Brüssel həyəcanı başladı – üçtərəfli görüş…
Azərbaycana qarşı davamlı təxribatlar edən Ermənistanın növbəti “sürpriz”i ola bilərmi; deputat: “Heç kim onları Vətən müharibəsində olduğu kimi Azərbaycanın əlindən xilas edə bilməyəcək”
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. NATO-nun rəsmi saytının yaydığı məlumatda bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Bundan başqa, Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.
“Dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək”. Bu məlumatı isə TASS yayıb.
Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq.
Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq.

Sonra isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.
Məlum olduğu kimi, görüşün təşəbbüskarı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldir. Brüsseldə keçiriləcək görüş ərəfəsində həm siyasi arenada, həm də sərhəddə vəziyyət stabil olsa da, Ermənistanda ayrı-ayrı çevrələrin hər an “tozanaq” qopara biləcəyi ehtimal olunur. Ən azı son ayların təcrübəsi belə qənaətə gəlməyə əsas yaradır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünlərdə bildirmişdi ki, müharibədən sonrakı dövrdə də Ermənistanın Azərbaycana qarşı təbliğatı, qara piar kampaniyası davam etməkdədir. Sitat: “Azərbaycanı tamamilə başqa formada təqdim etməyə çalışırlar”. Ermənistanın gizli və açıq şəkildə həyata keçirməyə çalışdığı məkrli planları ümumi şəkildə sülhü və dayanıqlı sabitliyi pozmağa yönəlib, buna dair çoxsaylı nümunələr mövcuddur. Bu ölkənin daxilindəki müxtəlif qüvvələr Paşinyanın Brüssel səfəri ərəfəsində xalqı baş nazirə qarşı qaldırmaqdan ötrü ən ağlasığmaz iddiaları tirajlayırlar. Ancaq qəribəsi budur ki, hakim komanda da sağlam mövqe nümayiş etdirmək əvəzinə, yenə də ziddiyyətli davranışlar sərgiləməkdədir. Proseslərdə məsuliyyət daşıyan tərəf heç şübhəsiz sözünə və imzasına diqqətli olmalıdır, əks halda yaxın perspektivdə növbəti dəfə zərbələr ala bilər.
Bugünlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son gərginliyə münasibət bildirərkən deyib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanılmasıdır. O qeyd edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib. “Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar törədilir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir”, – nazir vurğulayıb.
Müşahidələr və təcrübə onu deməyə əsas verir ki, Ermənistan Brüssel görüşü ərəfəsində də təxribatlara əl ata bilər. Bu mənada Azərbaycanın Brüssel görüşünə necə hazırlaşdığı və orada hansısa ciddi nəticələrin olacağına əminliyinin olub-olmaması maraq doğurur.
Qeyd etdiyimiz kimi, Ermənistan bütün razılaşmaları, müqavilələri pozur, öz imzasına belə hörmət etmir. İrəvan bir qayda olaraq, ortamı gərgin saxlamaqda maraqlı görünür. Elə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə imzaladıqları bəyanatın mürəkkəbi qurumamış təmas xəttində yenidən gərginlik yarandı. Hər iki tərəf itki verdi. Ermənilər az qalsın hər gün sərhəddə atəşkəsi pozur, Azərbaycana qarşı təxribat törədir. Bu minvalla Brüssel görüşünə gediləcək. Bəlkə Brüssel görüşünə kimi Qərbdən Ermənistanı təxribat törətməyə yönəldirlər, qızışdırırlar ki, Putin və Rusiya xilaskar statusunda görünməsin. Eyni zamanda Moskvanın sülh təşəbbüsləri iflasa uğrasın, sülh missiyasının əsas tərəfi kimi Qərb görünsün. Təbii ki, Brüssel ciddi paytaxtlardandır. Orada Qərbin əsas təsisatlarının mənzil qərargahları yerləşir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Həmçinin Avropa İttifaqının mənzil qərargahı Brüsseldədir. 2016-cı ilin martında İŞİD Avropada ən böyük terror əməliyyatlarından bir neçəsini də Brüsseldə törətmişdi. Partlayışlardan biri də Avropa İttifaqının mənzil qərargahı yerləşən ərazidə törətmişdi. Bunun özü də bir mesaj kimi qəbul edilirdi o vaxt. Qarabağ müzakirələrinin Brüsseldə davam etdirilməsi əslində bir mesaj da ola bilər. Yəni “duruma biz əl qoyuruq” – kimi bir mesaj. Bəs Güney Qafqaza ən çox təsiri olan Rusiyanı bu şəkildə sıxışdırıb prosesdən və bölgədən çıxarmaq mümkün ola bilərmi? Təbii ki, bu tezliklə mümkün deyil. Çünki Putin bütün gücü və bacarığı ilə NATO-ya, ABŞ-a, bütövlükdə Qərbə qarşı vuruşur. İndiki durumda Azərbaycana Qarabağ məsələsində Qərblə əməkdaşlıq sərf edir, yoxsa Rusiya ilə?

Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a maraqlı fikirlər söylədi: “Görünən odur ki, Ermənistan Brüsselə ”ciddi hazırlıqla” gedir. Bu müddətdə Ermənistan maksimum dərəcədə əldə olunmuş razılaşmanın bəndlərini pozmağa çalışdı. Sərhəddə davamlı olaraq atəşkəsi pozmağa, təxribatlar törətməyə cəhd göstərildi. Hesab edirəm bu məsələdə bir sıra Qərb dairələri də maraqlıdır. Onlar bölgənin “ərköyün uşağını” şirnikləndirməyə davam edirlər. Bununla da öz aləmlərində Rusiyanı prosesdən uzalaşdırmağa çalışırlar. Sual odur ki, əgər onlar əvvəlki münaqişəni tənzimləmək gücündə idilərsə, niyə indiyədək etmədilər? Nəticədə təşəbbüsü Rusiya əlinə aldı. Ermənistan, eləcə də onu yanlış yola sürükləyənlər anlamalıdır ki, bölgənin taleyi yalnız bölgə dövlətləri tərəfindən həll oluna bilər. Bu cəhdlər yalnız Ermənistanın ziyanınadır”.
C.Məmmədov hesab edir ki, münasibətlərin normallaşması prosesinin gecikməsi Ermənistanın özünü uçuruma aparır: “Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz daxili və xarici siyasətini həyata keçirir”. Rusiyanın prosesdən uzaqlaşdırılması məsələsinə gəldikdə isə, deputat qeyd etdi ki, bu, hazırkı dönəmdə mümkün deyil: “Hazırda prosesə ən güclü təsir imkanı olan, müəyyən rıçaqlara sahib ölkə məhz Rusiyadır. Bunu Ermənistan tərəfi də anlamalıdır. Onsuz Ermənistan qonşuları ilə münasibətdə etibarsız dövlət imici qazanıb. Bu siyasət bu fikrin daha da möhkəmlənməsinə aparır. Ermənistan xalqı yaxşı düşünməlidir. ”Dəmir yumruq” hələ də havadadır və istənilən vaxt onların başına endirilə bilər. Heç kim onları Vətən müharibəsində olduğu kimi Azərbaycanın əlindən xilas edə bilməyəcək. Əgər Ermənistan bunu istəyirsə, onu görəcək. Azərbaycan bütün təxribatların qarşısını tam qətiyyətlə alacaq”.

Qafar Çaxmaqlı
İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı bundan əvvəlki fikirlərində qaldığını söylədi: “Daha öncələr də ifadə etmişdik ki, Brüssel görüşü Soçi razılaşmasının kölgəsində qalacaq, çünki Rusiya Avropa quruluşlarını Qafqazda təsir imkanlarını əldən verməmək üçün qabaqlamaqdadır. Ermənistanın bölgədə düşdüyü durumu şikayət etmək üçün ümid yeri kimi baxdığı Qərbə üz tutması Rusiyanı daha aktiv müdaxiləyə sövq edəcək. Rusiya imkan verməz ki, buradakı hər hansı prosesə – sərhədlərin müəyyənləşməsindən, kommunikasiya xətlərinin açılmasından son nəticəyə, sülh sazişinə gedən yolda tərəf kimi Qərbin rolu olsun. Bu, açıq şəkildə bilinməkdədir. Əlbəttə, Brüssel mərkəzli Avropa Birliyi də, NATO da Rusiyanı küncə sıxışdırmaq üçün tədbirlər görəcəklər və bu işdə Ermənistan onlara yardımçı olacaq”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan sərhədində olan təxribatların əvvəllər müəllifi Rusiya idi: “Rusiya bunlardan yararlanaraq tək hakim rolunu gücləndirirdi. İndi durum dəyişib. Ermənistan burada gərginliyin qalması tədbirlərini görməklə, atəşkəsi pozmaqla Rusiyanın bölgədə sülh və sabitliyi təmin edən tək ölkə fikrini dəyişdirmək istəyir. Brüssel görüşü ərəfəsində bunların artması həmin məqsədə hesablanıb… Biz Brüssel də daxil gələcəkdə Qərbin təşəbbüsü ilə keçiriləcək bütün görüşlərdə Azərbaycanın haqlı mövqeyini ortaya qoyub, onu müdafiə edə bilərik. Rusiya bölgədən sıxışdırılıb çıxarılmağa çalışılsa belə, Türkiyəni arxamıza alıb son bir ildən indiyədək həll edə bilmədiklərimizi də sona çatdıra bilərik”. Politoloqun nəzərincə, Brüssel görüşünə Ermənistan diplomatik revanş kimi baxsa da, orada müzakirə ediləcək məsələlər və onların həlli yollarının tapılması baxımından bizim üçün əlverişli imkanlar yarana bilər: “Məsələn, Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq birliyin marağını bilirik və onlar bu yolun açılmasında Azərbaycanla eyni fikrə gələ bilərlər. 3+3 formatı da Avropa İttifaqının maraqları çərçivəsində həll olunması üçün prinsiplər müəyyən oluna bilər. Brüssel görüşündə Azərbaycanı ittiham edəcək heç bir səbəb yoxdur. Hərbi əsir və terrorçularla bağlı məsələnin üstünə gedilə bilər, onu Ermənistan Azərbaycana qarşı istifadə etməyə çalışa bilər. Bu da Azərbaycan üçün təhlükəli arqument deyil”.
Bu arada Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin açıqlamaları diqqət çəkir. “Rusiya regiondakı bütün dövlətləri narahat edən məsələlərin bu formatda müzakirə ediləcəyini düşünür”. Diplomat İrəvanda “3+3″ formatından bəhs edərkən bildirib. ”Region ölkələrini maraqlandıran müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparmaq üçün bu format imkanlar yaradır. Başqa sözlə, bu format ölkələr arasında qarşılıqlı münasibətlərə müsbət enerji verə bilər”, – Kopırkin əlavə edib. Eyni zamanda səfir Qarabağdakı sülhməramlı kontingentin bölgədə nə qədər qalacağı ilə bağlı sualın cavabında diplomatik şəkildə bildirib ki, bunu həyat göstərəcək…
Brüssel görüşü qabağı Rusiya öz elçisi vasitəsilə Ermənistana “cızığından çıxmamaq”la bağlı mesaj vermiş olur. Eyni zamanda Avropa təsisatları və paytaxtlarına ünvanlanmış ismarışdır: “Buralar bizlikdir”, şəklində…

