Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığı dərinləşdirə biləcəkmi – təhlil
Ekspertlər üç ölkənin 3+3 formatından kənarda əməkdaşlığında problem görmürlər
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava dünəndən Bakıya səfərə gəlib. Səfərdə məqsəd Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak etməkdir. Bu, üç ölkənin birgə təşkil etdiyi sayca 6-cı forumdur.
İki gün davam edəcək forumda ölkələr arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər diqqət mərkəzində olacaq. Gürcü nazir səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Mehmet Muş ilə ikitərəfli görüşlər keçirəcək.
Natia Turnava azərbaycanlı və türkiyəli həmkarları ilə birlikdə üçtərəfli biznes forumun açılışında iştirak edəcək. Tərəflər daha sonra birgə brifinq keçirəcəklər.
Forum çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyənin ticarət və sənaye palataları arasında memorandum imzalanacağı planlaşdırılıb.
N.Turnava səfər çərçivəsində həmçinin, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşəcək.
Qeyd edək ki, Gürcüstan Azərbaycan və Türkiyənin təşəbbüskarı olduğu 3+3 regional əməkdaşlıq formatında iştirakdan imtina edib. Rusiya ilə münasibətləri gərgin olan Tiflis Şimal qonşunun iştirak etdiyi əməkdaşlıq müstəvisini özü üçün arzuolunan hesab etmir. Lakin Gürcüstan bölgə ölkələri ilə müxtəlif formatlarda əməkdaşlığı dərinləşdirməyə çalışır. Xüsusilə Azərbaycan və Türkiyə ilə iqtisadi, siyasi əlaqələrin yüksək səviyyəyə qaldırılması rəsmi Tiflisin gündəmində olan əsas istiqamətlərdən biridir.
Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əməkdaşlıq artan xətlə inkişaf etməkdədir. Bu ilin yanvar-oktyabrında Azərbaycandan Gürcüstana 280 milyon 998.20 min dollar dəyərində 2 milyard 261 milyon 574.34 min kubmetr qaz ixrac olunub. Bu dövrdə qonşu ölkəyə ümumi ixracımız 539 milyon 463.37 min dollar, idxalımız isə 83 milyon 800.17min dollar təşkil edib. Keçən ilin eyni dövründə ixacımız 407 milyon 997.37 min dollar, idxalımız isə 58 milyon 756.89min dollar olub.
Gürcüstana qazdan əlavə, neft məhsulları, elektrik enerjisi, sement klinkeri, sönməmiş əhəng, şəkər və sair məhsullar ixrac edirik.
Son onillikdə Azərbaycan Gürcüstana investisiya qoyuluşlarına görə ilk yerlərdə qərarlaşıb. Təkcə SOCAR şirkəti qonşu ölkədə qazlaşmaya 300 milyon dollar sərmayə yatırıb. Neft-qaz, enerji sektorundan əlavə, Azərbaycan şirkətləri, ayrı-ayrı vətəndaşları Gürcüstanın tikinti, turizm sektorlarına irihəcmli vəsaitlər yatırıblar. 2020-ci ildən başlayaraq Azərbaycana Gürcüstandan investisiya qoyuluşlarında artım müşahidə olunmaqdadır. Bu ilin 9 ayında Gürcüstandan Azərbaycana 74,3 milyon dollar investisiya yatırılıb – ötənilkindən 245,1 faiz çox.
Gürcüstana qoyulan birbaşa xarici investisiyaların həcminə görə Türkiyə hazırda ilk 3-lükdədir. Bu iki ölkə siyasi-iqtisadi, həm də hərbi sahədə ciddi əməkdaşlıq əlaqələrinə malikdirlər. Bütün bunları nəzərə almaqla, 3+3 formatından kənar müstəvidə Gürcüstanın Türkiyə və Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığı dərinləşdirməsi potensialı nə qədər yüksəkdir?

Asif Nərimanlı
Sualı cavablandıran siyasi şərhçi Asif Nərimanlının fikrincə, belə potensial yetərincə böyükdür: “3+3 formatı bölgədə yeni əməkdaşlıq platformasıdır, lakin hesab etmirəm ki, bu digər üçlü platformalara mane olsun. Azərbaycan indiyə qədər bir çox üçlü formatda iştirak edir: Türkiyə-Azərbaycan-Rusiya, Türkiyə-Gürcüstan-Azərbaycan, Rusiya-İran-Azərbaycan və s. Türkiyə-Gürcüstan-Azərbaycan formatı bundan sonra daha çox dərinləşə bilər, çünki 3+3 formatına hələ ki gəlməyən Tiflis üçün regionda yeganə çıxış yoludur. Bakı, Tiflis və Tehranın Fars körfəzi-Qara dəniz dəhlizi ilə bağlı razılıq əldə etməsi də göstərdi ki, Gürcüstan regional proseslərdən kənarda qalmaq istəmir. Bu baxımdan, Azərbaycan-Türkiyə-Gürcüstan formatının dərinləşməsində həm Tiflisin, həm də Bakı-Ankara ikilisinin maraqları var. Tiflis Zəngəzur dəhlizinin açılmasından sonra tranzit perspektivini ən azı mövcud vəziyyətdə saxlamaq istəyir, eləcə də regionda təklənmək istəmir. Bakı-Ankara ikilisi də Gürcüstanı öz orbitində saxlayır. Azərbaycanın enerji dəhlizi Tiflis üzərindən keçir, bu dəhlizdə problemin yaranmasını Rusiyadan başqa heç kim istəmir. Bununla yanaşı, üçlü formatın dərinləşməsi gələcəkdə Gürcüstanın da 3+3 formatına yaxınlaşması imkanlarını artırır. İstisna deyil ki, Ukrayna məsələsinin həllində vasitəçi olmaq istəyən Türkiyə Gürcüstanla bağlı da eyni təkliflə çıxış edəcək. Bakı və Ankaranın Rusiya-Gürcüstan münaqişəsinin həllinə dəstək vermək potensialı var. Pandemiyadan sonra qloballaşma siysəti ciddi şəkildə dəyişir və regional ittifaqların önə çıxacağı gözlənilir. 3+3 formatı əslində yeni dünya nizamında regionallaşmanın ilkin nümunələrindən hesab edilə bilər. Bu baxımdan, Gürcüstanın da zamanla bu formata qoşulacağı mümkündür. Azərbaycan-Türkiyə-Gürcüstan formatının dərinləşməsi indiki mərhələdə Tbilisinin regional proseslərdən kənarda qalmaması məqsədi daşıyır”.

Natiq Cəfərli
İqtisadçı-ekspert, REAL Partiyasının funksioneri Natiq Cəfərlinin sözlərinə görə, 3+3 formatı Rusiyanın dəstəklədiyi formatdır: “Rusiya Zəngəzur dəhlizinin açılmasında da xüsusi maraqlıdır: Gürcüstandan kənar ərazidən Ermənistana çıxış əldə edəcək. Gürcüstanı narahat edən də məhz bu variantdır: Rusiya Azərbaycan üzərindən Ermənistana çıxış əldə etsə,Tiflisin ona təsir imkanları kəskin azalacaq. Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərgin olduğunu nəzərə alsaq, Tiflisin Rusiya ilə danışıqlarda, ticarət əlaqələrinin qorunmasında əlavə dividentlər verən imkanı itirmək istəməməsi təbiidir. Amma Azərbaycan və Türkiyə dəfələrlə bəyan ediblər ki, yeni kommunikasiyaların açılması qətiyyən Gürcüstanın bölgədəki proseslərdən kənarda qalması anlamına gəlməyəcək. Çünki Gürcüstanın regionda mühüm rolu var, bu ölkə Azərbaycanın uzantısı, Avropaya açılan qapısıdır. Buna görə də 3+3 formatında əməkdaşlıqda iştirak etməsə belə, Türkiyə də, Azərbaycan da onunla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdılar”.
Ekspert hesab edir ki, iki gündə Bakıda keçiriləcək forumdakı müzakirələr üç ölkənin iqtisadi əlaqələrini daha da dərinləşdirəcək razılaşmaların əldə olunması ilə yekunlaşa bilər.

