Xəbər verdiyimiz kimi, Azərbaycanda yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Bir sıra iri market şəbəkələri alıcıları cəlb etmək məqsədilə yumurtanı rekord dərəcədə aşağı qiymətə satışa çıxarıb.
Musavat.com-un məlumatına görə, marketlər tərəfindən yayılan elanlarda yumurtanın qiymətinin 17-19 qəpikdən 1-3 qəpiyə qədər endirilib.

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Musavat.com-a bildirib ki, ölkədə yumurtaya tələbatın azalması qiymət endiriminə səbəb olub:
“Tələbat azalıb, yumurta istehsalı isə artıb. Bu da yumurta bazarında bir bolluq yaradıb. Rəqabətli fabriklər olduğuna görə yumurtanın qiymətində kəskin ucuzlaşma başlayıb. Hazırda ixrac potensialını artırırlar ki, bunun qarşısını ala bilsinlər. Bir yumurtanın maya dəyəri 10-12 qəpik olduğu halda qiymətin 1 qəpiyə qədər ucuzlaşması fabriklərin müflisləşməsinə gətirib çıxarır. Ona görə də çalışırıq ki, ixrac potensialımızı artıraq. Yumurta yay ayları bitənə kimi ən azı maya dəyərinə yaxın bir qiymətə satılsın. Qış aylarında gündəlik yumurta tələbatı 6 milyona qədər qalxmışdı, indi isə 3 milyon civarındadır”.

İqtisadçı Natiq Cəfərli isə bildirir ki, ixracat dayananda daxili bazarda bolluq yaranır:
“Yumurta yay aylarında tez xarab olur və onu uzun zaman saxlamaq olmur. Qiymətin düşməsində bu da rol oynayır. Bunun davamlı şəkildə olacağını düşünmürəm. Çünki bu cür endirim istehsalçılara çox böyük ziyan vura bilər. Onlar öz məhsullarını sata bilməyəcəklərsə, bizneslərini də inkişaf etdirə bilməyəcəklər. Bir məhsulun həddindən artıq ucuz olması heç də həmişə yaxşı bir şey deyil. Bunun fəsadları böyük ola bilər. Şirkətlər kəskin ucuzlaşma nəticəsində sıradan çıxsa, ardınca yumurtanın qiyməti kəskin bahalaşa bilər”.
