Siyasət 

Mümkünsüz görünən format reallaşır – Azərbaycan yenə mərkəzdə

Siyasi şərhçilərə görə, ilk toplantının keçirilməsinin özü bir nəticədir; 3+3 formatı gələcəkdə təşkilata da çevrilə bilər…

Dekabrın 10-da Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif elədiyi 3+3 əməkdaşlıq formatı üzrə xarici işlər nazirləri müavinləri səviyyəsində birinci iclası keçirilib. Azərbaycanı nazir müavini Xələf Xələfov təmsil edib.

Əslində 10 dekabrda keçirilən ilk iclas 3+2 formatında baş tutub. Çünki Gürcüstan iclasa qatılmayıb. Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan isə iştirak edib. Bu formatda ilk toplantı nə vəd edir, toplantı bölgədə sülhə real töhfə verə biləcəkmi?

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Prezidentinin təşəbbüsü ilə 3+3 formatının və bu formatda keçirilən görüşün region və dünya üçün çox böyük əhəmiyyəti var: “Birincisi, Ermənistanın Azərbaycan torpaqlarını işğalına son qoyulduqdan sonra regionda yeni reallıq, yeni münasibətlər toplusu yaranıb. Bu münasibətlər toplusu imkan verir ki, regionda əməkdaşlığı, qarşılıqlı dəstəyi daha da gücləndirsinlər. Düzdür, Ermənistanın işğal faktoruna görə, ümumi bir Cənubi Qafqaz evi yaratmaq mümkün olmurdu. Ayrı-ayrı ölkələr arasında münasibətlər var idi, amma birlikdə əməkdaşlığa Ermənistanın işğalçılıq siyasəti mane olurdu. Ermənistan öz sərhədləri çərçivəsinə qovuldu və bu gün artıq bu ölkələrin birlikdə region məsələlərini həll etməsi üçün unikal vəziyyət yaranıb. Ermənistan bu formatda iştirak edir və ümid etmək istərdik ki, Ermənistan yeni situasiyanı dəyərləndirəcək və yeni reallıqda özünün yerini tapmağa çalışacaq. Hər halda şərait bunu tələb edir. Şərait əməkdaşlığı, birgə layihələri, bir-birinə dəstəyi tələb edir.

Oxu.az - Aydın Mirzəzadə iradlara cavab verdi: “Onlara quru “sağ ol” deyim?”

 Aydın Mirzəzadə

Bu formatdakı ölkələrin demək olar ki, hamısı dünya siyasətində rol oynayan ölkələrdir. Rusiya BMT Təhlükəsizlik Şurasının üzvüdür, Türkiyə NATO üzvüdür, İranın qədim tarixi var, böyük iqtisadi potensiala malikdir, Azərbaycan və Gürcüstan beynəlxalq birlikdə nüfuz qazanmış ölkələrdir, Ermənistan isə yeni konfiquraiyaya yeni qoşulur və hər halda konstruktiv mövqe tutarsa, o da özünün problemlərini bu platformada həll edə bilər. Düzdür, Gürcüstan-Rusiya münaisbətlərində müəyyən problemlər var və buna görə Gürcüstan ilk toplantıda iştirak eləmir. Amma Gürcüstanın qalan 4 ölkə ilə yaxşı münasibətləri mövcuddur, xüsusilə Türkiyə və Azərbaycanla olan dostluğu bir sıra region məsələlərini, iqtisadi layihələri həyata keçirməyə imkan verir. Ona görə də Gürcüstan birbaşa iştirak etməsə də ümid edək ki, gələcək görüşlərdə iştirakı mümkün olacaq”.

Deputat qeyd etdi ki, birinci toplantının keçirilməsi ilk növbədə qarşıda duran məsələləri müzakirə etməyə, hər bir ölkənin region problemlərinin həllinə dair baxışlarını ortaya qoymağa, əsaslandırmağa, birgə çağırış etməyə imkan verir: “Gələcəkdə bu format hətta təşkilat forması ala bilər və regiona yaxın olan digər ölkələri, hətta coğrafi cəhətcə uzaq yerləşsə də öz töhfəsini vermək istəyən digər dövlətləri də cəlb edə bilər. Ümumən, müasir dünya siyasəti göstərir ki, ölkələr arasında əlaqələr nə qədər geniş, nə qədər sıx olarsa bundan ancaq region, dünya və sülh qazanar”.

Silahlı keşişin xahişi... - Oqtay Qasımov - Azinforum.az İnformasiya Portalı\

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov isə öncə bildirdi ki, 3+3 əməkdaşlıq formatı düz bir il öncə dekabrın 10-da Bakıda Qələbə paradında çıxışı zamanı Türkiyə Prezidenti tərəfindən irəli sürüldü və ilk olaraq Azərbaycan Prezidenti tərəfindən dəstəkləndi. “Bu tarix əslində bir az daha keçmişə gedir. 2008-ci ildə İstanbulda keçirilən bir toplantıda Türkiyə Prezidenti analoji təkliflə çıxış eləmişdi. 44 günlük müharibədən sonra isə bu təklif Türkiyə və Azərbaycanın birgə mövqeyi kimi ifadə olundu. Rusiya tərəfindən də bu təklif məqbul sayıldı və qəbul edildi. İlk vaxtlar İran, Ermənistan və Gürcüstanın bu ideyaya münasibəti ilə bağlı şübhə var idi. Sonrakı dönəmlərdə Azərbaycan və İran arasında kifayət qədər ciddi sıxıntılar yaşandı. Amma sonra İranın məsələyə baxışlarında xeyli dərəcədə pozitivlik baş verdi və İran təklif olunan bu formatı dəstəklədiyini bəyan elədi. Gürcüstanın mövqeyi birmənalı səslənməsə də hər halda xarici işlər nazirinin dilindən onların bu formata qoşulmayacağı ilə bağlı bəyanat olub. Ermənistan isə könülsüz də olsa bu formatda iştirakdan imtina etmədi.

Bu format regionda dostluq, əməkdaşlıq mühitinin yaranmasına kömək edə bilər.

Belə bir formatın mövcudluğu və onun işlək bir formata çevrilməsi bölgədə vəziyyəti gərginləşdirmək istəyən kənar güclərin də qarşısında bir baryer ola bilər. Xüsusilə 44 günlük savaşdan sonra bölgədə sabitlik və əməkdaşlıq mühitinin yaranması bizim də marağımızdadır. Çünki işğaldan azad edilmiş rayonlarımızın bərpası ilə bağlı çox ciddi işlər gündəmdədir. Bu işlər həyata keçirilməlidir. Moskva görüşünə gəlincə, ilk toplantının keçirilməsinin özü bir nəticədir. İlk görüşdə ümumi məsələlərin müzakirə olunması təbiidir və müsbət dəyərləndirilməlidir. Yəqin ki, sonrakı dövrdə keçirilən toplantılar da məsələlər daha konkretləşdiriləcək. Elə ilk görüşdəcə böyük nəticələrin əldə olunmasını gözləmək düzgün olmaz. Bu, pozitiv bir formatdır və görüşdür. Ümid edirik ki, görüşün nəticələri müsbət olacaq”.

O.Qasımov hesab edir ki, bu format doğrudan işlək bir formata çevrilə bilsə, güman eləmək olar ki, bundan sonra bölgədə münasibətlər sistemində dəyşikliklər olacaq: “O cümlədən, region dövlətləri arasında həm iqtisadi, həm siyasi, mədəni münasibətlərin inkişafına müsbət töhfəsi ola bilər”.

Daha çox xəbərlər