Siyasət 

Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü – Regionu nə gözləyir?

Dekabrın 15-də Brüsseldə “Şərq tərəfdaşlığı” ölkələrinin zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək. Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu cür təmasları alqışlayır. Azərbaycanın post-münaqişə dövründə həqiqətlər müstəvisindəki mövqeyi dəfələrlə dövlət başçısı tərəfindən beynəlxalq platformalarda səsələndirilib. Bu kontekstdə Brüssel sammiti və bu çərçivədə planlaşdırılan görüş əlavə imkanlar yaradacaq.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Trend-ə bildirib ki, bu danışıqlar çərçivəsində həll olunmalı vacib məsələlərdən biri sərhədlərin demarkasiyasıdır.

“Demarkasiya çox vacibdir, çünki bu, baş verməyənə qədər erməni və Azərbaycan əsgərləri arasında toqquşmalar davam edəcək və bu insan itkilərinə, qeyri-sabitliyə gətirib çıxaracaq. Rusiya prezidenti Vladimir Putin sərhədlərin müəyyən olunmasında kömək göstərməkdə öz üzərinə öhdəlik götürdü. Mən istərdim ki, bu, bütün ATƏT Minsk qrupunun birgə öhdəliyi olsun. Bəlkə də, yekunda belə də olacaq, çünki, fikrimcə, Minsk qrupunun vacib rolu beynəlxalq sərhədin müəyyənləşdirilməsinə kömək göstərməkdir”, – deyə o, bildirib.

M.Brayzanın sözlərinə görə, Rusiya, ABŞ və Fransa vəziyyəti sabitləşdirmək üçün birlikdə işləməlidir.

“Mən Aİ-nin vasitəçiliyi ilə Brüsseldəki görüşü səbrsizliklə gözləyirəm. Fikrimcə, Aİ-nin vasitəçilik prosesində Fransanın əvəzinə müəyyən rol oynaması vacibdir. Çünki Aİ danışıqlar masasında bütün üzvlərinin, xüsusilə də Fransanın adından daha çox çəkiyə malik olacaq. Belə ki, Fransa Minsk qrupunun həmsədri qismində ədalətli vasitəçi rolunu oynamaq əvəzinə 10 noyabr 2020-ci ildən sonra faktiki olaraq açıq-aşkar Ermənistana dəstəyini ifadə etdi”, – M.Brayza deyib.

Öz növbəsində Sankt-Peterburq Dövlət Universitetinin Post-sovet məkanında beynəlxalq münasibətlər kafedrasının professoru Niyazi Niyazov Trend-ə bildirib ki, N.Paşinyan böyük ehtimalla, Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları müəyyən mənada ört-basdır etməyə çalışacaq və Aİ-nin təcrübə və simpatiyasından istifadə etməklə danışıqları Ermənistanla Azərbaycan arasında dövlətlərarası problemlər səviyyəsindən beynəlxalq müstəviyə çıxarmağa cəhd edəcək.

“Ermənistan rəhbərliyi bu gün bütün gücü ilə ATƏT Minsk qrupunu canlandırmağa çalışır. Bu baxımdan Aİ-nin dəstəyi onun üçün çox vacibdir və yəqin ki, Ermənistan bundan bir daha istifadə edəcək. Ehtimal olunur ki, hansısa humanitar məsələlərin müzakirəsi aparılacaq, ola bilər ki, tərəflər bu sahədə problemlərin həlli ilə bağlı öhdəlikləri üzərinə götürəcək”, – deyə o bildirib.

Ekspertin fikrincə, Ermənistan tərəfi əvvəllər əldə olunmuş razılaşmaları ləngitməyə çalışacaq.

“Amma onların bu baxımdam seçimi də yoxdur. Ermənistanın yalnız bu cür seçimi ola bilər: ya aparıcı ölkələrin niyyətləri ilə razılaşaraq “3+3″ prosesində fəal iştirak etmək, kommunikasiyaların açılmasına nail olmaq, geoiqtisadi təcriddən çıxmaq, normal ölkə kimi inkişaf etməyə başlamaq, ya da ölkədə səsləndirilən revanşist tələblərə tabe olaraq Azərbaycanla yeni qarşıdurmaya köklənmək. Amma bu gün mövcud olan reallıqları nəzərə alaraq, bu yol erməni tərəfi, erməni dövlətçiliyi üçün ölümcül ola bilər. Gördüyümüz kimi, bu cür 30 illik siyasət yekunda Ermənistan üçün yaxşı heç nəyə gətirib çıxarmadı. Ölkədə iqtisadi və siyasi vəziyyət mürəkkəbdir, ölkə üçün geoiqtisadi və geosiyasi vəziyyət də çətin olaraq qalmaqdadır. Ona görə də, kommunikasiyaların açılmayacağı təqdirdə növbəti qarşıdurma illəri Ermənistan üçün ölümcül ssenariyə çevrilə bilər”, – N.Niyazov deyib.

O əlavə edib ki, regionda möhkəm sülh Azərbaycanın siyasi rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanla Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası baş tutduqdan sonra bərqərar ola bilər.

Daha çox xəbərlər