Azərbaycanda ‘’bomjlar”ı peyvənd edəcək qurum yoxdur – Rəsmilər ya susur, ya da…
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da küçələrdə, sahibsiz tikililərdə gecələyən və sərgərdan yaşayan insanlar var. İctimaiyyətdə belələrinə ünvan olaraq ‘’bomj’’ deyirlər.
COVİD-19 virusuna qarşı peyvəndlənmə prosesində növbə onlara da çatacaqmı və bu nə zaman olacaq? Məsələn, Böyük Britaniya hökuməti evsiz-eşiksiz insanların koronavirusa qarşı peyvənd olunması məqsədilə 28 milyon funt sterlinq (37 milyon ABŞ dolları) ayırıb.
Bəs Azərbaycan özünün bu cür vətəndaşlarını hansı zaman kəsiyində peyvəndə cəlb edəcək? Dünyanın qabaqcıl təcrübələrini tətbiq etmək yaxşı haldır və Bakı hökuməti də belə bir addım atmaq üçün vəsait ayıra bilərmi? Əslində daha düzgünü, ilk olaraq (həkimlərdən sonra) onları peyvənd prosesinə cəlb etmək deyildimi? Ümumiyyətlə götürdükdə, paytaxt Bakıda nə qədər evsiz-eşiksiz insan var?
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) sorğu göndərsək də, qurumdan bildirildi ki, paytaxt Bakıda nə qədər evsiz-eşiksiz, küçələrdə yaşayan insanların olduğu haqda məlumat və onlarla bağlı iş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin səlahiyyətindədir. Təəssüf ki, adıçəkilən nazirlikdən də eyni cavabı aldıq. Bildirildi ki, nazirlik yalnız onun tərkibindəki sığınacağa yerləşdirilən insanların sayı ilə bağlı statistika təqdim edə bilər: “Peyvəndlənmə ilə bağlı məsələ isə bizim səlahiyyətimizdə deyil”.
Eləcə də Operativ Qərargahdan da bildirildi ki, “bu məsələ onların səlahiyyətində deyil, peyvəndləmə prosesinə TƏBİB nəzarət edir”.
TƏBİB-dən isə verilən cavab bu cür oldu:
“Peyvəndləmə prosesi sırf kimlərsə bağlı deyil. Əgər əvvəllər proses yaş həddinə görə müəyyənləşirdisə, indi hər bir Azərbaycan vətəndaşı müraciət edərək, peyvənd oluna bilər. Bəzi vətəndaşlar hətta səyyar peyvəndləməyə də müraciət edir. Kimisə ”gəlin peyvənd olunun”, deyə məcbur etmək olmaz ki. Bir daha qeyd edirik ki, peyvəndləmə könüllü şəkildədir, kim istəsə müraciət edər bilər”.

Musa Quliyev
Millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev qeyd etdi ki, sosial vəziyyətindən asılı olmayaraq, heç kəs peyvəndləmə prosesindən kənarda qalmamalıdır: “Bu çox aktual məsələdir. Çalışmaq lazımdır ki, peyvəndləmədən heç kəs kənarda qalmasın. Təbii ki, bu da maarifləndirmə, inandırma yolu ilə baş verməlidir və məcburi ola bilməz.
Amma evsiz-eşiksiz insanlar küçələrdə yaşadığından bilmək olmur ki, onlar gün ərzində nə qədər insanla ünsiyyətdə olur, kimlərlə görüşür, sağlamlığı nə yerdədir. Hesab edirəm ki, qaldırdığınız məsələ çox ciddidir. Amma bunun bir mexanizmi olmalıdır. Aydınlaşmalıdır ki, bu məsələ ilə bağlı ƏƏSMN, yoxsa yerli icra hakimiyyəti orqanları məşğul olmalıdır. Əlbəttə ki, vətəndaşın evi var, ya yoxdur, hansı həyat tərzi keçirir, bu ikinci məsələdir. İlk növbədə onların da sağlamlığını düşünmək lazımdır.
Düşünmürəm ki, Azərbaycanda bu cür insanların sayı çoxdur. Hər halda, bu məsələni qaldırmaq lazımdır. Eləcə də mən də bu işlə məşğul olub, araşdırmağa çalışacam ki, bu məsələ hansı qurumun səlahiyyətindədir. Əlbəttə ki, heç kəs kənarda qalmamalıdır”.

Zülfüqar Yusifov
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov qeyd etdi ki, küçələrdə, evsiz-eşiksiz yaşayan insanların da peyvənd olunması olduqca vacibdir: “Sosial statusundan asılı olmayaraq hər bir vətəndaş peyvənd olunmalıdır. Peyvəndləmə prosesi ümumi milli təhlükəsizlik məsələsidir. Burada istənilən fərdin, xüsusən də davamlı olaraq yataq yeri olmayan, mütəmadi şəkildə cəmiyyətin müxtəlif təbəqələri ilə ünsiyyətdə olan insanlardan söhbət gedirsə, əlbəttə ki, onların da peyvənd olunması ümumi prosesin xeyrinə olardı və bu, olduqca vacibdir”.

