Bakının NATO ilə əməkdaşlığı dərinləşir – Azərbaycana etimad artır
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xarici siyasətdə əsas preoritet kimi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı məsələsi dururdu ki, bu da əsas vəzifə kimi qarşıya qoyuldu. Müstəqilliyini yeni bərpa etmiş bir dövlət üçün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamaq və həmin qurumların üzvü olmaq çox əhəmiyyətli məsələ idi. Xüsusilə, Azərbaycan üçün daha vacib idi.
Ermənistan Silahlı Qüvvələri tərəfindən 20%-dən çox ərazimizin işğala məruz qalması, törədilən soyqrımlar, qətliamlar və yerləşdiyimiz coğrafiya belə bir əməkdaşlığı daha zəruri edirdi. Hər kəsə məlumdur ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, “kreslo davası”nəticəsində ölkə daxilində yaranan xaos vəziyyət, torpaqlarımızın işğalı beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasında, interqasiyamızda ciddi əngələ çevrilirdi.
Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın NATO ilə 1994-cü ildə Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayan əməkdaşlığı, bu gün də çox uğurla davam etdirilir. Azərbaycan Prezidenti artıq NATO-nun mənzil qərargahına 6 dəfə, NATO-nun Baş katibləri isə Azərbaycana 3 dəfə səfər edib ki, əməkdaşlığımız bununla kifayətlənmir.
NATO daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib. Bu dəstək NATO-nun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanırdı.
Hətta Vətən müharibəsi zamanı NATO bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə və danışıqlara çağırdı. 2020-ci ilin oktyabr ayında NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Armen Sarkisyanla keçirdiyi mətbuat konfransı zamanı Ermənistan Prezidentinə xatırladıb ki, NATO bu münaqişə ilə məşğul olmur. Və bununla da NATO dolayısı ilə Azərbaycanın haqq savaşına dəstəyini ifadə etmiş olub. Ali qurum rəhbəri bu çıxışı ilə eyni zamanda Ermənistanı işğalçılıqda ittiham edib.
Elə bunun davamı olaraq NATO tərəfindən Azərbaycanın leyhinə növbəti addımın şahidi olduq. Belə ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər nəticəsində yaranmış yeni reallıq NATO tərəfindən də qəbul edildi və NATO-nun bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı. Bununla da dünyanın nüfuzlu ali qurumu Ermənistan hərbi-siyasi rəhbərliyinin, revanşist qüvvələrin və havadarlarının arzularını ürəyoində qoydu. Təşkilat bu qərarla Azərbaycanın düşmənlərinə “status”, “Dağlıq Qarabağ münaqişəsi” kimi terminlərin keçmişdə qaldığını bəyan etdi.
Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizlik ilə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Xüsusən Azərbaycan Vətən müharibəsindən sonra öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atmağa başlayıb ki, bu da diqqətdən yayınmır.
Müvafiq qərarla 15 avqust 2003-cü il tarixdə sülhməramlılarımız İraqda keçirilən əməliyyatlara qatılması NATO-Azərbaycan birgə səmərəli əməkdaşlığının əsas tarixlərindən biri hesab edilə bilər. Azərbaycan Silahlı Qüvvələrinin 151 nəfər sülhməramlı hərbi qulluqçusu İraqın Həditə yaşayış məntəqəsi yaxınlığında hidroelektrostansiyanın mühafizəsini təşkil etdilər ki, strateji əhəmiyyət daşıyan bu stansiya İraqın enerjiyə olan tələbatının 30 faizini ödəyir.
Sülhməramlılarımızın uğurlu xidməti beynəlxalq koalisiya qüvvələrinin komandanlığı tərəfindən də yüksək qiymətləndirilmiş, bir qrup Azərbaycanlı zabiti ABŞ-ın “Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə təltif olunmuş, çoxsaylı fəxri fərmanlarla mükafatlandırılmışdır. Yeri gəlmişkən, Amerika Prezidenti Corc Buşun sülhəramlılarımızın uğurlu xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təşəkkür məktubunda deyilir: ” 2003-cü ildə etibarən İraqda çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına ABŞ-ın dərin minnətdarlığını bildirirəm. Əl-Ənbər vilayətində Hadita su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm”.
Onu da qeyd etmək lazımdır ki, 2015-ci ildən 2021-ci ilin avqustuna qədər Azərbaycan NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştirak edib. 120 Azərbaycan hərbçisi Kabilin beynəlxalq hava limanında xidmət edirdi. Əfqanıstanda baş vermiş son hadisələr zamanı isə Azərbaycan hərbçiləri bu ilin avqust ayında hava limanında təhlükəsizliyin təmin olunmasına və əhalinin təhlükəsiz təxliyyəsinin təşkil edilməsinə böyük töhfə verdi ki, bununla əlaqədar NATO-nun Baş katibi Yens Stoltenberq xidmətlərinə görə Azərbaycana təşəkkürünü bildirib. Əlbəttə, bütün bunlar əldə olunmuş uğurların yalnız bir hissəsidir. Azərbaycan hərbçiləri NATO əlaqələrinin səmərəli şəkildə qurulması və inkişafında yaxından iştirak ediblər.
Azərbaycanın NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə (2017-2020-ci illərdə -red.) ev sahibliyi etməsi hadisəsi bir daha Bakının nə qədər etibarlı tərəfdaş olduğunun təsdiqidir.
Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfəri çərçivəsində bu gün NATO-nun mənzil qərargahında dövlət başçızımızla təşkilatın baş katibi Yens Stoltenberq arasında nəzərdə tutulan görüşü də ölkəmizlə NATO arasında əlaqələrin yüksək xətlə inkişafından xəbər verir. Görüş Prezident İlham Əliyevin NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirakı zamanı gerçəkləşəcək ki, bu da “NATO+Azərbaycan” formatında keçiriləcək.
Şübhəsiz ki, NATO ilə Azərbaycan arasında əlaqələrin bu dərəcədə inkişafı ölkəmizin dünyaya inteqrasiyasını, dünyadakı proseslərdə daha yaxından fəal iştirakını təmin edir. Nəticə etibarı ilə isə bu, Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə səbəb olacaq.

