Məktəblərdə şagirdlərə qarşı şiddət niyə azalmır – rəylər
Müəllimlərin şagirdlərə qarşı şiddət göstərməsi faktları azalmır. Tez-tez belə hadisələr sosial şəbəkələrdə, mediada yayılır.
Maraqlıdır ki, bəzən ziyalılar arasında da bu cür davranışları dəstəkləyənlər var və onları anlamaq olmur.
Məlum məsələdir ki, uşağa əl qaldırmaq cinayətdir. Heyvan balasına işgəncə olunanda buna dözmək mümkün olmur, onda qalmış insan olsun. Bəs niyə uşaqların döyülməsinə, təhqir edilməsinə, şəxsiyyətinin formalaşdığı vaxtda aşağılanmasına dözürük? Bunu dəstəkləmək cinayəti, vəhşiliyi dəstəkləmək demək deyilmi?
Bu bir faktdır ki, Azərbaycanda təhsildə mədrəsə ənənəsi qalmaqda davam edir. Yəni mədrəsədən qalan qamçını, şallağı qapaz, şillə və çubuq əvəz edir.
Bəs Qərbdə necədir? Qərb ölkələrində müəllim heç də fenomenləşdirilmir. Müəllim sinfə daxil olanda uşaqlar ayağa qalxmır, şagird dərsini öyrənməyəndə döyülmür. Azərbaycanda isə şagirdə şiddət hələ də davam edir.
Mövzu ilə bağlı millət vəkili Musa Qasımlı “Yeni Müsavat”a danışıb:
“Bütövlükdə təhsil sistemində öyrədən qarşısında oturana şəxsiyyət kimi yanaşmalıdır. Heç bir zaman şagirdi döymək, onu təhqir etmək olmaz. Bu, həm qanunlarla qadağandır, həm də şagirdi sındırmaqdır. Əgər hansısa müəllim düşünürsə ki, sinifdə olan bütün şagirdlər alim olacaq, həmin müəllim yanılır. Müəllim sinifdə şagirdlərə fərdi yanaşmalıdır. Şagirdlərin bəzisi humanitar, digər qismi dəqiq elmləri sevir və ona üstünlük verirlər. Müəllimin fərdi yanaşması olmalıdır. Müəllim əgər sinifdəki şagirdini fərdi tanımırsa, demək ki, müəllim deyil. Müəllim dərsə başlamazdan əvvəl sinifdəki şagirdi tanımalıdır. Müəllim tərəfindən şagirdin döyülməsi halları aşağı-yuxarı bir çox ölkələrdə var. Məsələn, Amerika prezidenti olmuş Dvayt Eyzenhaver məktəbli olarkən atası onun üçün müəllim tutmuşdu. Lakin Eyzenhaver dərslərindən bir qədər geriyə qalır. Atası bundan xəbər tutanda onu əzişdirir.

Musa Qasımlı: “Şagirdi döymək, onu təhqir etmək həm qanunlarla qadağandır, həm də şagirdi sındırmaqdır”
Anası bunu görməməzliyə vursa da, kiçik bacısı atasının əllərindən tutub deyir: “Heç iti də belə döymürlər”. Bu misalı ona görə çəkirəm ki, təhsil təkcə müəllimin, Təhsil Nazirliyinin deyil, eyni zamanda cəmiyyətin, ailələrin də işidir. Valideyn mütəmadi olaraq məktəblə əlaqə saxlamalı, övladının necə təhsil almasını öyrənməlidir. Məktəb-valideyn ünsiyyəti, əlaqəsi güclü olmalıdır. Müəllim sinfi küncdə saxlaya bilməz. Əgər müəllim sinfi ağır, psixoloji mühitdə saxlayırsa, bu zaman dərsin heç bir anlamı olmur.
Bizim təsilimizə ən müasir tədris üsulları, müəllim məharəti gəlməlidir. Müəllim sinfə, auditoriyaya ürəyini verməlidir.
Daha bir məsələ, əgər məktəb direktorları, rəhbərliyi yerində deyilsə, tədris heç bir zaman yaxşı qurula bilməz. Bu gün bir sıra məktəblərdə olan problemlərin başlıca səbəblərindən biri məhz məktəbi idarə edənlərin yerində olmamasıdır”.
Təhsil eksperti Kamran Əsədov isə mövzuya bu cür şərh bildirdi:
“Müəllim və tərbiyəçi xalqımızın müstəqil dövlət quruculuğunda sədaqətlə çalışan ziyalılarımızın ən böyük və ən qabaqcıl dəstəsini təşkil edir. Azərbaycan müəlliminə və tərbiyəçisinə vətənimizin gələcəyi olan gənc nəslə tərbiyə vermək kimi şərəfli və strateji əhəmiyyətə malik bir iş tapşırılıb. Müəllim və tərbiyəçinin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Öz üzərində işləyən müəllim və tərbiyəçi pedaqoji işdə, eləcə də ictimai həyatda çox fəal rol oynayır. Böyük çex pedaqoqu Y.A.Komenski sinifdə dərs deyən müəllimi şüa saçan günəşə bənzətmişdir. Günəş öz şüası ilə canlı aləmə həyat verdiyi kimi, müəllim də öz saçdığı bilik şüası ilə gənc nəsli həyata hazırlayır.

Kamran Əsədov: “Məktəblərə rəhbərlik edənlərin böyük əksəriyyəti bu vəzifəyə təhsili inkişaf etdirmək, layiqli vətəndaş yetişdirmək yox, öz maddi vəziyyətlərini düzəltmək üçün gəlirlər”
Məktəbdə, eləcə də uşaq bağçasında tərbiyə və təlim işinin bütün müvəffəqiyyət və nöqsanları müəllim-tərbiyəçi işinin nəticəsi kimi qiymətləndirilir. Buna görə də müəllim-tərbiyəçi tərbiyə və təlim işində başlıca simadır.
Zaman artıq yeni təfəkkürü, yeni təhsilidarəetmə, şagirdə və məktəbə modern münasibəti istəyir. Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində yürütdüyü məqsədyönlü siyasət ölkəmizdə modern düşüncəyə, yeni dünyəvi təfəkkürə, eyni zamanda milli-mənəvi dəyərlərə, şüura əsaslanan təhsil strategiyasını həyata keçirmək, insan kapitalını inkişaf etdirmək, intellekt resurslarını artırmaq üçün kifayət qədər geniş imkanlar verir.
Aydındır ki, məktəb və məktəbdaxili psixoloji mühit heç zaman cəmiyyət həyatından təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz. Müxtəlif kənar düşüncə və əqli xüsusiyyətləri, xarakter və xasiyyətləri şagirdlər özləri ilə istər-istəməz məktəb mühitinə daşıyır. Bu mənada təhsil, təlim və tərbiyə müəssisəsi olaraq məktəb müxtəlifliyin burulğanında fəaliyyət göstərən təfəkkürlər, davranışlar və xarakterlər qalereyasına çevrilir. Eyni zamanda bu proseslər məktəb rəhbərliyi üçün idarəetmə cəhətdən geniş imkanlar açır.
Təəssüflər olsun ki, hazırda ölkədə fəaliyyət göstərən 4472 orta məktəbin heç də hamısı müasir çağırışlara cavab vermir. Məktəblərə rəhbərlik edənlərin böyük əksəriyyəti bu vəzifəyə təhsili inkişaf etdirmək, layiqli vətəndaş yetişdirmək yox, öz maddi vəziyyətlərini düzəltmək üçün gəlirlər.
Məktəb sabahın vətəndaş emalçısıdır və bu fikrin düsturunu ümummilli liderimiz Heydər Əliyev öz fəaliyyəti, mükəmməl insani və idarəetmə keyfiyyətləri ilə yaratmış, Azərbaycan vətəndaşında müasir düşüncənin, təfəkkürün önündə getmək missiyasını üzərinə götürmək prinsiplərini aşılamışdır. “Məktəbin, müəllimin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır” ifadəsi müasir məktəbin ideoloji və fəaliyyət istiqamətini müəyyənləşdirir.
Aydındır ki, məktəb və məktəbdaxili psixoloji mühit heç zaman cəmiyyət həyatından təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz. Müxtəlif kənar düşüncə və əqli xüsusiyyətləri, xarakter və xasiyyətləri şagirdlər özləri ilə istər-istəməz məktəb mühitinə daşıyır. Bu mənada təhsil, təlim və tərbiyə müəssisəsi olaraq məktəb müxtəlifliyin burulğanında fəaliyyət göstərən təfəkkürlər, davranışlar və xarakterlər qalereyasına çevrilir. Eyni zamanda bu proseslər məktəb rəhbərliyi üçün idarəetmə cəhətdən geniş imkanlar açır. Məktəb bütün əldə olan resurs və vasitələrdən səmərəli şəkildə istifadə edərək bu müxtəlifliyi lazım olan məcraya yönəltməyi bacarmalıdır. Müasir nümunəvi məktəb şagird marağını və məmnunluğunu maksimum təmin etməyə çalışmalı, şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirərək cəmiyyətin inkişaf tempinə və tələblərinə cavab verən insan-vətəndaş formalaşdırmalıdır. Bunun üçün strateji hədəflər müəyyənləşdirilməli, beynəlxalq əlaqələr minimum maddi vəsait hesabına ən azından internet resursları vasitəsilə həyata keçirilməli, şagirdlərin marağına cavab verən dərslər təşkil olunmalıdır. Şagirdə, əslində yeni düşüncə keyfiyyətlərinə malik modern insana əvvəlki üsul və metodlarla yanaşma sözün bütün mənalarında cücərən bu beynin sıradan çıxmasına gətirib çıxarar. Müəllim yeniliyi şagirddən əvvəl mənimsəməli, onun maraq və istəklərini təmin etməli, təhsil strategiyamızın müddəalarını ardıcıl, sistemli və məqsədəmüvafiq formada aşılamalıdır”.

Günel Səfərova: “Şiddətsiz təhsil sistemi istəyiriksə, cəmiyyətdə və ailədə də zorakılıq aradan qaldırılmalıdır”
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə qeyd edib ki, şiddət əslində bütün dünyada baş verir:
“Çox təəssüf ki, şiddət universal bir şeydir. Azərbaycan məktəbində şiddət məsələsinə gəldikdə, bu şiddətin qurbanları da, onu törədənlər də bu cəmiyyətin bir parçasıdır. Yəni müəllimi də, şagirdi də bu cəmiyyət yetişdirib. Təəssüflər olsun ki, şiddət davam edən bir sistemdir, yəni şiddətin özü də şiddət törədir. Bir çox hallarda zorakılığın qurbanları sonradan özləri zorakılıq törədənlərə çevrilirlər.
Ola bilsin ki, əvvəllər məktəblərdə baş verən zorakılıqlar bugünkündən daha çox olub. Özümüzü hansısa planetdən gəlmiş kimi aparmayaq. Gizlin deyil ki, hər birimiz məktəb zamanlarında müxtəlif formalarda fiziki və yaxud psixoloji zorakılığa, etinasız yanaşmağa məruz qalmışıq. Təəssüflər olsun ki, müəllimlərimiz illərlə şagirdlərə qoyun, “tupoy” deyib, qışqıraraq idarə etməyə çalışıb. Yəni şagirdə münasibət sanki yuxarıdan-aşağıya münasibət olub. Öyrətmə sistemində isə nə individual yanaşma, nə də şagirdlə dost olunmağa çalışılıb, sevgi əvəzinə şiddət metodu təlim-tərbiyə metodu seçilib.
Əlbəttə ki, hər bir məktəb, hər bir müəllim də bu cür deyil. Gördüyümüz faktlar elə də böyük bir faizi təşkil etmir. Sadəcə, indiki dövrdə bunu meydana çıxartmaq, müzakirəyə qoymaq mümkündür. Yəni texniki vasitələr buna imkan yaradır.
Təhsil Nazirliyinin özünün marağı olmasaydı, “Məktəblinin dostu” layihəsini yaratmaz, bütün məktəbi kamera sistemi ilə təchiz etməzdi. Yəni nazirlik məktəbi qapalı qurum formatından çıxartmağa çalışır.
Biz o zaman problemin həllinə nail olacağıq ki, icma əsaslı valideynin də bu prosesdə iştirak etdiyi bir metodu formalaşdıraq.
Çox təəssüf ki, sosial şəbəkələrdə, özümüzün də apardığımız müzakirələrdə bəzən valideynlər deyir ki, “bizi də zamanında məktəbdə döyüblər”. Gəlin bu gün cəmiyyətdəki psixoloji vəziyyəti, insanların bir-birinə olan aqressiyasını qiymətləndirək. Bəlkə də bütün bunlar zamanında alınmış həmin travmaların nəticəsidir.
Bəli, biz şiddətsiz təhsil sistemi istəyirik. Amma bu, cəmiyyətdə və ailədə də aradan qaldırılmalıdır ki, nəticədə təhsil müəssisəsində də olmasın”.

