Mənzillərin satışından əldə olunan vəsaitin hansı istiqamətlərə xərclənəcəyi açıqlanıb
Keçmiş məcburi köçkünlər üçün Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş binalarda imtiyazlı şəxslər mənzillə təmin edildikdən sonra istifadəsiz qalan mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək.
Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.
Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanaraq bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

