Ərzaq təhlükəsizliyi həyati əhəmiyyətli məsələdir
Prezident İlham Əliyev ölkəmizdə bu sahədə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib
Ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsidir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Bütün ölkələrdə ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Belə ki, bu problemin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir.
Ölkəmizin başçısı daim vurğulayır ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi həyati əhəmiyyətli məsələdir. 2022-ci il yanvarın 12-də yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bildirib ki, bu məsələ ilə bağlı vacib addımlar atılır: “Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir. Mən demək olar ki, gündəlik formatda bu işlərlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram”.
Bütövlükdə əhalinin qidalanma səviyyəsi ölkənin ümumi iqtisadi inkişafının səviyyəsini xarakterizə edir. Son illər ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində böyük uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş Dövlət proqramları regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac verib. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Belə ki, son 15 il ərzində ölkəmizdə meyvə istehsalı, o cümlədən üzüm istehsalı 2 dəfə artıb. Tərəvəz istehsalı əhəmiyyətli dərəcədə artıb. Pambıq istehsalı dəfələrlə artıb. Ölkəmizin mal əti ilə özünü təminetmə səviyyəsi təqribən 90 faiz, qoyun əti ilə 100 faizdir. Süd və süd məhsullarının istehsalı, eləcə də toyuq əti istehsalı 80 faizdir.
Bir məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, Qarabağın uzun müddət təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi kənd təsərrüfatının inkişafına mənfi təsir etmişdir. Ölkə başçısı bildirib ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı qarşımızda duran əsas vəzifələrdəndir: “Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır”.
Bu gün ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Bundan başqa, Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq buğdasına olan tələbatı ödəmək üçün xaricdə taxıl əkini üçün geniş torpaqlar icarəyə götürülməsi istiqamətində çalışmalara başlayıb. Bunu ölkə başçısı həmin müsahibəsində bildirib: “İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq – başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti bilməlidir və nə mümkünsə biz edirik”.
Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımlar atılır, irimiqyaslı layihələr həyata keçirilir. Bütün bunlar həm ölkəmizin özünütəminatına, həm də xaricdən idxala yönələn maliyə sərfinin azalmasına ciddi təsir edir. Bu sahədə görülən işlər bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan asılılığı azaltmağa, ərzaq bolluğu yaradaraq ixrac potensialına münbit şərait yaratmağa, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.

