Siyasət 

Avropa İttifaqı Azərbaycanla razılaşır… amma

Ermənistanla Ukraynaya  bərabər həcmdə 2 milyard dollar, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılması ədalət prinsiplərinin pozulması, ikili standartların davamıdır

Bu ilin iyul ayında  Bakıda olarkən  Prezident İlham Əliyevlə  keçirdikləri birgə  mətbuat konfransında bəyanat verən, jurnalistlərin suallarını cavablandıran, 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan vəziyyətə  münasibətini bildirən  Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ölkəmizlə əməkdaşlığı bölgədə sabitlik üçün mühüm amil adlandırmışdır. Qeyd olunmuşdu ki,  Azərbaycan  Aİ-yə  üzv 9 dövlətlə  ikitərəfli, strateji münasibətlərdə çox fəaldır.  Enerji təhlükəsizliyi layihəsi olan  Cənub Qaz Dəhlizi  Məşvərət Şurasına birgə sədrlik edən Aİ ilə Azərbaycanın  səyi ilə regionda yeni reallıqlar yarandı.

Həmin bəyanatda cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulan  Şərq Tərəfdaşlığına həsr olunacaq Sammitə   hazırlıqla bağlı açıqlama verən Şarl Mişel tərəfdaş dövlətlərə səfərlərinin  məqsədini  «Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir» sözləri ilə açıqladı. Qeyd olundu ki, Avrop İttifaqı   Ermənistanla Azərbaycan arasında  sərhədlərin delimitasiyası məsələsində  iştirak etməyə hazırdır.

Sonra jurnalistin «Sualım Ermənistanda diktatura rejiminin bərpa olunması ilə bağlıdır. Ermənistanda kütləvi həbslər baş verir, o cümlədən siyasi rəqiblər həbs olunur. Hətta seçki kampaniyası zamanı Paşinyan öz rəqiblərini çəkiclə hədələyirdi. Bildirirdi ki, bütün rəqiblərini məhv edəcək və Ermənistanda siyasi rəqiblərin həbs olunması bu gün də davam edir. Əfsuslar olsun ki, bu günədək nə Avropa İttifaqı, nə ATƏT, nə Avropa Şurası, nə də insan haqları ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları buna hər hansı bir reaksiya verməyib. Beləliklə, bu gün Cənubi Qafqaz xəritəsində Ermənistanın diktatura rejimi bir qara ləkədir. Nə üçün buna reaksiya verilmir və bu tənqid olunmur» sualını cavablandıran Şarl Mişel vurğuladı ki, Avropa İttifaqı, daha dəqiq deyilsə bu məsələləri ATƏT, xüsusən ATƏT yanında fəaliyyət göstərən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə işləyir. ATƏT-in yazdığı hesabatlar həmin ölkədə keçirilmiş seçkilərin bərabərlik, açıqlıq baxımından təfərrüatlarını qeyd edir. Bu münasibətlə biz seçki prosesi başa çatdıqdan sonra Ermənistanın hakimiyyət orqanlarını təbrik etdik.

Dekabr ayına proqnozlaşdırılan, bu günlərdə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində demək olar ki, dünya siyasətinin aktual problemləri, beynəlxalq münasibətlər ətraflı müzakirə olundu,  sənədlər qəbul edildi.  Sammit çərçivəsində  iki və üçtərəfli görüşləri zamanı  Azərbaycanın Ermənistan üzərində qazandığı Zəfərdən,  işğaldan azad olunmuş ərazilərdə  aparılan quruculuq işlərindən bəhs edən Prezident İlham Əliyevin bütün təklifləri maraqla  qarşılandı.  Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, eləcə də Aİ ölkələri dövlət və  hökumət başçılarının iştirakı ilə keçirilən Sammitin yekun sənədi  kimi qəbul olunan birgə Bəyannamədə ölkəmizlə Avropa İttifaqı arasında  ikitərəfli  sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi, qitə dövlətləri üçün ən etibarlı, şaxələndirilmiş  enerji mənbəyi  Cənub Qaz Dəhlizinin başa çatmasında böyük xidmətləri olan Azərbaycanın təşəbbüsləri yüksək dəyərləndirdi. Dekabrın 14-də Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə  Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair  bəyanatında  həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edildi. Qeyd olundu ki, Aİ minatəmizləmə səylərini, həmçinin ekspert məsləhəti və münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və rekonstruksiyaya dəstək verməyə davam edəcək.

Prezident İlham Əliyevin Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın ən böyük siyasi mətbu orqanı olan «İl Sole 24 Ore»” qəzetinin Yaxın Şərq üzrə müxbirinə  müsahibəsində diqqəti cəlb edən məqamlardan biri də   Azərbaycana , Ermənistana, Ukraynaya ayrılan dəstək paketinin ikili standartlardan qaynaqlanması,  qeyri-reallığı əks etdirməsidir.  Yardım paketinə əsasən Ermənistanla Ukraynaya  bərabər həcmdə, 2 milyard dollar, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılacaq. Məsələ ilə  bağlı jurnalistin sualını  “Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur» sözləri ilə cavablandıran Prezident İlham Əliyev onu da xatırlatdı ki, minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Azərbaycan  istəyir ki, yanaşma vahid standartlara əsaslansın.  Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşünü xatırladan Prezident İlham Əliyevin “Hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar» sözləri ədalətə çağırışdır. Heç bir prinsipə uyğun gəlməyən  yardımların ayrılmasının təşəbbüskarları onu da nəzərə almalıdırlar ki, işğaldan azad olunmuş ərazilərin problemləri  minaların təmizlənməsi ilə məhdudlaşmır.  Bütün yaşayış məntəqələri tamamilə dağıdılıb. Bu dağıntını törədənlər isə   Azərbaycandan daha artıq yardıma, ianəyə layiq görülən barbar ermənilərdir. Bu baxımdan Ermənistana “maliyyə töhfəsi”” nin həcmi,- istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni, bəlkə daha az olmalıdır. Çünki dağıdan Ermənistan, qurub- yaradan isə Azərbaycandır.

Daha çox xəbərlər