Rəqəmsal texnologiyalar həyatın ayrılmaz hissəsinə çevrildikcə uşaqların internet və sosial şəbəkələrlə təması da sürətlə artır. Bir neçə il əvvəl yalnız böyüklərin istifadə etdiyi platformalar bu gün artıq məktəbyaşlı uşaqların gündəlik həyatına daxil olub. Bu isə bir tərəfdən məlumat əldə etmək, ünsiyyət qurmaq və öyrənmək imkanlarını genişləndirsə də, digər tərəfdən yeni risklər və təhlükələr də yaradır. Məhz buna görə son illərdə bir çox ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı hüquqi addımlar atılır.
Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər də bu prosesin davamı kimi qiymətləndirilir. Burada əsas məqsəd sosial şəbəkələri məhdudlaşdırmaq deyil, uşaqları onların zərərli təsirlərindən qorumaqdır.
Müzakirələr göstərir ki, məsələ yalnız texnologiyadan istifadə ilə bağlı deyil. Burada söhbət uşaqların psixoloji durumu, sağlam inkişafı və təhlükəsiz gələcəyi ilə bağlıdır. Bu gün bir çox ailələrdə uşaqların telefon və planşetlərə həddindən artıq bağlılığı müşahidə olunur. Bəzi hallarda uşağı sakitləşdirmək üçün ona telefon verilir və bu, zamanla ciddi nəticələrə səbəb olur. Mütəxəssislərin fikrincə, uzun müddət ekran qarşısında qalmaq danışıq bacarıqlarının zəifləməsinə, diqqət dağınıqlığına, sosial ünsiyyət problemlərinə və aqressiv davranışlara gətirib çıxara bilər.
Sosial şəbəkələrdə risklər bununla da bitmir. Uşaqlar öz yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşa, manipulyativ təsirlərin, kiberzorakılığın və internet fırıldaqlarının hədəfinə çevrilə bilərlər. Araşdırmalar göstərir ki, bu platformalardakı bəzi məzmunlar yeniyetmələrdə depressiya, özünəinam itkisi, psixoloji gərginlik və hətta intihara meyllilik kimi ciddi problemləri gücləndirə bilir.

Yeni qanunvericilik məhz bu reallıqlar nəzərə alınaraq formalaşdırılıb. Qanuna əsasən, 16 yaşına çatmamış şəxslərin müəyyən ediləcək sosial şəbəkələrdə fərdi hesab açmasına icazə verilməyəcək. 16–18 yaş arası yeniyetmələr isə yalnız valideyn və ya qanuni nümayəndənin razılığı ilə bu platformalardan istifadə edə biləcəklər.
Burada vacib məqam odur ki, internetə çıxış məhdudlaşdırılmır. Təhsil, elm, araşdırma və digər faydalı məqsədlər üçün rəqəmsal imkanlar açıq qalır. Məhdudiyyət yalnız sosial şəbəkələrdə fərdi hesabların yaradılmasına aiddir.
Yaş məhdudiyyəti ideyası yeni deyil. Cəmiyyət uzun illərdir uşaqların qorunması üçün müxtəlif sahələrdə oxşar qaydalar tətbiq edir: siqaret və alkoqolun satışı, silah əldə edilməsi, qumar oyunları və pornoqrafik məzmunlara çıxış kimi sahələrdə məhdudiyyətlər mövcuddur. Bu yanaşma uşaqların hüquqlarını məhdudlaşdırmaq deyil, onların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Dünyada da oxşar tendensiya müşahidə olunur. Avstraliya, Fransa, Norveç, Böyük Britaniya, İspaniya, ABŞ, Türkiyə, Kanada və bir çox digər ölkələrdə sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı qanunvericilik addımları müzakirə edilir və ya artıq tətbiq olunur. Bu da problemin qlobal xarakter daşıdığını göstərir.
Son illərdə beynəlxalq liderlər və təşkilatlar da bu məsələ ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Müzakirələrin mərkəzində artıq “uşaqlar sosial şəbəkədən istifadə etməlidirmi?” sualı deyil, “sosial şəbəkələr uşaqlara necə təsir edir?” sualı dayanır.
Yeni yanaşmada valideyn məsuliyyəti də xüsusi yer tutur. Çünki qanunvericilik nə qədər güclü olsa da, ailə nəzarətini əvəz edə bilməz. Uşağın hansı məzmuna baxması, kimlə ünsiyyət qurması və internetdə nə qədər vaxt keçirməsi ilk növbədə valideynlərin diqqətində olmalıdır. Bu baxımdan yeni qaydalar ailələrin də rəqəmsal təhlükəsizlik mövzusunda daha aktiv olmasını tələb edir.

Maraqlıdır ki, son illərdə dünyanın aparıcı siyasi liderləri və beynəlxalq təşkilatları da sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı açıq narahatlıqlar ifadə etməyə başlayıblar. Müzakirələrin əsas mövzusu uşaqların sosial şəbəkələrə çıxışının olub-olmaması deyil, sosial şəbəkələrin uşaqların həyatına nə dərəcədə təsir etməsidir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu haqda bildirir: “Həqiqətən də, bu gün əksər uşaqlar valideynləri ilə rəqəmsal dünyada ekran vaxtı keçirdiklərindən daha az vaxt keçirirlər. Rəqəmsal dostlar, rəqəmsal müəllimlər və hətta rəqəmsal valideynlər uşaqlarımızın həyatına və xarakter inkişafına getdikcə daha çox təsir göstərirlər. Bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqlarımızın zehnini pozduğu və sosial media platformalarının, açıq desək, zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq. İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır”.
Qanunun tətbiqi üçün 12 aylıq keçid dövrü nəzərdə tutulur. Bu müddətdə yaş məhdudiyyəti tətbiq ediləcək platformaların siyahısı müəyyənləşdiriləcək, texniki həllər hazırlanacaq və maarifləndirmə tədbirləri həyata keçiriləcək. Bu da həm istifadəçilərin, həm platformaların, həm də dövlət qurumlarının yeni qaydalara uyğunlaşmasına imkan yaradacaq. Yaş məhdudiyyəti tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısı aidiyyəti dövlət orqanı tərəfindən müəyyənləşdirəcək. Bu barədə qərar ictimaiyyətə və sosial şəbəkə provayderlərinə çatdırılacaq. Sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açmaq istəyən hər şəxsin yaşının müəyyənləşdirilməsi üçün texniki üsullar tətbiq olunacaq. Qanuna əsasən 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Odur ki, kim bu yoxlamanı keçərsə, yəni 16 yaşının tamam olduğu təsdiqlənərsə, onlar fərdi rəqəmsal hesab yaradaraq platformalardan istifadə edə biləcək. Əgər Qanun qüvvəyə minən zaman 16 yaşdan aşağı şəxsin yaş məhdudiyyəti tətbiq olunan platformada hesabı vardırsa, onun istifadəsi mümkünsüz olacaq.

Şəxslərin yaşının müəyyənləşdirilməsi üçün bir neçə üsul tətbiq olunacaq:
•şəxs tərəfindən yaşın bəyan edilməsi;
•şəxsin bəyan edilən yaşının yoxlanılması;
•16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması. Yaşın müəyyənləşdirilməsi sosial şəbəkələrdə fərdi rəqəmsal hesab qeydiyyata aldırmaq istəyən hər bir şəxs, o cümlədən uşaqlar üçün də tətbiq olunacaq. Bu məqsədlə istifadə edilən texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin ediləcək, əks halda buna yol verilməyəcək.
Tənzimləmələrə baxmayaraq, bəzi yanaşmalarda bu addımların uşaqların hüquqlarını məhdudlaşdırdığı iddia edilir. Lakin əsas məqsəd hüquqları azaltmaq deyil, əksinə, uşaqları zərərli təsirlərdən qorumaqdır. İnformasiya mühitində risklərin artdığı bir dövrdə bu məsələ artıq təkcə ailələrin deyil, dövlət siyasətinin də prioritetinə çevrilib.
Valideynlərin üzərinə isə xüsusi məsuliyyət düşür. Onlar uşaqların internet istifadəsinə nəzarət etməli, onların məlumatlarını qorumağa diqqət etməli və keçid dövründə vacib kontentin saxlanılmasını təmin etməlidirlər. Eyni zamanda uşaqlara aid rəqəmsal hesabların gələcəkdə silinə biləcəyi də nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qanun pozuntuları üzrə müvafiq cərimələr nəzərdə tutulub. Əsasən sosial şəbəkə platformaları tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməməsinə görə vəzifəli və hüquqi şəxslər üzrə müxtəlif cərimələr nəzərdə tutulur. Hətta Məcəllənin müddəalarında nəzərə tutulmuş xətaların əvvəlki inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə daha yüksək məbləğlərdə cərimə nəzərdə tutulub.
Ümumilikdə bu dəyişikliklər sosial şəbəkələrə qadağa kimi deyil, uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz böyüməsinə yönəlmiş sistemli tənzimləmə kimi qiymətləndirilir.
