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini irsin dağıdılmasını pisləyən qətnamələrdə işğala dərhal son qoyulması, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması tələb edilir. Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarmaqla bağlı BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və digər beynəlxalq təşkilatların qətnamələrinin tələblərinə məhəl qoymadığını qeyd edən müəllif Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məscidlərin, tarixi abidələrin dağıldığını və talan edildiyini bildirir.

Yazıda 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasi və iqtisadi strategiyanın həyata keçirildiyi bildirilir. Eyni zamanda, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilir.

Müəllif Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif aspektlərinə toxunaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ildə “İslam Həmrəyliyi İli” elan edildiyini, ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyini qeyd edir. Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan müəllif müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizin İslam mədəniyyətinin zənginləşməsinə dəyərli töhfələr verdiyini diqqətə çatdırır.

Məqalənin “Sürətli inkişaf…” yarımbaşlığı ilə verilən hissəsində Azərbaycanın son dövrdə bütün sahələrdə əldə etdiyi sürətli və uğurlu inkişafından bəhs edilir. TANAP, İpək Yolu, Şimal-Cənub nəqliyyat dəhlizi kimi beynəlxalq layihələrdə ölkəmizin fəal rolu vurğulanır.

Qətərin ingilisdilli “Peninsula” qəzeti də Azərbaycan barədə yazır

Qətərin ingilisdilli “Peninsula” qəzetinin 18 fevral tarixli nömrəsinin bütöv bir səhifəsi Azərbaycana həsr edilib. Qəzetdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovla müsahibə və diasporumuzun fəaliyyəti barədə geniş məlumat əks olunub. Səfir Rəşad İsmayılov müsahibədə Azərbaycan-Qətər münasibətləri haqqında geniş məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir ərazilərimizin erməni işğalından azad edilməsinə dair beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT tərəfindən qətnamələrin qəbulunda Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Müsahibədə Azərbaycan-Qətər iqtisadi-siyasi əlaqələri, mövcud müqavilə-hüquq bazası, ikitərəfli əməkdaşlığın əsas prioritet istiqamətləri və ölkəmizin cəlbedici investisiya və turizm imkanları kimi bir çox məsələlərə toxunulub.

Yazıda Qətərdəki Azərbaycan Cəmiyyətinin fəaliyyəti də geniş işıqlandırılıb. Azərbaycan icmasının üzvləri ilə müsahibələrə yer verilərək, Azərbaycan Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri haqqında danışılıb.

Həmçinin Qətərin ingilisdilli “Gulf Times” qəzetinin 18 fevral tarixli nəşrində “Azərbaycan Qətər rezidentləri üçün ölkəyə girişdə viza almaq imkanının yaradılmasını planlaşdırır” başlıqlı yazı nəşr edilib. Yazıda qətərli jurnalistlərin ölkəmizə səfəri zamanı Dövlət Turizm Agentliyində keçirilmiş görüşlərinə istinad edilərək, xarici turistlər, xüsusilə Qətər vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi və ölkəmizdəki mövcud turizm imkanlarından geniş bəhs olunub.

“Əl-İslah və Ət-Tənmiyə” qəzeti: Bakı VII Qlobal Foruma hazırlaşır

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Mart ayında VII Qlobal Bakı Forumu keçiriləcək” adlı məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə dövlət və hökumət başçılarının, din və elm xadimlərinin iştirak etdiyi onlarla siyasi, iqtisadi və mədəni tədbir keçirilib.

Həmin tədbirlərdə önəmli məsələlər müzakirə olunub. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qərarlarına məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı kimi problemlərin ədalətli həllinin vacibliyi bildirilib.

Diqqətə çatdırılır ki, Azərbaycan “İslam Həmrəyliyi İli” çərçivəsində siyasətçilərin, din və elm xadimlərinin iştirakı ilə “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib.

Məqalədə bu il mart ayının 14-16-da dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumundan söz açılır. Qeyd olunur ki, tədbirdə aktuallıq kəsb edən mövzularda panellər təşkil olunacaq. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr ediləcək.

Daha çox xəbərlər