İlham Əliyev XXI əsrin Liderlik nümunəsidir
Prezident İlham Əliyev artıq on səkkiz ildir ki, müstəqil Azərbaycan Respublikasına uğurla rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan dövlətinin sükanı arxasına keçərkən həll etməli olduğu məsələlər çox genişmiqyaslı idi. Ermənistanın işğalçılıq siyasəti, böyük dövlətlərin maraqları, ikili standartlar və digər amillər keçid dövrünü xüsusilə qəlizləşdirirdi. Çoxları sual verir ki, Prezident İlham Əliyev 18 il ərzində yetərincə mürəkkəb geosiyasi regionda Azərbaycana uğurla rəhbərlik etməyə və onu inkişafa aparmağa necə nail olur? O, ölkəsinin dövlətlər arası qarşıdurmalardan yan keçməsinə, iqtisadi və siyasi sabitliyi necə təmin edib? Xüsusilə XXI əsrdə ölkənin ərazi bütövlüyünü hərbi yolla təmin etsin, hətta beynəlxalq arenadan dəstək alsın? Düşünürük ki, xalqına arxalanaraq qətiyyətli, inamlı addımlar atan, düzgün qərarlar verən ölkəsinin maraqlarını daim mətinliklə, cəsarətlə qoruyan Prezident İlham Əliyev öz qurucu fəaliyyəti ilə bütün bu suallara cavab verir.
Cənab İlham Əliyev tələb edir ki, xalq rifahı yüksək olsun, vətəndaşlar məmnun qalsın, çalışır ki, insanların layiqli həyat səviyyəsi təmin edilsin. Vətəndaşlarla görüşündə hər dəfə qeyd edir ki, “Xalq bizə etimad göstərib və biz hər gün bu inamı və etimadı doğrultmalıyıq”.
Tez-tez respublikanın regionlarına səfərlər edən, sənaye, kənd təsərrüfatı və mədəniyyət obyektlərinin, tibb mərkəzlərinin, məktəb binalarının, qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin və yaşayış evlərinin istifadəyə verilməsi mərasimlərində iştirak edən Prezident ölkədə vəziyyət barədə hərtərəfli məlumata malikdir. O, əhali ilə yaxın ünsiyyətdə olur, necə deyərlər, ilk mənbədən məlumat alır, bu isə insanların əhval-ruhiyyəsini, onların problemlərini öyrənməyə imkan verir. Çox zaman nəzərinə dəyən problemlər elə yerindəcə həll olunur. Prezidentin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə minlərlə vətəndaşımızın zərəri kompensasiya edilməklə xalqın maraqları bir daha təmin edilmişdir.
Prezident İlham Əliyevin islahatlarda məqsədi təkcə mövcud təsisatların yenidən təşkili, mobilləşdirilməsi deyil, həm də yeni təsisatlar yaratmaq, ölkənin iqtisadi, maliyyə, investisiya axımının, turizmin, sosial təminat, enerji, qaz, su təchizatının, yol infrastrukturunun, qeyri-neft sektorunun, sahibkarlığın, ixracın, vergi-gömrük, tikinti, təhsil, idman və digər sahələrin tərəqqisinə nail olmaq, mövcud maneələri aradan qaldırmaqdır. Məsələn, “ASAN xidmət” mərkəzlərinin işə başlaması ilə dövlət xidmətlərinin təqdim edilməsi zamanı neqativ hallara yol aça biləcək əlverişli şərait aradan qaldırıldı, Turizm Agentliyinin yaradılması, viza prosedurlarının sadələşdirilməsi, xüsusilə “ASAN xidmət” vasitəsilə idarə edilən elektron vizanın tətbiq edilməsi ilə ölkəyə gələn turistlərin sayının ən azı 3 dəfə artımına nail olundu, “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına və xarici bazarda rəqabətliliyin artmasına səbəb oldu, “bir pəncərə” sisteminin tətbiqi biznesin qurulması üçün qeydiyyat prosedurlarının sayının azaldılması, tikinti işlərinin aparılmasına icazələrin alınmasının, mülkiyyətin qeydiyyatının, vergi və güzəştlərin ödənilməsinin, gömrük prosedurlarının şəffaflaşması ilə nəticələndi. Demokratik islahatlar nəticəsində iqtisadi böhranlardan, beynəlxalq təzyiqlərdən və pandemiyanın yaratdığı çətinliklərdən ciddi zərər görülmədi və üstəlik Azərbaycanın investisiya cəlbediciliyi günü-gündən artmaqdadır. Təkcə 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,636 mlrd. ABŞ dolları təşkil edib. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələrdə fəaliyyət göstərən 9000-dən çox şirkəti qeydiyyatdan keçib.
Aparılan bütün islahatların beynəlxalq hüququn ümumi prinsiplərinə söykənən qanunvericilik bazası yaradılmış, xüsusilə fərdlərin məhkəməyə çatımlılıq hüququnun təmini məqsədi ilə məhkəmə tənzimləməsi standartları yaxşılaşdırılmış, “Mediasiya haqqında” Qanun qəbul edilmiş, habelə “elektron hökumət” in davamı olaraq “elektron məhkəmə”, “elektron icra”, “elektron prokurorluq” və s. sistemlər yaradılmaqla ölkədə vahid informasiya axımına nail olunmuşdur.
Aparılan islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinə müsbət təsir göstərib. Məsələn, Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb.
Dövlətçiliyin səmərəliliyi, hazırkı və gələcək iqtisadiyyatın davamlı inkişafı, siyasi modernləşmə, ordunun gücləndirilməsi, beynəlxalq aləmdə təşəbbüskarlıq kimi Cənab Prezidentin vəhdət təşkil edən əsas beş fəaliyyət istiqaməti olduğunu deyə bilərik. Artıq bu gün Azərbaycan şaxələndirilmiş iqtisadiyyat sisteminə malikdir. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb ki, bütün bunlar iqtisadiyyatda, o cümlədən aqrar sahədə ixrac üçün sənaye məhsullarının istehsalını yüksək sürətlə artırmışdır. Verilən güzəştlər və dövlət yardımı pambıqçılıq, taxılçılıq, ipəkçilik, üzümçülük, çayçılıq, tərəvəzçilik, çəltikçilik və arıçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Badam, fındıq, sitrus, xurma, zeytun, qoz, nar və digər meyvə bağlarının sahəsi xeyli genişlənib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb. Tikilən elektrik stansiyaları nəticəsində Azərbaycan qonşu ölkələrə elektrik enerjisi də ixrac etməyə başlayıb.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəinki ölkəni habelə Qafqaz regionunu inkişaf etdirir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı region ölkələri üçün yeni iqtisadi perspektivləri yaradır. Bu gün ölkəmiz regionun siyasi mənzərəsini dəyişən möhtəşəm layihələrin təşəbbüskarıdır. Ölkəmiz artıq Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycanın iştirakı ilə yeni bir tarix yazılır. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin mətin və qətiyyətli addımlarının nəticəsidir. Beynəlxalq tərəfdaşlar Azərbaycanın gələcəyinə inanır, ölkəmizə, dövlətimizin rəhbərinə etibar edir. Azərbaycanla bağlanmış tərəfdaşlıq müqavilələrinin müddətinin zamanla uzadılması bu inamın, güvənin ifadəsidir. Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib: ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirən, dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, 2014-cü il sentyabrın 20-də təməli qoyulmuş Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasına başlanıb. Bu layihənin əsasını təşkil edən Qədim İpək Yolunun bir xətti olaraq şərqlə qərbi birləşdirəcək Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da rəsmi açılışı olub. Bakı-Tibilisi-Qars dəmir yolu, cənub – şərqi Asiya ölkələrindən və Hindistandan tutmuş tranzit yüklərin İran vasitəsilə Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal Cənub Ticarət Dəhlizi kimi layihələr, Xəzər hövzəsinin Ələt zonasında regionda ən boyük Beynəlxalq Ticarət Limanının tikintisi bu sahədə yeni eranın təməlini qoydu. Belə nəqliyyat dəhlizləri dəqiq hesablamaların nəticəsidir və alternativ dəhlizlərə münasibətdə daha sərfəlidir. Belə ki, “Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan “Şərq-Qərb nəqliyyat dəhlizi”nin tranzit müddəti 15 gündür. Bütün bu layihələr Prezident İlham Əliyevin şəxsi təşəbbüsünün məhsuludur. Bu layihələrin icrası əsasında Azərbaycan üzərindən daşınacaq yüz milyonlarla ton yüklər ölkəmizə milyardlarla dollar valyuta axınını təmin edəcəkdir. Prezidentin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqət mərkəzində olan ən böyük transmilli layihə Cənub Qaz Dəhlizi layihəsidir. “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Artıq Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildən Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollardır. Bu layihə Prezident İlham Əliyevin şah əsərindən biridir. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təzyiqlərə baxmayaraq İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcılarının sıx əməkdaşlığını tələb edən bu Transmilli Layihənin sükanını öz əlinə aldı. Bu, əsrin ən böyük enerji layihəsidir.
Prezident İlham Əliyevin siyasəti nəticəsində beynəlxalq aləmdə Azərbaycan Respublikasının Qafqazın lider dövləti, Avropa dövlətlərinin etibarlı tərəfdaşı, multikultural dövlət, idman ölkəsi kimi müsbət imic formalaşmışdır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir. 2015-ci ildə isə bütün dünyanı heyran edən Birinci Avropa Oyunlarının, daha sonra Dördüncü İslam Oyunlarının, 2017-ci ildə Formula 1 Azərbaycan Qran-Pri yarışlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Ən yüksək səviyyədə keçirilən bu tədbirlər eyni zamanda Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticələri göz qabağındadır. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, YUNESKO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin Bakıda keçirilməsi nəticəsində ölkəmizin paytaxtı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi arenalardan birinə çevrilmişdir. Rusiya-NATO əməkdaşlığı ilə əlaqədar danışıqların davamlı şəkildə Bakıda aparılması faktı Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil xarici siyasətinin göstəricisidir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.
Azərbaycan Prezidenti həm də ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edən Lider kimi tanınır. Özündə 120 dövləti birləşdirən və dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin sədrlik etməsi, sədrlik müddətinin daha bir il uzadılması istəyi də ölkəmizin beynəlxalq nüfuzundan qaynaqlanır. Xüsusilə BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamə qəbul olunması Azərbaycanın və onun liderinin təşəbbüsləri ilə reallaşdı və bu Onun nəinki öz xalqının, habelə digər xalqların haqqını müdafiə etmək imkanına qadir olduğunu göstərdi. Öz fəaliyyəti ilə İlham Əliyev müasir dövrdə örnək ola biləcək liderlik nümunəsinə çevrilib.
Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev həm döyüş, həm də siyasi meydanda qalib olmağı bacardı. İlham Əliyev Qoşulmama Hərəkatına (QH) sədrlik etməklə BMT-də söz sahibi rolunda çıxış etməyə nail olur. Prezident İlham Əliyevin siyasətinin nəticəsi idi ki, Vətən Müharibəsi dövründə QH üzvlərinin güclü siyasi həmrəyliyini və dəstəyini hiss etdik.
Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı bir-birinin ardınca verilən sualları dörd dildə cavablandırmaqla dünya mətbuatının rəğbətini də qazandı. Bir çox jurnalist ilk dəfə bir prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olduqlarını və Prezidentin rekorda imza atdığını dilə gətirdilər. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmışdır.
Cənab İlham Əliyev öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır. Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi müsbət cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portretində tapa bilir.
Prezident İlham Əliyevin yaratdığı yeni reallıq bütün regionun siyasi və iqtisadi mənzərəsini, habelə ölkənin statusunu dəyişdirmişdir. Böyük Qələbənin, Şanlı Zəfərin nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük qayıdış çərçivəsində reallaşdırılacaqdır. Qarabağ “yaşıl enerji” zonasına çevriləcəkdir. “Ağıllı kənd” layihəsi isə artıq reallaşmaqdadır.
Ümummilli Lider Heydər Əliyev kimi Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün etdikləri bitib-tükənməzdir. Bu gün əminliklə söyləmək olar ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı daha da irəliyə aparacaq! Azərbaycan xalqının öz rəhbərinə inamı sonsuzdur!
Şükufə Məmmədova,
Abşeron Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

