Gündəm 

Türkiyə-Ermənistan danışıqlarında ilk addım atıldı – ardınca nələr olacaq?

Rusiya bu prosesdə hansı roldadır; “Kreml istəməsəydi İrəvan Ankara ilə danışıqlara başlamazdı, xüsusi nümayəndə ayırmazdı, ilk danışıqların Moskvada keçirilməsi baş tutmazdı”

Türkiyə və Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan apardıqları danışıqlardan sonra ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və qeyri-siyasi şəkildə dialoq aparmağa razılaşıblar. Ötən həftə baş tutan bu görüş tərəflər arasında ilk təmasdır. Görüş 1,5 saat davam edib.

Xatırladaq ki, Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Həmçinin Ermənistan Türkiyəni (Osmanlını) 1915-ci ildə erməni əhaliyə qarşı soyqırım həyata keçirməkdə ittiham edir.

Ermənistanın Azərbaycana qarşı da torpaq iddiaları və ərazi işğalı var. Hazırda da Azərbaycanın müəyyən əraziləri Ermənistan tərəfindən işğalda saxlanır. Bu durumda Ankara ilə İrəvan arasında danışıqların perspektivi necə görünür? Türkiyə ilə sərhədlərin açılması, siyasi-diplomatik və iqtisadi əlaqələrin bərpası üçün  Ermənistan referendum keçirib konstitusiyasından o maddəni rəsmən silməli, soyqırım iddiasından əl çəkməli, Azərbaycana qarşı revanşist siyasətdən imtina etməli, işğalda saxladığı əraziləri boşaltmalı, Zəngəzur dəhlizinin açılmasını əngəlləməkdən vaz keçməlidir. Prezident R.T.Ərdoğan Türkiyənin Ermənistanla sərhədləri açmasının şərtlərinin bir qismi kimi bunları deyib. Xüsusilə də Azərbaycanla bağlı Ermənistanın tutduğu mövqedən imtinasını qabardıb. Ya Ermənistan bu şərtlərə uymalıdır, ya da Türkiyə Ermənistanın ona qarşı ərazi iddialarını və soyqırım şərləmələrini gözardı etməlidir. Bunlar olmadan Ankara ilə İrəvan arasında münasibətlərin yaranması mümkün olacaqmı?

Rusiya beynəlxalq məsələlər şurasının baş direktoru Andrey Kortunova görə, Rusiya Ermənistanla Türkiyə arasında yaranmaqda olan əməkdaşlığı praktiki müstəviyə keçirmək üçün tərəflərə Cənubi Qafqazda logistika şəbəkəsinin inkişafı layihələrini təklif edə bilər. Onun qənaətinə görə, bu, yalnız Ermənistan və Türkiyəyə deyil, həm də Ankara ilə fəal ticarət aparan Rusiyanın cənub regionlarına da fayda gətirəcək.

Rusiya Türkiyə ilə Ermənistanın əlaqələrinin qurulmasında maraqlıdırmı?

Xəyanət ittihamı və boşanma tələbi ilə gündəmə gələn Rza Zərrabın məhkəməsi  nə yerdədir?

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, hər halda, Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin yaranmasına tərəfdar kimi görünür: “Ən azından rəsmilər, Xarici İşlər Nazirliyinin sözçüsü və eləcə də prezident Vladimir Putinin özü bir neçə dəfə təkrarlayıb. Onların fikrincə, kommunikasiya vasitələrinin açılması həm bölgənin rifahı üçün, həm də Rusiyanın özünün geostrateji maraqları üçün əlverişli perspektivlər aça bilər. Doğrudan da bunu Moskva deməsə də belə, görünür ki, dəmir yolu xətlərinin, eləcə də şose yollarının açılması Rusiyanın Yaxın Şərqə doğru, çox geniş bir regiona doğru açılımını və əlaqələr qurmasını xeyli sürətləndirəcək. Bu, Rusiyaya da həddən artıq lazımdır”.

Politoloq qeyd etdi ki, Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması üçün həllini gözləyən xeyli mürəkkəbliklər var. Bunların da hamısı Ermənistandan qaynaqlanır. Ermənistan Türkiyəyə qarşı əsası olmayan, heç bir qonşuluq münasibətlərinə xeyir gətirməyən absurd iddialar irəli sürür. Ərazi iddiaları, qondarma “erməni soyqırımı” iddiaları bu sırada öndə gəlir: “Bu məsələdə Ermənistanı Fransa və digər bəzi Avropa dövlətləri dəstəkləyir, erməniləri həvəsləndirirlər. Yəni Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasına həm də Fransa kimi ölkələr mane olur. Regionda yeni reallıqların yarandığı və Moskva-Ankara münasibətlərində güclü əməkdaşlıq mühiti qurulduğu üçün artıq Rusiyanı Ermənistan-Türkiyə münasibətlərində pozucu tərəf adlandırmaq olmaz. Əksinə, Rusiya münasibətlərin qurulmasında maraqlı tərəf kimi görünür və çıxış edir. Kreml istəməsəydi, İrəvan Ankara ilə danışıqlara başlamazdı, xüsusi nümayəndə ayırmazdı, ilk danışıqların Moskvada keçirilməsi baş tutmazdı.

Hələlik Ermənistanla Türkiyə arasında danışıqlarda kommunikasiyaların qurulması məsələsi müzakirə edilir. Siyasi şərtlər irəli sürmədən danışıqların davam etdiriləcəyi barədə qərara gəlinməsi də bunu göstərir. 14 yanvar görüşü birinci addım idi. Birinci addımda müəyyən etimad mühitinin yaradılması vacib idi. Amma mən inanmıram Ankara Ermənistandan Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarından əl çəkməsini tələb etməyəcək”.

Q.Hüseynli xatırlatdı ki, həmçinin Türkiyənin Ermənistan qarşısında qoyduğu başqa şərtlər də var. Bu şərtlərə Ermənistanın Azərbaycan ərazilərinə iddialardan əl çəkməsi, Zəngəzur dəhlizinin açılması da daxildir. Ermənistanın bütün bu şərtlərin bəzilərindən, məsələn, “erməni soyqırımı” iddiasından tamamilə əl çəkəcəyi real görünmür: “Müəyyən yumşalmalara isə gedə bilər. Ermənistan konstitusiyasında bəzi dəyişikliklər etmək istəyir. Gündəliyə Ağrı dağı ilə və dövlət gerbi ilə bağlı məsələnin çıxarılması da mümkün ola bilər. Yəni Ağrı dağının şəklinin Ermənistanın dövlət gerbindən çıxarılmasına xalq  ”yox” deyəndən sonra İrəvan Ankaraya “biz istədik, xalq istəmədi” cavabını verə bilər. Bu cavabın Ankaranı qane edib-etməyəcəyi barədə isə dəqiq fikir söyləmək çətindir. Hər halda, tərəflər, məncə, bir-biri ilə kompromisə getməyə çalışacaqlar.

Zəngəzur dəhlizinin açılması şərti isə Ermənistan tərəfindən böyük ehtimalla qəbul ediləcək”.

Daha çox xəbərlər