Gündəm 

“Mina-sürprizlər”: Erməni terrorizminin yeni forması

Mina partlayışlarının davamlı xarakter alması və minalanmış ərazilərin dəqiq xəritələrinin gizlədilməsi hərbi cinayət kateqoriyasına aid siyasi sabotaj olmaqla yanaşı, həm də açıq terror təhdididir

Azad olunmuş ərazilər erməni terrorçularından təmizlənsə də, erməni terroru minalar şəklində hələ də can almağa davam edir. Şuşanın Daşaltı kəndində daha iki şəxsin mina qurbanına çevrilməsi göstərir ki, bu gün öz doğma yurd-yuvalarına dönməyi səbirsizliklə gözləyən minlərlə insan mina təhlükəsi ilə üz-üzədir. Bu Ermənistanın məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakinini öldürmək istəməsinin bariz nümunəsidir. Özü də ənənəvi erməni üsulu ilə – altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina qoymaqla daha çox itkilərə nail olmağa çalışırlar. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan bu günədək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-dən çox şəxs həlak olub və ya yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə keçən il noyabrın 11-dən cari il noyabrın 22-dək, ümumilikdə, 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu müddətdə, ümumilikdə, 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, bu günədək Ermənistan tərəfindən təqdim olunmuş minalanmış ərazilərin xəritələri qeyri-dəqiqliyi ilə seçilib. Buna son nümunə kimi ötən həftə işğaldan azad olunan ərazilərin mina sahələrinin formulyarlarının təqdim edilməsini göstərmək olar. ANAMA-nın rəsmi açıqlamasında deyilir ki, mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin təqdim edilmiş formulyarlarla ilkin tanışlıq zamanı onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratı yaradıb. Daha əvvəl Ağdam, Füzuli və Zəngilan rayonlarına dair verilmiş mina sahələri üzrə məlumatların da dəqiqliyi 25 faiz təşkil edib. Bu cür cinayətkar düşmənçilik mövqeyinin, arzuolunmaz siyasi xəttin tutulmasında əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Əslində bu hal yeni deyil. Ermənistanda bütün hakimiyyətlər dövründə daim dinc sakinlər və mülki şəxslər hədəf götürülüb. Azərbaycan xalqı yaxın keçmişdə ardıcıl şəkildə dinc əhalinin raket atəşinə tutulmasını yaxşı xatırlayır. Döyüş meydanında Azərbaycan Ordusu ilə bacarmayan işğalçı ölkənin ordusu bunun əvəzini həmişə dinc insanlardan çıxmağa çalışıb. Bu gün də eyni proses baş verir. Görünür, Ermənistan Türkiyəyə və Azərbaycana qarşı nifrət üzərində qurulmuş milli ideologiyasını dəyişmək istəmir. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə – məsələn, meşələrdə – tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması – bütün bunlar Ermənistanın terror siyasətini davam etdirməsinin nəticəsidir. Qəribəsi odur ki, beynəlxalq təşkilatlar ardıcıl mina faciələrinə baxmayaraq, İrəvana heç bir təzyiq göstərmirlər.Çünki, mina terrorunun həyata keçirilməsi və minalanmış ərazilərin xəritələrinin gizlədilməsi hərbi cinayət kateqoriyasına aid siyasi sabotaj olmaqdan çox, açıq terror təhdididir. Ona görə də, bu məsələ dünya ictimaiyyətini ciddi şəkildə narahat etməlidir. Müvafiq beynəlxalq təşkilatlar, mühüm təsir imkanlarına malik olan geosiyasi güc mərkəzləri, dünya liderləri müvafiq reaksiyanı verməli, daha ağır nəticələri önləmək üçün siyasi iradə nümayiş etdirməlidilər. Çünki, bu dövlət 100 ildir ki, terrorla, siyasi şantajla, təhdidlə dünyadan nəsə tələb edir. Bu “nəsə”lər bir gün həmin qapıları da döyəcək.

Qeyd edək ki, ötən il, müharibə bitəndən bir neçə gün sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu bildirmişdilər. Qurumdan bildiriblər ki, ilk öncə yaşayış yerləri minalardan təmizlənəcək. Ərazi yaşayış üçün təhlükəsiz sayıldıqdan sonra insanlar öz yurd-yuvalarına qayıda biləcək. “Amma otlaqlar, əkin yerləri, meşə və dağ əraziləri də minalardan təmizlənməlidir ki, bunlar da illərlə vaxt aparacaq”, – deyə  qurum rəsmisi İdris İsmayılov bildirmişdi. “Landmine Monitor Report” nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv km-dən 830 kv km-dək ola bilər. Azərbaycanda 2013-2017-ci illərdə 19,44 kvadrat km ərazi minalardan təmizlənib, bu isə ildə orta hesabla 4-5 kvadrat km ərazinin təmizlənməsi deməkdir. Dərgi yazır ki, Azərbaycan hökumətinin və Dünya Bankının birgə araşdırması nəticəsində 2007-ci ilin sentyabr ayında, işğal olunmuş torpaqların minalardan təmizlənməsinə o dövrün qiymətləri ilə 600 milyon ABŞ dolları tələb olunurdu.

Daha çox xəbərlər